18 İyul 2023 18:25
1 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çankırı valisi olmuş Mirhəmzə Kişioğlu 1907-ci ildə Şəkidə məhəllə imamı və nüfus məmuru Mirabdulla əfəndi ilə Əsmər xanımın ailəsində doğulub. Görünür, bir çox azərbaycanlı ailə kimi Kişioğlu ailəsi də rusların Azərbaycanı işğalından sonra ölkədəki ağır şərtlər altında yaşamaq istəməyib və Türkiyəyə köç ediblər.

Mirhəmzə bəy 1929-cu ildə İstanbul Oğlan Liseyini bitirib, ardınca Ankarada Mülkiyyə Məktəbinə (indiki Ankara Universiteti Siyasi Bilgilər Fakültəsi) daxil olub. Universiteti bitirdikdən sonra 29 avqust 1932-ci ildə Küçükkuyu (Ayvacık-Çanakkale) nahiyəsi müdirliyində stajını tamamlayıb, ardınca qaimməqam vəzifəsinə təyin edilib. Bundan sonra eyni vəzifəni Çumra, Kozluk, Sivrihisar, Mihalıççık, Elmalı, Vize qəzalarında həyata keçirib. 4 mart 1950-ci ildə Manisa valisinin müavini, 1953-cü ilin yanvarında isə Çankırı valisi təyin edilib. 18 yanvar 1954-cü ildə ehtiyata çıxıb. 8 aylıq müddətdən sonra Daxiliyyə Vəkaləti Məhəlli İdarələr Ümummüdirliyi I Dairə başqanlığına gətirilib. 3 avqust 1959-cu ildə eyni nazirlikdə Tədqiq Qurulu üzvlüyünə təyin edilib. Onun haqqında sağlığında yazılan bioqrafiyada 1969-cu ilin oktyabrında həmin vəzifədə çalışdığı göstərilib.

Kişioğlunun Çankırı valiliyi dövründə Millət Partiyasının Çankırı sədri Ömər Soylu sui-qəsd nəticəsində öldürülüb. Bu hadisə ilə bağlı dövrü mətbuatda Mirhəmzə bəyin bəyanatları dərc edilib. Hadisəni yaxından təqib edən, hər hansı siyasi mahiyyət daşımadığını bildirən Kişioğlu qatilin kəndində tutulmasına nail olub.

Mirhəmzə bəy 1932-ci ildə Əminə xanımla ailə həyatı qurub, iki oğlu olub. Bir az fransızca bilən Kişioğlu poçt markası kolleksiyaçılığı ilə də məşğul olub. “Milli kültür” dərgisinin 1977-ci ildə çıxan 5-ci sayında onun “Milli kültür və onun tanıdılmasında poçt markasının yeri” adlı məqaləsi dərc olunub. Mirhəmzə bəy “Əsrin dini müsəlmanlıq” adlı jurnal da çıxarıb.

Mühafizəkar görüşlü şəxs olan Kişioğlu iki kitab müəllifidir: “Atatürk ilkələri və din” (Ankara, 1965), “Tanrıya gedən yollar” (Ankara, 1965).

Mecellidoğlu Ali Çankayanın hazırladığı 8 cildlik “Mülkiyyə tarixi və mülkiyyəlilər” kitabının 5-ci cildində bu yazıda istifadə etdiyimiz bioqrafiyası və fotoşəkilləri verilib. Şəxsi kolleksiyamızda Mirhəmzə bəyin iki kitabının da imzalı nüsxəsi və bir ədəd vizitkartı mövcuddur.

Atatürk sevgisi və cəhalətlə mübarizə

Mirhəmzə Kişioğlunun müəllifi olduğu “Atatürk ilkələri və din” kitabı Türkiyənin bugünkü dövrü üçün də olduqca aktual əsərdir. Bəzi xurafatçıların Atatürk inqilablarını anlamamalarına, onun əleyhinə fikirlər yazmalarına, Atatürkü din əleyhdarı olaraq göstərmələrinə qarşı yazılan bu kitabda Mirhəmzə bəy ortaq bir yol göstərib, bu inqilabların İslamın əleyhinə deyil, əksinə İslama uyğun olduğunu əsaslandırıb. Atatürkün şəxsinə olan hücumu qınayan müəllif onun sayəsində qurtarılan türk yurdlarında İslamın yaşadığını bildirib: “Əgər bugünkü sərhədlərimiz daxilindəki məscidlərimizdə sərbəst şəkildə namaz qıla biliriksə, əvvəl Allah, sonra onun sayəsində deyildirmi? Osmanlı imperatorluğu zamanında tikilən, sonradan düşmən əlinə keçən məscidlər kilsə olmadımı? Trakya, İzmir və digər yurd parçaları yunanların əlində qalsaydı, bu gün orada bir tək azan səsi eşidə biləcəkmiydik?... Biz indi qoca imperatorluğu içi sızlamadan, hətta sevə-sevə yunanlara təslim edən, din yolunda cihada qoşulmaqdansa ingilislərə sığınan qorxaq xəlifəyə, onun dəstəkçilərinəmi müsəlman deyəcəyik? Düşünək bir. Çəkdiyi bütün əzablara rəğmən Hz. İbrahim Nəmruda təslim oldumu? Hz. İsa yəhudilərdən mərhəmət dilədimi? Məruz qaldığı bütün həqarətlərə, həyatına qəsdlər edilməsinə, ona sərvətlər, krallıqlar vəd edilməsinə rəğmən Hz. Peyğəmbərimiz müşriklərdən, öz əmisindən mərhəmət diləndimi? Cihadına davam etmədimi? Zamanın ən qüvvətli dövləti olan Bizansa sığındımı?”.

