4 Aprel 19:17
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstandan Azərbaycana 14,53 ton at ətinin gətirilməsi xəbəri həm sosial şəbəkələrdə, həm də insanlar arasında suallar doğurdu. Adətən, at əti ixrac edən Azərbaycana birdən-birə eyni adlı məhsulun gətirilməsi haqlı təəccübə səbəb oldu.

İdxal göstəricisini Dövlət Statistika Komitəsi sosial şəbəkə hesabında paylaşmışdı. Ardınca Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi açıqlama verdi ki, Qazaxıstandan Azərbaycana at əti idxal olunmur, əksinə, Azərbaycandan Qazaxıstana ixrac edilir.

Dövlət Gömrük Komitəsi isə bildirdi ki, sözügedən 14,53 ton at əti 2023-cü ilin dekabr ayında Azərbaycandan Qazaxıstana ixrac edilib. 2024-cü ilin yanvar ayında təkrar idxal gömrük proseduru adı altında geri qaytarılıb.

Bu anlaşmazlıq ət bazarında tüğyan edən qeyri-müəyyənliyi yenidən gündəmə gətirdi. Azərbaycanda at, it, eşşək ətinin mal, dana əti adıyla satışa çıxarılması hallarına az şahidlik etməmişik.

Maraqlıdır, ölkəmizdə ənənəvi olmayan at, it, yaxud digər heyvan ətlərinin satışına qadağa varmı? Sözügedən ətlərin insan sağlamlığına zərərləri barədə nə demək olar?

Teleqraf.com mövzunu mütəxəssislərlə araşdırıb.

“Ən sərt şəkildə cəzalandırılmalıdırlar”

Millət vəkili Fazil Mustafa bildirib ki, it, at, yaxud eşşək ətinin ölkəyə gətirilməsi istiqamətində təşəbbüslər varsa, günahkarların ən sərt şəkildə cəzalandırılması təmin olunmalıdır:

“Ölkəmizdə bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi xüsusi nəzarət tətbiq edib. Ölkəyə belə məhsulların daxil olması müəyyən dərəcədə ifşa olunub qarşısı alınırsa, bu, ərzaq təhlükəsizliyimiz üçün vacibdir. Hər halda bu ətin hansı məqsədlə gətirildiyi araşdırılmalıdır. Əgər onun başqa ət adı ilə istifadəsi düşünülürsə bu, cinayətdir və insanların həyatına qəsd mənasına gələn davranışdır. O baxımdan təşəbbüslər varsa, günahkarların ən sərt şəkildə cəzalandırılmasını təmin etmək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, vətəndaşlar bu istiqamətdə xəbərdar olmalıdırlar. “Bəlli bilgi olandan sonra ictimai nəzarəti də həyata keçirmək mümkün olur. Bu, ciddi cəza tələb edən əməllərdir və güman ki, müvafiq qurumlar bu istiqamətdə fəallığı artıracaqlar”.

“Təəssüf ki, bəzi işbazlar bunu edirlər”

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, şəriət nöqteyi-nəzərindən at ətinin yeyilməsinə icazə verilir:

“Bəzi islam alimlərinin fikirlərinə görə, at əti yeyilə bilər, amma bu, bəyənilməyən məsələdir. Bu gün Orta Asiyanın bəlli respublikalarında, o cümlədən Çeçenistanda at ətindən geniş istifadə olunur. İt, eşşək ətinə gəlincə, dində buna icazə yoxdur. Bildiyim qədər, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları davamlı tədbirlər görürlər.

Bu, həm də ənənə məsələsidir. Bizdə heç vaxt at əti yeməyib. Bu mənada belə bir hal qəbuledilməzdir. Amma təəssüf ki, bəzi işbazlar bunu edirlər və görünür, mal və qoyun əti adı altında at ətini bizim insanlarımıza satırlar”.

At ətinin zərərləri varmı?

Qida məsələləri üzrə ekspert Ağa Salamov at ətinin orqanizm üçün zərərli olmadığını deyir:

“Gəlin öncə bunu aydınlaşdıraq ki, at ətinin ölkəyə gətirilməsində problem varmı? Yoxdur, at əti ölkəyə gətirilə bilər. Bu zaman başqa sual meydana çıxır, axı, bizim mətbəximizdə at ətindən istifadə olunmur və o halda bu nə üçün gətirilir?

Vətəndaş diri at gətirə bilər. Fermerdir, atı gətirir, dayça vaxtından böyüdür, yetişdirir və baha satır. Burda heç bir qəbahət yoxdur. Məsələnin ikinci tərəfinə gəlincə, əgər ölkəyə idxal olunan at əti kolbasa istehsalında istifadə olunub, satışa çıxanda da inqridiyentləri arasında at ətinin olması faktı qeyd olunursa, bu da problem yaratmır. Çünki məhsulu alan istehlakçı onun tərkibində at ətinin olmasını biləcək.

Əgər kimsə at ətindən hazırlanan dönər, qutab satıb, bunu da insanlara öz adıyla təqdim edirsə, buna qadağa qoyula bilməz. Amma bu, gizli saxlanırsa, artıq böyük problemdir. Bu, istehlakçının aldadılmasıdır.

Gerçəklik ondadır ki, istehlakçı bizim mətbəxə aid olmayan hansısa bir heyvanın – at, yaxud eşşək ətini dönərdə görmək istəmir. Halbuki türk xalqlarının mədəniyyətində at ətindən istifadə geniş yayılıb. Oğuz türkləri ən yaxşı qonağına at əti təqdim edirlər.

Qazaxıstanda keçirilən bir festivalda özbəklər də, qazaxlar da at əti təqdim etmişdilər və mən də yedim. Təəssüf, indi at əti bizə elə təqdim edilir ki, sanki haramdır.

At əti orqanizm üçün zərərli deyil. Mikrobioloji çirklənməyə məruz qalan və qoca at ətini yemək təhlükəlidir. Digər hallarda isə onu yemək heç bir problem yaratmır”.

Qida ekspertinin sözlərinə görə, ətləri bir-birindən rənginə görə ayırd etmək mümkündür:

“Mal və at əti qırmızı ətlərdir. Amma at ətində qaralmalar müşahidə olunur. Nisbət fərqində bunu görmək mümkündür. Atda da, uzunqulaqda da olein yağ turşusu çox olur. Ətə diqqətlə baxanda toxumalarında sapsarı piylər görünür. Bəslənmiş atlarda isə bu incəlikləri ayırd etmək çox çətindir”.

Ağa Salamov Azərbaycanda it ətinin kəsilib satılmasının qeydə alınmadığını bildirib:

“Rusiyada onun satışı olmasa da, Çindən gətirilir. Ölkəmizdə isə bu halla rastlaşmamışam. Türk xalqları mətbəxində it əti yemək anlayışı yoxdur. Çində heç uyğur türkləri də bunu yemir. Eləcə də uzunqulaq ətini...”

Aldanmamaq üçün nəyi bilməli, nə etməliyik?

Qida ekspertinin istehlakçılara bəzi məsləhəti var: “Marka olmayan yerlərdən dönər yeməsinlər. Kolbasanı da alanda marka kolbasa alsınlar. Ucuz kolbasalara yaxın düşməyin. Dönəri də, kolbasını da az yeyin, amma keyfiyyətli yerlərdən, keyfiyyətli firmalardan alın.

Əti nəzarətdən keçən və sertifikatı olan qəssabxanalardan alın. Əgər qəssab əti kəsib soyuducuya qoymursa, bilin ki, o ət hər cür formada çirklənməyə açıqdır. Marketlərdən ət almaq məsləhətlidir, çünki onların hər cür inventarları var. Gigiyenaya da əməl edirlər”.

Dini cəhətdən hansı ətlərin yeyilməsi qəbul edilmir?

İlahiyyatçı Elşad Miri bildirib ki, Quranda qadağan olunan yeganə ət donuz ətidir:

“Amma elə dövr olub ki, peyğəmbər Xeybərdə eşşək ətini yeməyi qadağan edib. Bunun səbəbi insanların o dövrdə eşşəkdən nəqliyyat vasitəsi kimi istifadə etməsi idi. Ona görə də eşşəyin kəsilib yeyilməsini həmin vaxt qadağan etmişdi. Bu o demək deyil ki, eşşək əti, yaxud eşşəyin südü haramdır.

İt və pişik əti ilə bağlı konkret bir söz deyə bilməyəcəm. Bu gün insanlar yemək üçün müxtəlif ətlərdən istifadə edə bilərlər. Bu, ağız dadı, ölkənin adət- nənəsi, mədəniyyətini ilə əlaqəli məsələdir. Dində bununla bağlı qadağa yoxdur.

Skandinaviya ölkələrində maral, ceyran əti yeyilir. Ərəblər dəvə ətindən çox istifadə edirlər. Çinin müəyyən hissəsində it əti yeyilirsə, siz onu haramdır deyib qadağan edə bilməzsiniz.

Fransada bəzi lüks restoranlarda qurbağa ətindən istifadə olunur. Qiyməti də bahadır. Özbəkistanda, Qazaxıstanda toylarda at əti hörmətli qonaqlara verilir. Mən də orda olanda at əti yemişəm. Amma hansısa əti başqa ət adı ilə insanlara satmaq, onları aldatmaq hər bir halda günah və haramdır”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər