Son dövrlər Azərbaycandakı möhtəşəm siyasi proseslər dünyada da gündəm oldu. Üstün səs çoxluğu, xalqın həmrəyliyi ilə seçki prosesi baş tutdu. Azərbaycan xalqı ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən, müstəqil, azad seçkinin şahidi oldu. İlham Əliyev xalqın seçimi ilə növbəti dəfə öz prezidentlik fəaliyyətinə başladı. Ölkəmiz üçün növbəti uğurlu dövür başladı. Seçkilərdən sonra əsas gündəm Baş nazir və Nazirlər Kabinetinin tərkibi ilə bağlı idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin tərkibi ilə bağlı çox mühüm müzakirələr aparılırdı:
"Əvvəlki tərkib demək olar ki, saxlanıldı. Çünki əvvəlki dövrü nəzərdən keçirsək, hörmətli baş nazirimiz Əli Əsədovun fəaliyyəti dövründə Ali Baş Komandanın bütün tapşırıqları, göstərişləri, direktivlərinin yüzdə-yüz yerinə yetirildiyinin şahidi olarıq. Yəni qalib Ali Baş Komandanın qalib kabinetinin fəaliyyət göstərməsi bünövrəsi var idi ki, bu komanda yerində saxlansın. Yenidən Baş nazir seçimi Əli Əsədovun üzərinə yönəlsin. Bu ən çətin və mürəkkəb dövrü əhatə edən fəaliyyət birmənalı bu işlərin memarı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev idi.
Gecə-gündüz dayanmadan mühüm işlər görən və Prezidentimizin bütün tapşırıqlarını tam yerinə yetirən Nazirlər Kabineti olub. Böyük Vətən müharibəsinin şahidi olmuş ölkənin iqtisadi potensialının yüksəlməsi, Azərbaycanda iqtisadi islahatların aparılması, Ali Baş Komandanın tapşırıqları ciddi, həm də çətin idi. Bu işləri uğurla yerinə yetirə biləcək komanda yaradılmışdı.
Sözsüz ki, bu, İlham Əliyevin komandası idi və həmin komandanı Baş nazir kimi Əli Əsədova həvalə etmişdi. Əli Əsədov da bu işləri uğur, səbir və təmkinlə, komanda daxili düzgün bölgü və nəzarətlə həyata keçirdi. Ən əsası isə bütün tapşırıqlar tam şəkildə yerinə yetirilmişdi. Bu baxımdan da cənab Prezident özünün ən böyük prinsipi - qarşıya qoyulan vəzifələrin icrasının düzgün həyata keçirilməsini təmin edəcək adamları ətrafında saxladı. Yenidən Baş nazir seçilən Əli Əsədovun sözsüz ki, nəinki xidmətləri yüksək qiymətləndirilmiş, həm də ona ağır və çətin, etimadlı bir iş yenidən tapşırılmışdır.
Əslində, bu, cənab Prezident tərəfindən etimad qazanmış bir hökumət idi. Ona görə də yenidən həmin komandaya başçılıq etmək və o komandanın işlərini yenidən öz nəzarətində idarə etmək Ali Baş Komandan İlham Əliyevin səlahiyyətində idi. Yenidən bir daha sübut olundu ki, onun etimadını qazanmışların sədaqəti həmişə yüksək qiymətləndirilir.
Yeni seçilmiş komandaya, o cümlədən də Baş nazirin üzərinə düşən indiki dövrdə ən ağır və çətin vəzifələrin öhdəsindən gəlməkdir. Ölkəmizin iqtisadi inkişafı, qarşıda iqtisadi prioritetlər, xarici və yaxın qonşu ölkələrlə münasibətlərin qurulması, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması və Böyük Qayıdış proqramı görüləcək işlər siyahısında ilk sıralarda yer alır.
Hesab edirəm ki, cənab Prezidentin onlara göstərdiyi etimadı xalq, əhali, yerli bütün strukturlar yüksək qiymətləndirir".