17 Yanvar 09:05
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyinin istisna olunmadığını bildirib. Son zamanlar paytaxtda tıxac probleminin həlli istiqamətində ali təhsil müəssisələrinin köçürülməsi məsələsi müzakirə olunur.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Teleqraf.com-a məsələnin dövlət rəsmisi timsalında səslənməsinin təsadüfi olmadığını deyib.

Onun sözlərinə görə, universitetlərin çoxunun paytaxtda cəmləşməsi həm tıxacların yaranmasına, həm də digər şəhər və regionların ümumi inkişafdan geri qalmasına səbəb olur: “Çünki universitet mühiti yalnız təhsil mühiti deyil, fərqli şəhərlərdə universitetlər mövcud olanda həmin bölgənin, şəhərin ümumi intellektual inkişafı şərtlənir. Eyni zamanda mədəni mühit formalaşır.

Bu baxımdan düşünürəm ki, universitetlərin paytaxtdan köçürülməsində maraqlı olmalıyıq. Bu yaxınlarda Bakı şəhərinin baş planı təsdiq olunub. Baş planda Bakı şəhərinin genişləndirilməsi çərçivəsində universitetlərin köçürülməsini gündəmə gətirir. Digər tərəfdən, işğaldan azad olunmuş torpaqların bərpası, yenidən qurulması və yeni infrastrukturun təmin olunması, universitet mühitinin formalaşması gündəmdədir. Düşünürəm ki, yalnız işğaldan azad olunmuş ərazilərdə deyil, respublikanın digər bölgələrində də universitetlərin fəaliyyətə başlaması faydalı ola bilər. Eyni zamanda universitetlər üçün fərqli yaşayış kampusları olur”.

O vurğulayıb ki, ölkəmizdəki universitetlərin təxminən 95 faizdən çoxunun Bakıda cəmləşməsi paytaxtın ümumi yüklənməsinə gətirib çıxarır.

İlqar Orucov bildirib ki, əslində universitetləri həm də bölgələrin bütövlükdə ümumi iqtisadi inkişaf perspektivlərinə görə paylamaq səmərəli olar:

“Hesab edirəm ki, bu, tədqiqat işidir. Bununla bağlı tədqiqat aparılacaq. Ali təhsil müəssisələrinin regionların inkişaf meyillərinə uyğun olaraq paylanması təmin ediləcək. Bunlar gələcəyin işidir və düşünürəm ki, dövlətimizin iqtisadi imkanları artdıqca, proses daha təkmil formada aparılacaq”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər