Prezident İlham Əliyev Xankəndidən Ermənistana, onun havadarlarına da çox ciddi mesajlar verdi. Artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan xalqı uzun illərdir səbirsizliklə bu günü gözləyirdi. Bu gün biz artıq 200 illik tariximizdə, sovet dövründə nəzarətimizdə olmayan ərazilərə nəzarət edirik, həmin ərazilərə sərbəst gedə bilirik. Bütün bu uğurlara Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə davam etdirdiyi siyasət nəticəsində nail olub.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev buradan həm Ermənistana, həm də onun havadarlarına da çox ciddi mesajlar verdi:
“Təəssüflə qeyd etmək lazımdır ki, hələ də Azərbaycanın öz ərazisində anti-terror tədbirləri həyata keçirməsini həzm edə bilməyən dövlət və beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli və ikili standartlarla yanaşmalarını davam etdirirlər. Bu gün onları narahat edən həm də məkrli planlarının və xəbis niyyətlərinin qarşısının Prezident İlham Əliyev tərəfindən alınmasıdır”.
Deputat qeyd edib ki, son hadisələr bir sıra dövlət və beynəlxalq təşkilatların nə qədər riyakar və ikiüzlü olduğunu bir daha göstərdi:
“30 il ərzində xalqımızın başına gətirilən müsibətləri görməməzlikdən gələn, siz müharibə edə bilməzsiniz, işğalla barışın deyən bu dövlət və təşkilatlar indi Azərbaycan əleyhinə bəyanat verməkdə növbəyə düzülüblər. Görünən odur ki, çox narahatdırlar. Bəs bizim torpaqlar 30 il ərzində işğal altında olanda, yaşayış məskənlərimiz, mədəniyyət abidələrimiz və məscidlərimiz dağıdılanda bu dövlət və təşkilatlar niyə bu qədər narahat deyildilər? Bu gün həm də Gəncənin ermənilər tərəfindən növbəti dəfə bombalanmasından 3 il ötür. Həmin terror hadisəsi baş verərkən onlar niyə heç bir reaksiya vermədilər? Ermənistan niyə cəzalandırılmadı? Niyə bu ölkəyə qarşı sanksiya tətbiq edilmədi? Bütün bu təzyiq cəhdlərinə və təxribatlara baxmayaraq Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəf və məqsədlərinə nail olacaq”.