21 İyul 2023 19:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnformasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində genderlər-arası fərqin azaldılması, qadınların texniki bacarıqlarının inkişaf etdirilməsi, zərif cinsin nümayəndələrinin peşəkar inkişafına dəstək və motivasiyasının artırılması müasir dövrün əsas tələblərindən biri hesab olunur. Rəqəmsal gender bərabərsizliyi milli və beynəlxalq səviyyədə siyasi gündəmdə yer alır. Hökumətlər, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlar, özəl şirkətlər və digər quruluşlar bu problemin həlli üçün ölkələrarası müzakirələr apararaq onu həll etməyə çalışır. Şübhəsiz, İKT xidmətləri bütün insanlar üçün yaradılmışdır. Dünya əhalisinin yarısından çoxunun İnternetə çıxışı olmasına və İKT-nin gender balansını və qadınların hüquqlarını təmin etmək qabiliyyətinə malik olmasına baxmayaraq, qlobal miqyasda qadınlar İKT xidmətlərindən kişilərə nisbətən daha az faydalana bilir ki, bu da rəqəmsal gender bərabərsizliyini kəskinləşdirir.

Bir neçə il öncə dünyanı cənginə alan qlobal pandemiya qadınların İKT sahəsində bacarıqlarının artmasında əhəmiyyətli rol oynadı. Rəqəmsal texnologiyalar pandemiyanın iqtisadi və sosial nəticələrinin daha ağır olmasının qarşısını aldı. Pandemiya dövründə bu texnologiyalardan istifadəyə ehtiyac sürətlə artdı, biz texnologiyanın gətirdiyi dəyişikliklərə də hazır olmalıyıq. Ölkəmizdə pandemiya ilə mübarizə və onun təsirini minimuma endirmək üçün etibarlı strategiya qəbul edilib.
İnformasiya texnologiyalarının geniş tətbiqi ilə yüksək keyfiyyətli və davamlı xidmətlər təqdim etmişik. Azərbaycanda rəqəmsal inkişaf və innovasiyalar hökumətin siyasi gündəmində prioritetdir.

“Rəqəmsal qızlar”

Rəqəmsal texnologiyalar COVID-19 pandemiyasından sonrakı dövrdə daha etibarlı, dayanıqlı dünyanın yenidən qurulmasında mühüm vasitə olacaq.

İndi Azərbaycanda rəqəmsal texnologiyada qadınların da rolu böyükdür. “Rəqəmsal qızları”ın bu sahəyə daha çox sayda cəlb edilməsi və onlara lazımı dəstək verilməsi olduqca önəmlidir.

Kişilər və qadınlar arasında bərabərlik BMT Nizamnaməsində yer alan insan hüquqlarından və BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin əsas vəzifələrindən biridir. Təbii ki, İKT bu məqsədə nail olmaq üçün irəliləyişi sürətləndirməyə kömək edə biləcək alətdir. Məhz buna görə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurası yeni rəqəmsal imkanların göstərilməsi üçün İKT-nin bütün gücündən istifadə edərək ayrı-seçkiliyə son qoymaq və qadın və qızlara dünyada haqlı olaraq layiq olduqları yeri tutmağa imkan vermək üçün bu il diqqətimizi qadın və qızlarla bağlı olan məsələlərə yönəltməyi təklif edib.

İKT-nin belə tətbiqi hər ananın, qız və qadının təkcə dünyaya göz açandan sonra deyil, həm də doğuşdan əvvəlki tibbi xidmətin göstərilməsindən başlayaraq teletibb və digər vasitələrin köməyi ilə ayrı-ayrı ucqar cəmiyyətləri əhatə etməklə ayrılmaz hüquqlarına zəmanət verməlidir.

Bu gün dünyada qadınların informasiya texnologiyalarındakı payı bir sıra statistik göstəricilərdə də özünü göstərir.

Məsələn, 2019-cu ildə “Fortune 500”-ə daxil olan şirkətlərdən 33-nün CEO-su qadındır. Bu isə 6,6 faiz deməkdir. Ümumilikdə isə “Fortune 500”-ə daxil olan şirkətlərin direktor şuralarının üzvlərinin 25,5 faizi qadınların payına düşür.

Göründüyü kimi, qadınların İKT-yə cəlb edilməsi iqtisadiyyatın daha da inkişafını gücləndirə və stimullaşdıra bilər. Qadınlar yalnız işçi qüvvəsi kimi deyil, onlar həmçinin iş yerlərini yeni və fərqli bacarıqlarla zənginləşdirir, məhsuldarlığı artırır. Qadınlar sahəyə daha yaradıcı elementlər, daha əhatəli yanaşma əlavə edə bilirlər. Biz problemə ümumi baxdıqda, gender sahəsində hüquqi baza həm beynəlxalq, həm də milli sahədə mövcuddur.
Azərbaycan gender bərabərliyini və qadın hüquqlarını təmin edən beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə atılan ən böyük addımlardan biri isə konstitusiyada kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsidir.

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “FemTech” platformasının birgə təşkilatçılığı, “Wonder Women Azerbaijan”, “Girls Code Azerbaijan”, “Femmes Digitales” və “Wowoman Azerbaijan”ın tərəfdaşlığı ilə “FemTech – Qadınlar Texnologiyada” adlı onlayn tədbir keçirilib.

Tədbirin məqsədi qadınların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, texnologiya sahəsində fəaliyyət göstərən lider qadınlar arasında şəbəkənin yaradılması olub.

Burada “qadın təsisçi kimi startap ekosistemini necə inkişaf etdirmək olar?”, ikinci hissədə “Qızları texnoloji karyera araşdırmasına və bu sahədə inkişafa təşviq etmək", üçüncü hissədə isə “Qadın startap təsisçiləri üçün “piçinq” üzrə master-klass” mövzuları müzakirə edilib.

Həmçinin startap ekosistemində gender balansını tənzimləmək və stereotipləri sındırmaq üçün yollar təklif edilib. Əsasən gənc qızlardan ibarət olan auditoriya tədbirdə aktiv iştirak edərək, onları maraqlandıran suallara cavablar tapıblar.

Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatı haqqında” qanunu mövcuddur. Bu qanunda kişi və qadın bərabərliyi, onların bərabər hüquqa malik olması, bu hüquqların həyata keçirilməsinin bərabər təminatı, cəmiyyətdə bərabər sosial vəziyyətə malik olması təsbit olunub.

Texnologiyalar qadınlara və qızlara məhsuldar iş, reproduktiv fəaliyyət və ictimai həyatda iştirak üçün vacib olan məlumatları və əlavə mənbələri əldə etmək imkanı verir. İT-yə çıxışı ilə qadınlar icma, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün daha çox imkana sahib ola bilərlər. Bu qadınlar üçün zaman və məkanda fəaliyyət sərbəstliyini də təmin edir ki, bu da sosial təcriddə qadınlar üçün xüsusi dəyər ola bilər.

Ucqarlarda qadınlar və İKT

Müasir dövrdə rəqəmli iqtisadiyyat inkişaf üçün geniş imkanlar açır. Təsadüfi deyil ki, bütün ölkələr bu istiqamətdə təşəbbüslər irəli sürür, proqramlar, strategiyalar qəbul edir və həyata keçirirlər. Son illər rəqəmli iqtisadiyyatda gender bərabərliyinin bərqərar olunması vacib amil kimi qeyd olunur. Azərbaycanda da bu məqama xüsusi diqqət yetirilir. Son illər informasiya texnologiyaları hətta ucqar kəndlərdə yaşayan qadınlar üçün daha əlçatan olub. Qadınların internetə, sosial şəbəkələrə, müxtəlif veb platformalara çıxışı daha asanlaşdırıb.

Qadınların İT sahəsinə həm menecment səviyyəsində, həm də startaplar sahəsində böyük həvəs göstərdikləri göz qabağındadır. İnformasiya texnologiyaları sahəsində qadınların iştirakını artırmaq üçün son vaxtlar kifayət qədər müsbət dinamika müşahidə olunur.

İKT müasir dövrün tələbidir. Yaradıcılıq, innovasiya və yeni iş istiqamətləri olan sahədir. Qadın hüquqlarının müdafiəsi qrupları səmərəli formada İKT-dən istifadə edib, bir-birləri ilə əlaqə saxlayaraq ictimai rəyi formalaşdıra bilərlər. Təbii ki, bunu etmək üçün qadında əzmkarlıq olmalıdır. Qadın özünü sevməlidir. Bacarıqlı olduğuna özünü inandırmalı və bütün gücünü hədəfinə çatmaq üçün səfərbər etməlidir.

Yazı “Regional Qadın Hüquqları Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər