24 May 2023 22:23
15 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan yazıları” -10

İrəvanda doğulan, ABŞ-da professor adını qazanan Məhəmməd Ağaoğlunun həyatı barədə ölkəmizdə və xaricdə bir neçə məqalə qələmə alınıb. Həmin yazılarda Ağaoğlunun Azərbaycan Cümhuriyyətində, Türkiyədə, nəhayət ABŞ-da muzeyçilik, İslam incəsənəti sahəsində gördüyü işlər barədə maraqlı məlumatlar verilib.

Ötənlərdə Türkiyə mətbuatında Məhəmməd bəyin Amerikada vəfatı ilə bağlı nekroloq əldə etdik. Türkiyə arxivlərində çalışdığımız zaman isə Məhəmməd bəyin öz ata ocağı ilə bağlı Türkiyə hökumətindən yardım istədiyini gördük.

Bunlara keçməzdən öncə Ağaoğlunun həyatına qısaca nəzər salaq.

Məhəmməd Ağaoğlu 1895-ci ildə İrəvanda doğulub. 1904-1912-ci illərdə Moskvada orta məktəbi bitirib. 1914-1916-cı illərdə Moskva Universiteti nəzdindəki Lazarev Şәrq Dillәri İnstitutunda oxuyub. 18 mart 1918-ci ildә Osmanlı İmperatorluğunun 1-ci dәrәcәli hәrbi ordeni ilә tәltif edilib. Həmin il ermənilərin törətdiyi qırğınlara görə Ağaoğlu ailəsi də Bakıya gəlib. Azərbaycan hökumətində çalışan Ağaoğlu 1919-cu ildə Bakıda “İstiqlal” muzeyini yaradıb. 22 aprel 1919-cu ildə M.Ağaoğlu Daxiliyyə nazirinin katibi təyin olunub. Bolşevik işğalından sonra bir müddət Xalq Maarif Komissarlığı nəzdində kitabxana sahəsində çalışıb, 1921-ci ildə ali təhsilini tamamlamaq üçün dövlət təqaüdçüsü olaraq Almaniyaya getməsinə qərar verilib. Bir müddət İstanbulda qalan Ağaoğlu Berlindә Yena Universitetindә 1923-1924-cü illәrdә klassik arxeologiya, erkәn xristian vә Qәrbi Avropa sәnәti oxuyub. 1924-1927-ci ildə Vyana Universitetində olub. 1926-cı ildə təhsilini tamamlayıb. 1927-ci ildə İstanbula qayıdan Məhəmməd bəy burada dövlət muzeyində “Çinili köşk”dә islam mәdәniyyәti şöbәsinə rəhbərlik edib. Eyni zamanda İstanbul Universitetinin İncəsənət kafedrasının müdiri olub. Həmin il Türküstan və Azərbaycanı Öyrənmə Dərnəyinin də qurucu üzvü kimi fəaliyyət göstərib. 1928-ci ildә isə Türk vә İslam Əsәrlәri Muzeyinin müdiri vәzifәsini icra edib.

16 may 1929-cu il tarixli “Akşam” qəzetindəki məlumata görə, tələbələr universitetin arxeologiya üzrə müdərris (professor) müavini Məhəmməd Ağaoğlunun rəhbərliyində Bursaya tədqiqata gedəcəklər. Bu, onun Türkiyədəki son vəzifəsi idi. 1929-cu ildə Məhəmməd bəy ABŞ-yə gedərək Detroyt İncәsәnәt İnstitunun Yaxın Şәrq şöbәsini qurub. 1938-ci ilədək bu institutda çalışıb. Ağaoğlu 1933-1938-ci illərdə Miçiqan Universitetində də çalışıb, İslam İncəsənəti Tarixi kafedrasını qurub, eyni zamanda “Ars islamica” jurnalını təsis edib. 1935-ci il dә onun “XV әsr İran kitab cildlәri” adlı monoqrafiyası çap edilib. Məhəmməd Ağaoğlu 1949-cu ildə Detroytda vəfat edib. Məhəmməd bəy Talıbxan bəy Talıbxanbəylinin qızı Qəmər xanımla ailə qurub, Gültəkin A. Ludden adında qızları olub. Daha sonra onlar ayrılıblar. Qəmər xanım da əri kimi ABŞ-da professor ünvanı qazanıb, xalçaçılıq üzrə mütəxəssis olub.

Türkiyənin “Ulus” qəzetinin 7 iyul 1949-cu il tarixli sayında “Məhəmməd Ağaoğlunun şəxsiyyəti” başlıqlı qısa material dərc edilib. Bu materialda Ağaoğlunun həyatı barədə bəzi yeni məlumatlar öyrənirik: “Dörd həftədən bəri müalicə aldığı “Corc Vaşinqton” xəstəxanasında ölən Dr. Mehmed Ağaoğlu Yaxın Şərq sənətinin ən tanınmış nümayəndələrindən biri və İslam sənətinin ən təcrübəli, seçilmiş təmsilçisi idi. Dr. Ağaoğlu Vaşinqton Toxuculuq Muzeyində Yaxın Şərq sənəti müşaviri vəzifəsində idi. M.Ağaoğlu Qafqazda bir türk ailəsində doğulub, Moskva, İstanbul, Berlin, Vyana və İean universitetlərində milli kültür mövzusunda çalışıb. Mehmed Ağaoğlu fəlsəfə doktoru dərəcəsini Vyana Universitetində alıb. İstanbuldakı Vəqflər Muzeyinin və Detroyt Sənət İnstitutunun Yaxın Şərq şöbəsinin müdiri olub. Başqa universitetlərdə də dərs deyib. Yaxın Şərq sənəti haqqında 50 əsər yazmışdır. İldə iki dəfə çıxan “Ars İslamica” məcmuəsinin qurucusu və müəllifi idi. Öz sahəsində böyük xidmətlər göstərib. San-Fransisko tarix muzeyində İslam sənətinə dair bir sərgi açmışdır. Firdovsinin mininci ildönümü tədbirlərində Detroyt Sənət İnstitutu ilə Miçiqan Universitetini təmsil etmişdir. Tehrandakı Şərqlilər Qurultayında, Yaxın Şərq mədəniyyəti haqqındakı konfranslarda məruzəçi olaraq iştirak edib. Doktor Mehmed Ağaoğlu Dorothy Pece ilə evli idi və yoldaşı da məqalələr yazırdı”.

İrəvanda zəbt edilən ev

Türkiyə arxivlərində Məhəmməd Ağaoğlu ilə bağlı sənədlərdən aydın olur ki, o, İrəvanda qalan evinin aqibəti ilə bağlı 31 oktyabr 1928-ci ildə Türkiyə hökumətindən yardım istəyib. Demək ki, Ağaoğlu artıq Türkiyə vətəndaşıdır. Türkiyənin İrəvan konsulluğunun Xariciyyə Vəkalətinə göndərdiyi 23 fevral 1929-cu il tarixli bəlgədə yazılıb: “Dr. Ağaoğlu Mehmed bəyin İrəvanda tərk eyləmiş olduğu xanəsi haqqında Xariciyyə mürəxxəsliyindən vaqi olan istilama mövcud cavabdır: Məzkur xanənin Ermənistan Komissarları Məclisinin 29 mart 1922-ci il tarixli qərarnaməsi mucibincə hökumət tərəfindən zəbt edilmiş olduğu bildirilmişdir”.

Konsulluğun bildirdiyinə görə Ağaoğlunun evinin qiyməti 10 min rubl dəyərindədir, erməni hökuməti ev sahibi olmadığına görə 1922-ci ildə xanəni mənimsəyib. Xariciyyə Vəkaləti konsulluqdan aldığı bu məlumatı bir az geniş şəkildə Ağaoğluna bildirib. Eyni zamanda Ağaoğlunun məruz qaldığı zərərin təsbit edilməsi barədə Maliyyə Vəkalətinə də bilgi verildiyi qeyd olunub. 10 iyul 1929-cu ildə Ağaoğluna verilən növbəti cavabda komissiyanın bu tələbi yerinə yetirməsinə imkan olmadığı bildirilib. Beləliklə, çar Rusiyası dövründə mülk sahibi olan minlərlə ailədən biri kimi Ağaoğlu ailəsinin evini də bolşevik hökuməti ələ keçirib.


Müəllif: Dilqəm Əhməd