Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının komandanlığında Azərbaycanlıların Soyqırımı Günü münasibətilə şəxsi heyətin iştirakı ilə tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində minlərlə günahsız soydaşımızın qətlə yetirildiyini bildirib. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib.
Qeyd olunub ki, bu ərazilərdə dinc əhaliyə bolşevik-erməni silahlı birləşmələri tərəfindən kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. 1918-ci il 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biri kimi tarixə yazılıb.
Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın yenidən araşdırılması və həqiqətlərin dünyaya yayılması işi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlayıb və 1998-ci il martın 26-da ulu öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycanın Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci il tarixdə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb və bu sərəncama müvafiq olaraq həm ölkədə, həm də xaricdə müvafiq tədbirlər keçirilib.
Sonda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuz azərbaycanlıların canına və qanına susayan erməni terrorçularından qisasımızı aldı. 30 ilə yaxın işğalda qalan torpaqlarımız cəmi 44 gün ərzində azad edildi. Bununla da bütün dünya Azərbaycanın dəmir yumruğunun gücünü gördü.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.