Mayın 3-də İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi) təşəbbüsü və həmtəşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Avrasiya ölkələrində “İƏT Beynəlxalq Debat Çempionat”ları öz işinə başlayır.
Teleqraf.com xəbər verir ki, bu ilki debat çempionatlarının milli mərhələlərinin Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə keçirilməsi planlaşdırılır.
Adıçəkilən ölkələrdə İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi, Vətəndaş Cəmiyyətində Debat ictimai birliyi (Azərbaycan), Özbəkistanın Gənclər İttifaqı, Qazaxıstanın aparıcı “Amanat” partiyasının gənclər qanadı “Jastar Ruhy” (Gənclər Ruhu), o cümlədən, Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Nazirliyi və Qırğızıstan Birləşmiş Gənclər Təşkilatının təşkilatçılığı ilə bu il keçiriləcək debat çempionatlarının Azərbaycanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunması qərara alınıb.
Debat proqramının əsas məqsədi sözügedən ölkələrdə gənclərin natiqlik, kommunikasiya və liderlik bacarıqlarının artırılmasına töhfə vermək, eləcə də Heydər Əliyev şəxsiyyətinin daha geniş auditoriyada tanınmasına nail olmaqdır.
Qeyd edək ki, keçən il ərzində Avrasiyanın müxtəlif ölkələrində yüzlərlə tələbə və ekspertin iştirakı ilə keçirilən debat çempionatlarında Qarabağın bərpasında yerli yatırımların rolu, ətraf mühitin qorunması, informasiya texnologiyaları, yeni dünyada qlobal çağırışlar, beynəlxalq və regional təhlükəsizlik, süni intellekt və başqa aktual xarakter kəsb edən mövzular üzrə müzakirələr baş tutub.
Çempionatda xüsusi istedad və bacarıq nümayiş etdirmiş komandalar və gənclər pul vəsaiti ilə mükafatlandırılıb, qaliblərə medallar və xüsusi hədiyyələr təqdim olunub.