1969-cu ildə Dr. Budak Demiralla lisey yoldaşı, Azərbaycan əsilli vəkil Heydər İşıqlı Azərbaycana getməyə qərar veriblər. Heydər bəy Leninakanda (Gümrüdə) əmisini, digər qohumlarını, Bakıdakı xalasını görmək, Budak bəy isə vaxtilə atalarının köç etdiyi, sığındıqları İrəvanı, Gəncəni, Tiflisi, Bakını ziyarət məqsədilə yola düşüblər. (Budak bəy bundan öncə 1964-cü ildə şəxsi maşını ilə Təbrizə gedib).
Ankaradakı SSRİ səfirliyinə edilən viza müraciətinə iki ay sonra gələn cavabda Bakıya gedəcəkləri, “İnturist” hotelində qala biləcəkləri, oradan Gəncəyə yola düşəcəklərinə dair bilgilər verilib. Amma İrəvanı görməklə bağlı xahişləri cavabsız qoyulub.
***
1969-cu ilin sentyabr ayında Budak bəy və Heydər bəy xanımları ilə birlikdə Qarsdan qatarla Gümrüyə yola düşürlər. Gömrük yoxlanışından sonra Sovet Ermənistanı ərazisinə keçən yolçuları Heydər bəyin qohumları qarşılayır, axşamkı Tiflis qatarına qədər müsafirpərvərlik göstərirlər. Tiflisə yola düşən qonaqlar oradakı “İnturist” hotelinə yerləşirlər. Budak bəy həmşərisi Həsən Kartarinin bu şəhərdəki qohumları ilə görüşür. Daha sonra meydana gedən yolçular orada yüzdən çox insanın yığışdığını görürlər: “Onlara Türkiyədəki, yəni Qarsdakı əqrəbaları bizim gələcəyimizi bildirmişdilər. Osmanoğlu Nəsibin anası, rus-alman müharibəsində orduda iştirak etdiyi üçün tərk etməyə məcbur olduğu xanımı da vardı. Türkiyəyə qaçan Həmzə Qarabağlının həyat yoldaşı və böyümüş oğlu da orada idi. Onları mühəqqəq görməli və söhbət etməli, ailələrinin salamlarını çatdırmalı olduğum üçün xeyli görüşdük. Təbii ki, rus casuslarının çox da uzaq olmayan məsafədən bizi təqib etdiklərinin fərqində idim... Sonra Heydər İşıqlı ilə Tiflisin finikulyoru ilə təpələrdəki məhəllələrinə çıxıb dolaşdıq, Kür çayının axdığı dərə boyunca yürüdük, Kürə söykənən bir kilsəyə kənardan baxdıq”.
Qonaqlar gəzərkən rus qadınlar Budak bəyin xanımının yaşıl paltosuna heyran olub ona yaxınlaşıblar, hətta satmaq istəyərsə, ala biləcəklərini deyiblər. Bu, Sovet dövründə xarici markalara olan həsrətin də göstəricisi idi. Qonaqlar daha sonra qatarla Tiflisdən Bakıya yola düşüblər: “... Dan yeri ağarmağa başladığında Bakıya yaxınlaşdığımızı təxmin edərək qalxıb geyindim.
Pəncərədən dəmiryolunun kənarındakı bəzi çüxurlarda neft quyuları görünürdü, qoxusu gəlirdi. Çox keçmədi ki, Bakı göründü və stansiyaya çatdıq... Azərbaycan səyahətimizin çox günləri Bakıda keçəcəkdi, bizə verilən ünvanlardakı şəxslərlə görüşəcəkdik. Hoteldə bir az istirahət etdikdən sonra çıxıb Bakını bir az dolaşdıq... Heydərin xalası və xalasının oğlu onun gəlişini əmisi oğlu Əli vasitəsiylə xəbərdar edildikləri üçün hotelə gəlmişdilər. Biz də onun qohumları ilə tanış olduq. Heydərin xalası bizim Qarsdakı kəndlilərimizlə birgə mühacirət edən bitişik Daynalıq kəndində idi, mühacirətdən sonra oraya yerləşmişdilər. Oğlu Bakıda bir universitetin rektoru idi. Bizi bir neçə gün sonra evlərinə günorta yeməyinə dəvət etdilər və bir axşam da birlikdə konsertə getdik. Rektorun xanımı İran Azərbaycanından idi, konsertə getdiyimizdə qulaqlarında qızıl sırğalar vardı. Bunu görən əri tez sırğaları çıxartdırdı, çünki o zaman Rusiyada qızıl, zinət əşyası daşımaq qadağandı. Rektor bundan ona bir zərər gələr deyə tədbir görmüşdü”.
O dövrdə Türkiyədən Azərbaycana gələn qonaqlar ölənlər və qalanlar haqqında iki tərəfə də məlumat gətirdikləri üçün səyahətləri boyunca bu işlərlə də məşğul olurdular: “Bakıda qaldığımız günlərdə Qarsdakı həmşərilərimizdən Əliəsgər Cahangiroğlunun bacısını axtarıb tapdım. Qızı ilə birgə hotelə gəldilər. Salonda söhbət etdiyimiz zaman casus polislər onu təqib etdikləri üçün bizə yaxın bir masada oturub danışığımızı dinlədilər. Əliəsgərin bacısı qızı bunu fərq etdiyi üçün “özləri də azəridirlər, amma bizim danışığımızı dinləyir utanmazlar” deyərək səsli şəkildə deyindi. Bu xanım neft mühəndisi idi, bir neçə il sonra Qarsa gələrək qohumlarını ziyarət etdi. Bakıda ünvanını aldığım Həmzə Qarabağlının yaxın bir xanım qohumunu da tapıb onunla da görüşdük”.
