Azərbaycanda müstəqil formada Prezidentliyə namizədliyini irəli sürən Arzuman Abdulkərimov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Arzuman bəy, necə oldu ki, Prezident seçkilərinə qatılmaqla bağlı qərar verdiniz?
- 30 ilə yaxındır ictimai siyasi fəaliyyətlə məşğul oluram. Yəni siyasətin içindəyəm. Qeyri-hökumət təşkilatının sədriyəm. Həmişə siyasi fəaliyyətin içində olmuşam və eyni zamanda siyasi şərhçi kimi də fəaliyyət göstərən müstəqil bir siyasətçiyəm. 2024-cü ilin 7 fevralına təyin olunmuş növbədənkənar prezident seçkiləri çox tarixi bir məqamdır. Azərbaycan müstəqilliyindən bu yana prezident, parlament, bələdiyyə seçkiləri keçirmişik. Amma suveren, ərazi bütövlüyü təmin olunmuş Azərbaycanda Prezident seçkiləri keçirilməsi ilk dəfədir. Eyni zamanda şanslıyıq ki, bu tarixi günlərə şahidlik edirik. İctimai-siyasi fəaliyyətlə məşğul olan, tanıdığım yaxın insanlarla, müstəqil siyasətçilərlə məsləhətləşdik ki, mənim timsalımda bu tarixi seçkiyə qoşulaq. Bu, şərəfli bir prosesdir. Mənim üçün bu prosesə qoşulmaq böyük qürurdur. Düşünürəm ki, Azərbaycanda çox gözəl seçki mühiti var. Bütün namizədlər üçün demokratik seçki mühiti formalaşdırılıb. Namizədlər üçün hüquqların bərabər formada yaradılacağına da əminəm. Çünki sənədlərimizi, xüsusi nümayəndələrimi təyin edəndə və digər prosedurları keçəndə bir daha şahid oldum ki, bütün namizədlər üçün bərabər şərait var. Bu da bizə stimul verir.
- Hazırda ən reytinqli namizəd torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan İlham Əliyevdir. Onun namizədliyi fonunda bu mübarizədən gözləntiləriniz nələrdir?
- İlham Əliyevin reytinqi hazırda pik həddindədir. Bu hamıya aydındır. Heç kəs dana bilməz. Xüsusilə də siyasi fəaliyyətlə məşğul olan insanlara bəllidir. Torpaqlarımızın işğaldan azad olunması, həm 44 günlük Vətən müharibəsi, həm antiterror tədbirləri və eyni zamanda bununla paralel olaraq xarici siyasətdəki uğurları birmənalı əsas verir ki, cənab Prezident İlham Əliyev bu seçkilərin favoritidir. Amma idmanla bağlı misal çəkim. İdman da siyasət kimi yarışdır. Dünya çempionatının seçmə oyunlarında zəif və güclü komandalar üzləşməli olur. Bu, o demək deyil ki, zəif komanda yarışdan imtina etməlidir. Burada vacib detalın biri budur. İlham Əliyevdən başqa digər namizədlər də var. Bu, namizədlər arasında keçirilən bir yarışdır. Siyasi partiyalar, müstəqil namizədlər də öz reytinqlərini, elektoratlarını müəyyənləşdirmək üçün namizədliklərini veriblər. Biz eyni zamanda siyasətlə məşğuluq. Siyasətçinin işinin adı, həm də fəaliyyətinin bir hissəsi də mümkün seçkilərdə iştirak etməkdir. Bu prosesə qoşulmaqla eyni zamanda biz çox mesajlar da veririk. Gələcək üçün nüfuz qazanmış oluruq. Siyasətlə məşğul olan şəxs seçki nəticələrindən asılı olaraq öz elektoratını müəyyənləşdirə bilir. Ona olan etimadı öyrənir və səsvermədən sonra olan nəticələr əsas verir ki, bundan sonrakı siyasi fəaliyyətini ona uyğun qursun.
Mən milli düşüncədə olan biriyəm. Düşünürəm ki, bu seçkilərə qoşulmaqla Azərbaycanda milli düşüncədə olan insanların səsi olmalı, gələcəkdə siyasi xəttin hansı tərəfində duracağımızı özümüz üçün müəyyənləşdirməliyik. Bu tribunada, daim öndə olmaq çox önəmlidir. Türk dövlətlərinin birliyi bu cür tribunlarada formalaşdırılır. Azərbaycan bu birliyin formalaşdırılmasında lokomotiv dövlətlərdən biridir. Hətta bələ deyərdim ki, birincisidir. Biz istəyirik ki, bu məsələ daha da gücləndirilsin. Eyni zamanda Türk Dövlətləri Birliyinin həm iqtisadi, həmçinin hərbi bloklarının formalaşdırılmasının tərəfdarıyıq. Bu fikirlərimizi yüksək tribunadan ifadə etməyi düşünürük.
Hesab edirəm ki, bu mərhələdən sonra parlament seçkiləri olacaq. Bu, eyni zamanda bizim üçün parlament seçkilərində iştirakla bağlı da bir təcrübədir. Bizim üçün sınaqdır ki, buraxdığımız səhvləri düzəldək, təkrar etməyək. Gələcək parlament seçkilərində iştirak etmək üçün təcrübə toplayaq. Parlament seçkilərində bir dəfə iştirak etmişəm. O da mənə təcrübə qazandırıb. Seçkilərdə təcrübəm var. Məqsədim bu təcrübəni daha da dərinləşdirməkdir.
- Ümumilikdə ölkədə siyasi qüvvələrin durumunu necə dəyərləndirirsiniz?
- Uzun illərdir Azərbaycan müxalifəti adına müxalifətçiliyi zəbt etmiş, diktatura, monopoliya qurmuş qrup var. Bunlar Azərbaycana, Prezidentə, seçkidə iştirak etmək istəyən namizədlərə qarşı qarayaxma kampaniyasına başlayıblar. Onlara sual vermək istəyirəm ki, siyasi təşkilat öz varlığını necə sübut etməlidir? Seçkiyə qoşulmursa siyasi təşkilat gücünü necə yoxlamalıdır? Qaragüruh təfəkkürü olanlara, prosesə bu cür yanaşanlara deyirəm ki, gəlin seçkiyə qoşulun. Sağlam mühit var, namizəd kimi qeydə alının. Yüksək tribuna əldə edib sözünüzü deyin. Nəticəni qəbul edin və elektoratınızı müəyyənləşdirin. Baykot ciddi siyasi prosesdir. Baykot o deməkdir ki, çağırış edən qüvvə özü əmin olmalıdır ki, seçicilərin iştirakı 25 faizdən az təmin olub. Bu halda boykot baş tutmuş olur. O qüvvələrin ona gücü varmı? Təbii ki, yoxdur. Baykot elan etdim və gedib evdə yatdım. Məsələ bununla bitmir. Baykot özü də aktiv siyasi prosesdir. Bunu hər kəs bilir. Onlar hər dəfə bu cür bəhanələr tapırlar. Başlayırlar şər atmağa ki, seçki mühiti normal deyil. Azərbaycan Prezidentinin qələbəsini necə gözardı edə bilərsən? Tənqid etməli sahələr var təbii ki. Amma bu qələbədə uduzmuş qüvvələrlə yan-yana durub məğlub olan tərəfin dili ilə danışmaq etikaya, mədəniyyətə sığmır. Onların səviyyələrinə uyğun bəzi xaricə qaçıb gizlənənlər vasitəsi ilə təhqir edirlər. Bununla prosesi gözdən salmağa çalışırlar. Buna nail ola bilməyəcəklər. Namizəd olmaqda məqsədlərimizdən biri də bu haqsızlıqlara qarşı mübarizə aparmaqdır. Siyasət uğursuzlar birdəfəlik səhnədən silinib atılmalıdır.
- Müstəqil namizədsiniz, seçkiyə hansı resurslarla gedirsiniz?
- Resurslarımızı müəyyənləşdirmişik. Müstəqil olmağıma baxmayaraq, bir yerdə olduğum çoxlu müstəqil ictimai fəaliyyətlə məşğul olan şəxslər, dostlarım var. Biz uzun illərdir bir-birimizi tanıyırıq. Bu qərarı mən özbaşına verməmişəm, dostlarla məsləhət etmişəm. Bu baxımından ola bilər ki, sabah seçki qərargahımız formalaşsın. Bundan sonra namizəd kimi qeydə alınmağımız gəlir. Bizim üçün ən ağır proses imzaların toplanması olacaq. Minimum hər dairədən əlli nəfər daxil olmaqla bütövlükdə Azərbaycan üzərində 40 000 dən çox imzanı toplayıb, Mərkəzi Seçki Komissiyasına təqdim etməliyik. Təbii ki, asan olmayacaq. Biz bilirik ki, çətin yola çıxmışıq, ancaq gücümüzü yoxlayacağıq. Bütün bölgələrdə olan, bizimlə eyni düşüncədə olan insanların güclərini hesablamışıq və düşünürük ki, bu çətinliyin öhdəsindən gələcəyik. Əgər qeydə alınarıqsa, o zaman platformamızı açıqlayarıq.