23 Oktyabr 2023 19:19
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur iş adamı, “TV-8” telekanalının rəhbəri Acun Ilıcalının Bakıya gələcəyi vaxt oktyabrın əvvəlindən dəqiqləşdi. Nəhayət, onun “İnnovativ inkişaf və fürsətlər!” adlı təlimi oktyabrın 22-də Bakı Konqres Mərkəzində baş tutdu. Biletlər isə nə az, nə çox - təqribən 40-450 AZN arası satılmışdı.

Əsl səs-küy görüş bitdikdən sonra başladı, iştirak edənlərin də, etməyənlərin də təlimə münasibəti fərqli oldu. Kimi innovativ inkişaf və fürsətlər əvəzinə, onun maraqlı həyat hekayəsini dinlədiyini, kimi Acun Ilıcalıdan maraqlı çıxışı, təqdimatı görmədiyini, kimi də tədbirin adının başqa cür yazılması təklifini öz sosial media hesablarından paylaşdı. Mövcud reallıqda uğur qazanmanın yollarını özünə görə şərh edib ironik “təklif” verənlər də az olmadı.

Görünən odur ki, cəmiyyətimiz umduğunu bulmadı...

Maraqlıdır, cəmiyyət olaraq Acun Ilıcalıdan nə gözləyirdi?

Professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Teleqraf.com-a bildirib ki, televiziya prodüseri kimi Acun Ilıcalı dünyada məşhurdur.

O hesab edir ki, Acunun Azərbaycana gəlməsi müsbət hadisədir: “Bizim ictimaiyyətlə onun ünsiyyəti çox vacibdir. Xüsusən yerli televiziya camesinin onunla görüşünə müsbət baxıram. Gözləntilər necədir, bu barədə nəsə deyə bilmərəm. Hər şey görüşü təşkil etməkdən, hazırlıqdan, kimlərin dəvət olunmasından və ünsiyyətin alınıb-alınmamasından asılıdır. Bəzən bir görüşə, bir epizoda görə ümumi hadisəyə qiymət vermək çətin olur”.

Jurnalist Naibə Qurbanovanın mövqeyi belə olub: “Acun Ilıcalı ayrı peşə sahibləri üçün sıradan bir şəxs ola bilər, amma o, televiziyada çalışan əksər insanların kumir hesab edəcəyi biridir və bu insanların uğur formulunun təbliğ olunmasında qəbahət yoxdur. Hansısa müxbirin qonorarını yığıb onu sərmayəyə çevirməsi, onunla da işini böyütməsi, telekanal açması və sair ayrı mövzudur. Fakt odur ki, bütün dünyada belə insanlar var, belə çıxışlar edirlər və biletləri çox baha olur.

Bəs biz nə qazanırıq bu insanlardan? Biz bu insanları dinləməklə yeni seçim azadlığı və şəxsi güc əldə edirik.

Hər şey bir kənara, bu qədər müğənni, iş adamı, siyasətçi ölkəmizə gəlirsə, Acun Ilıcalı niyə gəlməsin? Ən bəsitini deyim, bu mərkəzlər, bu toplantı salonları elə özümüz özümüzə qulaq asaq deyə tikilib bəyəm? Hər mövzuya lağlağı, qəzəb, nifrət, yuxarıdan aşağı baxma kontkestində yanaşa bilmərik”.

Aparıcı Turan İbrahimov isə bildirib ki, narazı insanların Acun Ilıcalıdan nə gözlədiyi ona da məlum deyil.

Onun müşahidələrinə görə, tədbirə gedənlərin böyük bir qismi yanlış gözləntidə olub: “Sanki bir sirr var və Acun o sirri bölüşəcək, onlar da gəlib öz həyatlarında bunu tətbiq edib uğur qazanacaqlar. Yəni bu istiqamətdə yararlanmaq istəyənlər əvvəldən itirmişdilər. Tədbir iştirakçılarının gəlib şikayətlənmə səbəbi də gözləntilərinin kökündə yanlışlığın olmasıdır.

Doğrudur, Acun Ilıcalının çox gözəl, maraqlı və ilhamlandırıcı həyat hekayəsi var, amma o görüşə şəxsən heç vaxt getməzdim. Çünki o, uğur hekayəsini milyon dəfə müxtəlif platformalarda danışıb. Ümumiyyətlə, bu görüşə onu sevənlər nöqteyi-nəzərindən baxılarsa, normal hesab etmək olar”.

Turan İbrahimov düşünür ki, dünyada Acun Ilıcalı kimi inkişaf etmiş çox nümunələr olsa da, cəmiyyətimiz onu daha yaxından tanıyır deyə, ona maraq göstərir: “Azərbaycanda həm medianı, həm də ümumi reallıqları nəzərə alaraq deyirəm ki, eyni Acun kimi olacaq, karyera quracaq heç kim yoxdur. Ona görə yox ki onun kimi istedadlı və bacarıqlı heç kim yoxdur. Ona görə ki, Azərbaycanda müxbir kimi pul qazanıb, onu sərmayəyə çevirib, o sərmayə ilə işi böyüdüb, sonra da prodakşın açıb kanallara veriliş satıb, iqtisadi əsaslarla o sərmayəni daha da böyüdüb televiziya kanalı üçün tezlik satın alıb TV kanal açmaq mümkün deyil.

Amma Acun gedən yolun Azərbaycan versiyasını gedən bir neçə dostumuzu misal çəkə bilərəm. Rəhmətlik Oqtay Əliyev, Murad Dadaşov (O yolun Azərbaycan versiyasının ən uğurlu nümayəndəsidir hətta), DJ Tural, İlkin Həsəni, Fərid Rəsul, Vahid Mustafayev və başqaları... Bir də bizdə “Media kapitanları” deyilən bir qrup var. Əsl hekayə onlardadır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər