Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması qaydası”nı təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
Bu Qaydaya riayət etmək Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşları üçün məcburidir. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyimi qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə tənzimlənir.