4 Aprel 2023 12:36
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat qəbul edib.

Teleqraf.com xəbər verir ki, bəyanat layihəsinin mətnini layihənin hazırlanması üçün yaradılmış komissiyanın üzvü deputat Sevil Mikayılova səsləndirib.

Bəyanatda deyilir: “Fransa parlamentinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarış qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Ermənistanla sülh sazişinin bağlanması istiqamətində beynəlxalq səylərin gücləndiyi bir vaxtda Fransa Senatının addımı revanşizmə xidmət edən bir addımdır. Milli azlıqların hüquqlarını qorumaqdan yayınan Fransanın Azərbaycandakı erməni azlıqla bağlı canfəşanlıq göstərməsi yolverilməzdir. “Korsika xalqı” ifadəsi Fransa Konstitusiyasına zidd addım kimi qadağan edilib. Ancaq Fransa Azərbaycanda yaşayan bir etnik azlığı “Arsax xalqı” kimi təqdim etməyə çalışır. Azərbaycanın daxili işlərinə davamlı müdaxilə edən Fransa Senatı və Milli Assambleyanın İslam separatizminə qarşı qəbul etdiyi qanunlardan bu ölkədə azadlıqların məhdudlaşdırılması üçün kütləvi istifadə edilir. Ona görə də Fransa Senatında konfrans siyasi riyakarlığın bariz nümunəsidir. Fransanın bölgədə itirdiyi mövqeləri kobudluqla bərpa etmək cəhdləri uğursuzluğa məhkumdur. Milli Məclis Azərbaycana ədalətsiz münasibətini nümayiş etdirmiş Fransanın mövqeyini dəyişmədən Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə cəlb edilməməsi ilə bağlı hökumətə müraciət edib. Fransa tərəfinin son təxribatçı addımları şəraitində Azərbaycan parlamenti prinsipial mövqeyini bir daha əks etdirərək Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi kimi praktikadan, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı hərəkətlərdən, Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına xidmət edən addımlar atmağa çağırır”.

Çıxışdan sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

***

Milli Məclis Fransa senatının Azərbaycana qarşı son zamanlar qəbul etdiyi qərarlarla bağlı bəyanat layihəsi hazırlayacaq.

Teleqraf.com xəbər verir ki, layihənin hazırlanması üçün yaradılacaq komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər