“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı başa çatıb. Şuşada 36 ölkədən gənclərin iştirak etdiyi beynəlxalq tədbir keçirilib. “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutub.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verib.
O bildirib ki, bu il Şuşa şəhərində bu tip silsilə tədbirlər davam etdiriləcək:
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının açılış mərasimi iyulun 4-də baş tutdu. Açılış mərasimində sonra “Sosial İnnovasiyalar Forumu", “Beynəxalq liderlik və diplomatiya” konfransı, "İslam gəncləri sülh və harmoniya naminə danışır" adlı panel müzakirəsi keçirildi.
Tədbirdə ümumilikdə 36 ölkədən 150-dən çox gənc iştirak edirdi. Onların hər biri təmsil etdikləri ölkənin fəal, liderlik bacarığı yüksək olan, sahibkarlıq sahəsi ilə məşğul olan gənclər idi. Tədbirin məqsədi Şuşanı tanıtmaq, islam ölkələri gənclərini Şuşaya gətirmək, onların birliiyini təşkil etmək idi. Həmçinin məqsəd dünyaya islam ölkələri gənclərinin birliyini nümayiş etdirmək idi. Şuşanın görməli yerlərini, mədəniyyətini tanıtmaq da əsas məqsədimizə daxil idi.
Tədbirin bir üstünlüyü də ondan ibarət idi ki, gənclərin bir çoxu ilk dəfə idi Şuşaya səfər edirdi. Təəssüratlarının yüksək olduğunu bildirdilər. Çünki tədbirdə Şuşaya aid bütün komponentlər nəzərə alınmışdı. Hətta yenidən Şuşaya gəlmək istədiyini deyənlər də var idi. Artıq Şuşada keçiriləcək növbəti layihələr üçün də müraciət ediblər.
Gələn qonaqlar Şuşa şəhərini gəzdilər. Yuxarı Gövhərağa məscidini, Cıdır düzünü, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş heykəllərini ziyarət etdilər. Sosial şəbəkələrdə Şuşanın şəkillərini çəkib paylaşdılar. Şuşa haqqında video çarxlar çəkildi.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlığı Gənclər Forumunun, bir çox beynəlxalq və yerli qurumların rəhbər şəxsləri də iştirak edirdi. Onlar panel müzakirələrində gənclərlə birlikdə oldular”.