Qarabağa qayıdış planı çərçivəsində işğaldan azad olunmuş rayonların sakinləri ilə könüllü olaraq İlkin Razılaşma Protokolu imzalanıb. Lakin Protokolu imzalamaqdan imtina edən ailələr də olub. İmtina edənlərin yenidən müraciət edib sözügedən protokolu imzalamaq şansı qalırmı?
Teleqraf.com məsələ ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sorğu göndərib.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məcburi köçkün imtina etdikdən sonra yenidən işğaldan azad olunmuş ərazilərə köçmək istədiyini bildirərsə və razılaşma protokolunu imzalayarsa, onun köçürülməsinə növbəti mərhələdə baxıla bilər.
Digər bir məsələ Bakıda evlə təmin olunmuş keçmiş məcburi köçkünlər öz yurdlarına qayıtmaqdan imtina etdikləri təqdirdə dövlət tərəfindən verilmiş mənzillərdən çıxarılıb-çıxarılmamasıdır. Dövlətin balansında olan həmin mənzillərin kredit yoluyla orada yaşayan ailələrə satılması barədə fikirlər dolaşır. Bunun əsası varmı? Əgər varsa, o mənzillərin məcburi köçkünlərin mülkiyyətinə verilməsinin qaydaları necədir?
Komitə bu günədək Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi və Laçın rayonunun Laçın şəhərinə 236 ailə, 1023 nəfərin köçürüldüyünü xatırladıb: "Doğma yurdlarına köçürülmüş ailələr əsasən, yataqxana, sanatoriya və digər müvəqqəti məskunlaşma obyektlərində ağır şəraitdə yaşayanlardır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşıdırılması ilə əlaqədar inşa edilmiş qəsəbələrdən işğaldan azad olunmuş ərazilərə kütləvi köç həyata keçirilməyib. Bu günədək bir neçə qəsəbədə məskunlaşmış ailələr doğma yurdlarına köçürülüb ki, onların da dövlətə təhvil verdiyi mənzillər məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına verilib.
Qeyd edək ki, məcburi köçkünlərə inşa olunmuş qəsəbələrdəki mənzillər xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi əsasında ödənişsiz olaraq, onların müvəqqəti istifadəsinə verilib. Boşalmış mənzillərin sonrakı müqəddəratı dövlətin qəbul etdiyi qərarlardan asılı olacaq.
Dövlətin mənzil Fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kreditlə satılması ilə bağlı isə məlumat yoxdur".