Abbas Zamanovla tanışlıq
Budak Demiral xatirələrində Bakıda unutmadığı bəzi hadisələrdən də bəhs edib. Azərbaycanlı bir tələbə ilə küçədə dolaşarkən etdiyi söhbəti kitabında nəql edib: “... Mən ona bir ara “sənin dinin nədir” deyə soruşduğumda “müsəlmanam” dedi. “Yaxşı Türkmənistan, Krım, Özbəkistan və sairdəki türk mənşəli xalqın dini nədir” deyə soruşduğumda “onlar da müsəlmandır” dedi. “Sən onlarla öz dilində danışanda başa düşürlərmi” deyə sual verdiyimdə “əlbəttə” dedi. “Yaxşı, bu, necə olur” deyə soruşduğumda isə “mən nə bilim, bunu bilmirəm” dedi. Mən də ona “Sən və onların eyni kökdən gəldiyinizi hər hansı bir şəkildə öyrənmədinmi və ya sənə söyləmədilərmi” dediyimdə təəccübləndi. Rusiyadakı kommunist rejimin bir assimilyasiya apardığı və bunu bacardığı qənaətinə vardım”.
Qonaqlar daha sonra Bakıdakı muzeyləri gəziblər: “Bakıda bir-iki muzeyi də ziyarət etmək nəsib oldu. Muzeylərdə keçmişə, qədim dövr materiallarına az yer verilmişdi. Daha çox kommunizmə aid reklamlar və afişalar vardı. Amma “Nizami” muzeyində Heydərlə başımıza gələn hadisəni unutmaq mümkün deyildi. Muzeyi dolaşdıqdan sonra çıxmaq istəyərkən oradakı işçilərdən biri müdirlərinin bizi görmək istədiyini söylədi. Onun otağına apardılar. Bizi olduqca xoş qarşılayan muzeyin müdiri professor Abbas Zaman bir az hal-əhval tutduqdan sonra bir arzumuzun olub-olmadığını soruşdu. Heydərin qohumu olan bir universitet tələbəsinin sifariş etdiyi kitabları axtardığımızı, eləcə də məndən “Hophopnamə”nin istənildiyini, bir çox kitabçılara baxsaq da, tapa bilmədiyimizi söylədik. Möhtərəm professor “bu məsələ asandır, siz iki gün sonra yanıma gəlin, hazırlayaram” dedi. Həqiqətən də, iki gün sonra muzeyə gedib onunla görüşdüyümüz zaman bizi çox səmimi şəkildə qucaqlayıb dəfələrlə öpdükdən sonra bütün sifariş etdiyimiz kitabları verdi, hətta mənə bir dənə yeni nəşr, bir dənə də çox köhnə bir nəşr “Hophopnamə” ərməğan etdi. Bizdən də onun bir ricası olduğunu, hər hansı bir şəkildə bir universitet vasitəsiylə Türkiyədə elmi tədqiqata dəvətə vəsilə olmağımızı istədi. Heydərin əqrəbası olan tələbə Ərzurumdakı Atatürk Universitetində oxuyurdu. Nə qədər çalışsa da, bu dəvəti həyata keçirə bilmədi. Amma çox illər sonra – SSRİ dağıldıqdan sonra həmin professorun Ankaradakı universitetlərdən birinin dəvəti ilə Türkiyəyə gəldiyini qəzetdə oxuduğum zaman ürəyindəki arzusunun yerinə yetdiyinə sevindim”.
Qeyd edək ki, mərhum Abbas Zamanov o illərdə başda Əhməd Cəfəroğlu olmaqla Hüseyn bəy Mirzəcamalbəyov, Abay Dağlı kimi mühacirlərlə məktublaşıb, şəxsi arxivində bu yazışmaları qoruyub.
Professor Ə. Cəfəroğlu ilə məktublaşmaları bir neçə il öncə kitab şəklində çap olunub. Müstəqillik illərində Budak bəyin də yazdığı kimi Abbas bəy Ankaraya gedib, Məhəmmədəmin Rəsulzadənin məzarına Novxanı torpağı da səpib.
Budak bəy xatirələrində Bakıda əntiq əşya dükanlarını gəzdiyini, xanımının üzüyünü baha qiymətə satdığını, polisin onları hər yerdə davamlı təqib etdiyini, Kirovun heykəlinin olduğu təpəliyə qalxdıqlarını da yazıb: “Əhalisinin çoxu müsəlman olan Bakıda məscidə təsadüf etməmişdik. Bu barədə soruşduğumuzda Bakıda bir məscid olduğunu, oraya da gedib-gələnin az olduğunu söylədilər. Kommunist rejimdə əhalinin çoxu etiqadını itirmişdilər”.
Qonaqlar daha sonra Bakıdakı neft quyularını yaxından görmək üçün taksi ilə şəhər kənarına, eləcə də Sumqayıtdakı plyaja gediblər.
Budak Demiral Bakı xatirələrində həkimlərin, taksi sürücülərinin və digər məslək sahiblərinin ağır durumundan da bəhs edib, insanların dövlətə vergi vermədən də əlavə çalışdıqlarını yazıb. Qonaqlar 10-12 günlük səyahətdən sonra təkrar Tiflis-Gümrü-Qars marşrutu ilə geri qayıdıblar. Onlar Gəncəyə getmək istəsələr də, icazə ala bilməyiblər.
Beləliklə, İrəvan əsilli ailənin həkim oğlu Budak Demiralın Azərbaycan xatirələri burada bitir.