Ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna yönəldilib.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə sürüşmənin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
AAYDA bir daha yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.