1 İyun 09:27
2 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunan torpaqlara köç karvanları hər gün davam edir. Prezident İlham Əliyev mayın 28-də Xocalıda sakinlərlə görüşü zamanı bildirib ki, sentyabr ayından Xankəndi şəhərinə də köç başlayır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına

Bəs Qarabağdan olan deputatlar illərdir azad olunacağını həsrətlə gözlədikləri torpaqlara köçüb orada yaşamaq istəyirmi?

Teleqraf.com sorğunu təqdim edir:

Cəbrayıl rayonunda doğulan deputat Ceyhun Məmmədov bildirib ki, ən böyük arzumuz torpaqlarımızın azad olunması idi: "30 il ərzində torpaqların azad olunması gözləyirdik. Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız azad olundu. Biz səbirsizliklə torpaqlarımıza qayıdacağımız günü gözləyirik. Çünki bizim bütün uşaqlıq xatirələrimiz ora ilə bağlıdır. Əcdadlarımızın, doğmalarımızın qəbirləri oradadır. Eyni zamanda bu torpaq uğrunda bizim çox gəncimiz canlarından keçiblər. Ona görə də tərəddüdsüz hər birimiz fəal formada oraya qayıtmağı düşünür və planlaşdırırıq. Artıq Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Bu il oraya köçün olacağı gözləyirik".

Onun sözlərinə görə, qısa zamanda bu proses başa çatacaq: "İşğaldan azad olan torpaqlarımıza 3 dəfə getmişəm. Sevinc və qürur hissi yaşayırsan, şükür edirsən ki, artıq torpaqlarımızı azad etmişik. Bu, özü böyük hadisədir. Digər tərəfdən isə evlərimizin dağıdılması və talan olunması çox narahat edicidir. Oraya gedib qayıtdıqdan sonra özümə gələ bilmirəm. Evimizi yalnız üçüncü səfərim zamanı tapa bildim. Bu mənada bir tərəfdən qürurluyuq, sevinirik, amma digər tərəfdən isə həm evlərimizin, həm qəbirlərimizin barbarcasına dağıdılması bizi ciddi şəkildə üzür".

Kəlbəcərli deputat Aqil Məmmədovun sözlərinə görə, 30 il erməni işğalından azad edilmiş torpaqlarımıza, ata-baba yurdlarımıza qayıtmağa müzəffər ali baş komandan, Prezident İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində nail olmuşuq: "Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı arzulayıram.

Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşam, uşaqlıq, gənclik illərim o kənddə keçib. Orada orta məktəbi bitirmişəm və iş fəaliyyətinə başlamışam. Sonrakı proseslərdə hərbi xidmət, ali məktəb, təyinat yerimizi dəyişsə də, atam, anam, qardaşım, bacım o kənddə yaşayıb. Təbii ki, bu torpaqlarımızın işğaldan azad olunması gününü mən də digər soydaşlarımız kimi səbirsizliklə gözləmişəm. Heç vaxt ümidimizi üzməmişdik. Allah bütün ölənlərə dünyasını dəyişənlərə rəhmət etsin. Yaxınlarımızın çoxu, yaşlı nəslin nümayəndələri, o cümlədən atam torpaq deyə-deyə rəhmətə getdi. Arzuları çox id, istəyirdi ki, o torpaqları gedib görsün. O kənddə yenidən nələr görəcəyini həmişə bizə danışırdı. Bizim dədə-babalarımızın qəbri o torpaqlardadır. Eyni zamanda uşaqlıq, gənclik dövrləri insanı cəlb edir ki, o torpağa qayıtsın. Mən də digər soydaşlarımız kimi çox həvəsli olaram ki, o torpağa qayıdım. Azərbaycan vətəndaşına hər hansı bir qoruq qadağa yoxdur. İnsan haqları hüquqları qorunur. Biz demokratik bir dövlətdə yaşayırıq. Nəinki mən, hətta istənilən bir Azərbaycan vətəndaşı sonradan gedib orada özünə ev alıb yaşaya bilər. Bununla bağlı çox sayda müraciətlər var. Anamın arzusu odur ki, qayıdaq, orada yaşayaq. Övladlarını, nəvələrini yığsın başına, doğma kəndimizdə, həyatı yenidən quraq və yenidən canlandıraq. Kənd camaatımızla həyatımızı davam etdirək".

Milli qəhrəman Şirin Mirzəyevin xanımı, əslən Xankəndidən olan sabiq deputat Flora Qasımova Qarabağda anadan olduğunu və orada böyüdüyünü qeyd edib: "Orada əzizlərimizin məzarları var. Bu neçə ildə ağır günlərimiz olub. Köçkün həyatı keçirib, şəhid dəfn etmişik. Bir gecədə iki şəhid gəlib. Biz şəhidlərimizin haqlarını necə itirə bilərik?! O torpağa geri dönmək hər bir azərbaycanlının arzusudur. Xocalı, Xankəndi, Şuşa, Kəlbəcərə getmişəm. Füzulidən keçmişəm, oradakı vəziyyəti görmüşəm. İndi də getmək istəyirəm. Xankəndidə bizim qayıdışımızla bağlı problemlərimiz olub. Xankəndinin icra strukturu olmayıb. Halbuki, başqa işğal olunmuş rayonların icra hakimiyyətləri fəaliyyət göstərib. Ancaq indi zamanda Xankəndinin ən çətin günləridir. Xankəndlilər başlı-başına qalmışdılar. Qarabağda itirilimiş qanın əvəzini biz orada yaşamaqla çıxa bilərik".

Xocalıdan olan deputat Elman Məmmədov Xocalıya köçən ilk ailələr siyahısında olduğunu söyləyib: "Ancaq müəyyən səbəblərə görə, evimiz hazır olmadı. Ancaq ikinci köçdə ailəmlə birlikdə ata-baba yurdum olan Xocalıya köçüb və orada yaşayacam. Uzun illərin həsrətindən sonra qələbə qazanmışıq. İllərdir doğma yurd-yuvamızda yaşamaq arzusunda olmuşuq. İndi də bu arzumuz gerçəkləşir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər