3 İyun 2023 11:51
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akuşa nasos stansiyası “Vlaqa-7”, “Vlaqa-8” üzən və “Akuşa-2” stasionar nasos stansiyalarından ibarətdir. Ümumi su buraxma qabiliyyəti 20 kub metr /saniyədir. Bu kanal vasitəsilə Salyan rayonunun 12 kəndinin suvarılması həyata keçirilir. Kanalın uzunluğu 12 km-dir.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Akuşa-2" Salyan rayonunun əkin sahələrinin 40%-ni su ilə təmin edir:

"Kanal həmçinin Neftçala rayonunun ərazilərini 1.8 kub metr su ilə təmin edir. Ötən illərdə əsasən Mingəçevir su anbarından aşağıda yerləşən rayonlarının suvarılmasında müəyyən çətinliklər mövcud idi. Ona görə də verilmiş tapşırığa əsasən bütün rayonlar üzrə su tələbatı müəyyən ediləcək. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və Mingəçevir Su anbarından buraxılacaq suyun həcmi müəyyənləşdirilib. Dünəndən etibarən iyun ayı üzrə Mingəçevir su anbarından 160 kub metr suyun buraxılması təmin edilib. Əvvəl bu, 110 kub metr idi. Bu hazırda Salyan rayonununda hiss olunmasa da 2-3 gün ərzində su bu ərazilərə də gəlib çatacaq. Hazırda Salyan rayonunun bütün ərazilərində suvarma işləri mexaniki üsulla (nasos stansiyaları vasitəsilə) həyata keçirilir. Hazırda əkin sahələrinin suvarılmasında heç bir problem yoxdur".

Qeyd edək ki, "Akuşa-2" nasos stansiyası 1982-ci ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə tikilərək istifadəyə verilib.


Müəllif: Pərviz Qaralov