Kişioğluna görə din adı altında Atatürkə hücum edənlərin məqsədi İslamı qorumaq deyil, əksinə onların planı bu maska altında qüvvətli türk və müsəlman dövləti olan Türkiyənı yıxmaqdır: “Atatürkün heç bir surətlə aramızdan ayrılmayan və bizə öndərlik etməkdə davam edən ruhunu, xalqın və gəncliyin qəlbindəki heç silinməyən mücadiləçi Atatürk sevgisini yıxmaq istəyirlər. Çünki bir millət ancaq tarixinə, milli qəhrəmanlarına, millətə xidmət edən böyüklərinə, müqəddəs dəyərlərinə qarşı bəsləmək məcburiyyətində olduğu hörmət və sevgilərini davam etdirdiyi müddətcə rahatlıq və suverenlik içərisində yaşayar”.

Mirhəmzə bəyə görə bir milləti, dövləti yıxmaq istəyənlər əvvəlcə o milləti birləşdirən mənəviyyatına, kök salmış əxlaqi dəyərlərinə, ardınca da qəhrəmanlarına, ordusuna qarşı olan sevgisinə hücum edərlər.

Kişioğlu Atatürkə hücum edən geriçilərlə yanaşı onu bütləşdirənlərə qarşı da sərt fikirlər yazıb, “Bizim peyğəmbərimiz Atatürk, kəbəmiz Anıtqəbirdir” deyənləri də tənqid edib.

Mirhəmzə bəy kitabında Atatürk inqilablarını ayrı-ayrı bölmələr şəklində təhlil edib, bu ilkələrin İslama zidd olmadığını detallı şəkildə izah edib. Geyim islahatları, qadın azadlıqları, türkcə azan, oğlan və qızların birgə təhsil almaları, mədrəsələrin ləğvi, latın əlifbasına keçid, Quranın türk dilinə tərcüməsi, dil inqilabı, xəlifəliyin ləğvi kimi məsələlərə dair fikirlərini ifadə edib. Xüsusən də, xəlifəlik məqamı ilə bağlı yazdıqları maraq doğurur: “Müsəlman bir dövlət olmaq üçün onun başındakının adının xəlifə olması şərt deyildir. Zatən müsəlmanlıq qaydalarında və ənənələrində xilafət məqamı deyilən atadan oğula keçməkdə olan bir sifət yoxdur. Müaviyə hiylə ilə xəlifəliyi Hz. Əlidən aldıqdan sonra zatən xəlifəlik müəssisəsi yox olmuşdur... Müsəlmanlıqda ruhbaniyyət yoxdur. Yəni müsəlmanlar patrik və ya papa kimi bir dini liderə bağlı qalmaq məcburiyyətində deyillər... Müsəlman ölkələrinin tək bir müsəlman rəhbərin idarəçiliyi altında olması da şərt deyildir... Xəlifə xüsusi bir seçimlə müsəlmanların başına gətirilən kimsəyə deyilir. Hz. Əlidən sonrakılar xəlifə deyil, bir növ padşahlıqdır. Çünki başa keçmələri islam ənənələrinə - sünnətə ziddir, yəni seçimlə olmamışdır. Xəlifələr üçün Allahın kölgəsi demək xətadır. Çünki Allah cisim deyildir. Ancaq cisimlərin kölgəsi olar...”.

Türkiyədəki irəliçi-geriçi davasının illərdir davam etdiyini yazan Kişioğlu dinini sevən hər müsəlmanın müsəlmanlığın inkişafı üçün direktivlər verən Atatürkü sevməklə mükəlləf olduğunu yazıb və gələcəyə bu ümidlə baxıb: “Tezliklə elə bir gün gələcək ki, Atatürkü sevəcək olan nəsillər onun din xüsusundakı direktivlərini ehmal etmək surəti ilə bu millətin iki düşərgəyə ayrılmasını, zəifləməsini, əxlaqının sarsılmasını zorlayanları lənətləyəcək və Atatürkün istəklərini həyata keçirmək surəti ilə onları aralarından uzaqlaşdıracaq və pərişan edəcəkdir. Əlbəttə, məhz o zaman hər kənd, hər qəsəbə Atatürkün xatirələrinə dörd əllə sarılmaq üçün rəqabət edəcəkdir”.

M. Kişioğlunun “Tanrıya gedən yollar” kitabı isə müqayisəli din tarixi, dini qaydalar, ibadətin şəkilləri kimi mövzulara həsr olunub.

25 fevral 1952-ci ildən yanvar 1954-cü ilədək Çankırı valisi olan Mirhəmzə bəy haqqında əlimizdə olan bilgilər hələlik bu qədərdir. Onun valilik fəaliyyəti, eləcə də mütəfəkkir kimi düşüncələri daha geniş şəkildə tədqiq edilməlidir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər