Türkiyənin “Kurun” qəzetinin 11 aprel 1936-cı il tarixli sayında səyyah Mariya Teresa Leon adı ilə Qafqazla bağlı bir reportaj təqdim olunub.“Qafqazda bir gəzinti” başlığı ilə verilən materialdan aydın olur ki, müəllif avropalı heyətlə birgə Qafqazı gəzməyə gəlib, Nalçik, Bakı, Tiflis və Batum şəhərlərində olub.
“Wikipedia”dakı məlumata görə, ispan yazıçı, aktivist, mədəniyyət elçisi Mariya Teresa Leon (1903-1988) 16 yaşında ikən Gonzalo de Sebastian Alfaro ilə ailə həyatı qurub, iki oğlu olub. Ərindən ayrılan Mariya Teresa 1932-ci ildə ispan şair Rafael Alberti ilə evlənib. Atası ispan ordusunda zabit olduğu üçün Leon müxtəlif yerlərdə zəngin evlərdə böyüyüb. Fəlsəfə və ədəbiyyat üzrə təhsil alan Leon Madrid, Barselona kimi şəhərlərdə yaşayıb, Viktor Hüqo, Aleksandr Düma kimi yazıçılardan təsirlənib. Almaniya, Belçika, Danimarka, Hollandiya, Norveç, Sovet İttifaqı kimi ölkələrə səyahət edib, buradakı inqilabçı yazıçı və şairlərlə görüşüb.
1934-cü ildə SSRİ-yə gələn Leon SSRİ Yazıçılarının Birinci Qurultayına qatılıb, Maksim Qorki ilə tanış olub.
1936-cı ildə İspaniyadakı vətəndaşı müharibəsi dövründə Antifaşist İntellektuallar Alyansının katibi olub. Respublikaçıların məğlubiyyətindən sonra Fransaya qaçıb, Almaniyanın bu ölkəni işğalının ardınca Argentinaya gedib. 1963-cü ildə Romaya, 1977-ci ildə İspaniyaya qayıda bilib. İkinci evliliyindən bir qızı olub. Ömrünün son illərini Madridin kənarındakı sanatoriyada keçirib, 1988-ci ildə vəfat edib.
Mariya Teresa Leonun Qafqaz xatirələrini təqdim edirik.
*
Ukraynanın hökumət mərkəzi olan Xarkova gedirdik.
Bir okean kimi uzanan ucsuz-bucaqsız bir ovalıqdan keçdik. Ovalığın düzənliyində şəhərlər, kəndlər yüksəlir, fəqət bu əngin düzənlik heç bir yerdə bükülmür, yerin belində heç bir hürgüc görünmür. Xarkovdakı traktor fabrikinin vəzifəsi bu ovalıqda işləmək, məhsuldar etməkdi.
Azaq dənizinə varmaq üçün bütün bu ovalığı keçmək lazımdır. Hədəfimiz Qafqaz idi. Sovet Rusiya mühərrirlərindən bir heyətin müşayiətində səkkiz avropalı həmkar olaraq görülməli hər yerdə fasilə verə-verə Qafqaza gedirdik. Ovalıqlar içimizdə dağ həsrəti oyandırmışdı. Sovet mühərrirlərindən Tetriakovun xanımı Nalçik dağlarına yaxınlaşdığımızı söylədiyi zaman bu müjdə bizi sevindirmişdi. Fəqət Nalçik şəhərinə vardığımız halda hər hansı dağ izi görməmişdik. Gecənin qaranlığı daxilimizdəki güclü istəyi sabaha qədər gözlətdi. Səhərisi qaldığımız hotelin pəncərəsindən Avropanın ən hündür dağı ilə qarşılaşdıq. Qoca Elbrusun təpələri başdan-başa qarla örtülmüşdü. Ən hündür təpəsi 18.526 addım yüksələn bu dağın kölgəsində dörd irq yaşayırdı: kabardinlər, malkarlar, ruslar və almanlar. Onların hər birinin özünəməxsus mübhəm ənənələri vardır.
Kabardinlər Şimali Afrikadan gəlmə qəbilələr olduqlarını söyləyir, malkarlar 500-cü ildə Türkiyədən buraya köçdüklərini danışırdılar. Onların hamısı 1917-ci ilə qədər müsəlmandılar. Hamısı da ticarətlə, mal-qara alış-verişi ilə məşğul olmaqda idilər. Krım müharibəsindən sonra çar I Nikolay kabardinlərdən bir mühafizə bölüyü təşkil edərək ozamankı Rusiyanın paytaxtı olan Peterburqa aparmışdı. Məmləkətin bütün sürüləri əşrafın əlində idi. Torpağın bir qarışı belə kəndlilərə aid deyildi. Rus ixtilalından sonra buradakı xalq da qiyam qaldırdı, məmləkətin ən əhəmiyyətli sərvəti olan otlaqları əlinə keçirərək bu gün əkilən yurdlar içində yüksələn şəhərləri qurmağa başladı. Bu hümmət sayəsində tezliklə Nalçik Qafqazın ən gözəl şəhəri olacaq.
Bu məlumatı aldıqdan sonra oradakı kolxozları ziyarət etdik. “Kolxoz” Rusiyadakı kollektiv tarlalara verilən addır. Buradakı “Andreyev” kolxozunu 1200 nəfərdən ibarət 312 ailəni dolandırır və onlar 2400 hektar ərazini əkirlər. Hər ailənin bir evi, bir inəyi, toyuqları, donuzları, qazları, bir kiçik bağçası vardır. Evlərin hamısı da təmiz və rahatdır. Məmləkətin qadınları çadranı atıblar. Halbuki bir zamanlar sımsıx qapalı idilər. Oğlan-qız bütün uşaqlar məktəbə gedir, əylənmək imkanları da vardır. Əvvəldə uşaqları məktəbə alışdırmaq üçün xeyli çətinlik çəkilmişdi. Fəqət bu gün bütün çətinliklər keçmişdə qalıb. Nalçik məktəbində ziraətə və ziraət həyatına aid hər şey öyrədilməkdədir. Burada həmçinin tibb məktəbində doktor, əbə və baytar yetişdirilir. Bacarıqlı gənclər Moskva Universitetinə göndərilir.
Nalçikin dağlarında gəzdik, xizəklərlə dolaşdıq. Daha sonra Bakıya hərəkət etdik.
Bakı Xəzər dənizinin limanıdır. Bu gün Azərbaycan Cümhuriyyətinin mərkəzidir. Bu şəhər imperializm iddialarının təmərküzləşdiyi bir yerdi. Bu şəhər qışda şimal rüzgarlarının buzlu pəncəsində, yayda isə cəhənnəmdən fərqsiz bir istiliyə sahibdir. Burada göz ancaq sarılıq və ağlıqla qarşılaşır. Heç yerdə bir ağac və ya yaşıl ot yoxdu. Yeraltı dənizdən fışqıran qorxunc bir röyadan fərqsiz bir yerdi. Burada bir məzarlıq səssizliyi hökm sürürdü.
Buradakı neft quyularını istismar edən xarici sendikatların ən mühümü fənn və ədəbiyyat mükafatları sahibi Nobelə aiddi. Bununla yanaşı fransız, ingilis, italiyalı imtiyaz sahibləri də Bakının qanını əmirdilər. Bu səbəbdən bura ixtilal döyüşlərinin ən qanlısına şahid oldu.
Bakıya çatdığımızdan bir neçə gün əvvəl yeni neft quyusunun fışqırdığını və Bakını əhatə edən çölü zift bataqlığına çevirdiyini xəbər almışdıq. Bakıya vardığımız zaman hər kəsin bunun qarşısını almağa çalışdığını gördük. İyirmi min boçka neft doldurulduğu halda neft quyusunun hirsi soyumamışdı.
Buradakı institutda neft mühəndisi yetişdirilir. Hələ ki 13 yaşında olan bu müəssisədən dörd min mühəndis çıxmışdır. Müəssisəyə davam edən tələbənin 20 faizi qadındır. Tələbə məktəbdə yaşayır və 180 rubl aylıq alır.
Xəzər dənizindən Qara dənizə, yəni Bakıdan Batuma doqquz yüz kilometrlik bir boru uzanır və bu borunun içindən axan neft gəmilərə yüklənir.
Bakıdan Gürcüstanın mərkəzi olan Tiflisə getdik. Gürcüstan Qafqazın mərkəzi hissəsidir. İnsan Bakıda özünü İrana yaxın bir yerdə olduğunu hiss edir. Çünki Xəyyam ilə Firdovsidən tez-tez bəhs olunur. Tiflisdə əsrlərdən bəri ədəbiyyata hakim olan şəxsiyyət isə şair Rustavelidir. On ikinci əsrdə “Pələng dərili adam” adlı bir əsər yazan bu şair gözəgörünməz varlığı ilə bütün Tiflisə hakimdir. Tiflisin mədəni həyatına hakim olan teatrının qapısında şairin qızılı hərflərlə yazılmış adına rast gəlirik.
Tiflis geniş bir şəhərdir. Bir çay şəhəri iki hissəyə bölür. Köhnə saraylar, binalar, sərvlər, bağçalar iki dağ arasındadır. Şəhərin xarici divarlarının arxasında açıq tarlalar, bağlar, bostanlar var.
Tiflisdəki gürcü mühərrirlər bizi qarşılayaraq muzeyləri gəzdirdilər, ziyafətlər verdilər. Keçmiş gürcü şahzadələrindən birinə aid olan bir saray gürcü mühərrirlərin istirahət evidir.
Gürcüstan təzadlar məmləkətidir. Asmalar arasından Allahverdi məbədinə doğru getdik. Bura həm bir qala, həm də məbəddir. İlboyunca buraya gələn olmaz. Buranı tikən memar məbədin qübbəsini tamamladığı əsnada yıxılmış və “Allah qorusun!” deyə bağırmışdır. Memar öldükdən sonra müqəddəs adam hesab edilmişdir. Xristianlar buraya gələrək memarın məzar daşını öpürlər. Fəqət memar “Allah” adını söylədiyi üçün müsəlmanlar da “Allahverdi”yə hörmət göstərirlər və bağ mövsümünün sonunda dağlardakı qəbilələrin hamısı buraya enərək üç-dörd günü burada keçirir, on-on beş min araba ətrafı doldurur, yeyir-içir, əylənir və alış-veriş edirlər.
Tiflisdən Batuma getdik. Batumu uca dağlar, uzun ağaclar mühafizə etməkdədir. Bura neft qoxan bir qədifə parçası kimidir. Batumun havası çay yetişdirməyə uyğun, rütubətlidir. Keçmişdə Rusiya bütün çayını xaricdən idxal etdiyi halda Batumun çay fabriki sayəsində iki il sonra çay ixracına başlayacaq. Çukvi fabriki tərtəmizdir və məhsuldar çalışmaqdadır. 1913-cü ildə Rusiyanın çay kralı olan Popov bu gün unudulmuş haldadır. Bu gün may-oktyabr aralığında 130 min kilo çay istehsal edilir.
Batumda yenidən vapura mindik və Qafqazdan ayrıldıq.