26 İyun 14:51
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyəti dövründə milli ordumuzun uğurlu əməliyyatlarından biri də Muğan və Lənkəran səfəridir. Oradakı rus dayaqlarını məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edən ordumuzun bu qalibiyyəti general-mayor Həbib bəy Səlimovun adı ilə bağlıdır.

Həbib bəy 1881-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasında doğulub. İrəvan gimnaziyasını birinci dərəcə ilə bitirib, 1900-cü ildə orduya yazılıb. 1902-ci ildə Tiflisdəki piyada məktəbini bitirib, üçüncü Qafqaz atıcı taborunda “podporuçik” rütbəsində həqiqi hərbi xidmətə başlayıb. 1907-ci ildə “müqəddəs Vladimir” ordeni ilə təltif edilib. 1912-ci ildə “kapitan” hərbi rütbəsi alıb. Sank-Peterburqda Baş Qərargahın Nikolayevsk Hərbi Akademiyasını bitirib. Bakı uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə “polkovnik” hərbi rütbəsinə layiq görülüb. 28 fevral 1919-cu ildə “general-mayor” hərbi rütbəsini qazanıb.

Muğan və Lənkəran uğuru

Həbib bəy Səlimov Qarabağdakı erməni üsyanının yatırılmasında, Əsgəran zəfərində şücaət göstərsə də, onun adı daha çox Muğan və Lənkəran səfəri ilə bağlı xatırlanmaqdadır. Tarixçi Atamalı Şahbazov Cümhuriyyət ordusunun bu zəfəri ilə bağlı maraqlı bilgilər verib: “Həbib bəy Səlimov 12 avqust 1919-cu il tarixdə hərbi nazirin 354 №-li əmri ilə Lənkəran dəstəsinin komandanı təyin edilir və avqustun 14-də onun komandanı olduğu dəstə Lənkərana hərəkətə başlamış və yolboyu yerləşən rus kəndlərindən də silahlar toplamışdır. Dəstə avqustun 23-də Lənkərana çatmış və sürətli tədbirlər nəticəsində heç bir müqavimət görmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirmişdir. Bölgənin qiyamçı rus mənşəli əhalisi tərk-silah edilmiş, polkovnik İlyaşeviçin rəhbərliyindəki rus hərbi qruplaşması təslim olmuşdur. Düşməndən qənimət kimi 1 təyyarə, 24 top və 60 pulemyot götürülmüşdür. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy Səlimov burada qısa müddətdə vali vəzifəsini də icra etmişdir”.

Həbib bəy 4 sentyabr 1919 tarixində Lənkəran qəzasından döyüş ezamiyyətindən qayıtmış hesab edilib. Azərbaycan hərbiyyə naziri Lənkəran uğuru və Həbib bəy haqqında imzaladığı bir əmrdə bunları bildirib:

“Lənkəran şəhərinin azad edilməsi və həmin ərazilərdə Azərbaycan Cümhuriyyətinin hakimiyyətinin bərqərar edilməsi və qayda-qanunun yaradılması üçün mənim tərəfimdən 3 qoşun növündən ibarət xüsusi dəstə yaradılaraq general-mayor Səlimovun rəhbərliyi ilə Lənkəran qəzasına göndərilmişdir. Hacıqabuldan Lənkərana və geriyə 430 verst suzsuz yolu isti havada bizim qoşunlarımız 15 gün ərzində itkisiz və xəstəsiz qət etmişdirlər. Yürüş zamanı heç bir hadisə baş verməmiş və yerli əhali incidilməmişdir. Həmin ərazidə olan yaşayış məntəqələrinin yerli əhalisi çox böyük fəxrlə zabit və əsgərlərin nizam-intizamlı hərəkətlərindən razılıq etmişdirlər. Mən şəxsən Lənkəran qəzasına səfərim zamanı buna şahid oldum. Nümunəvi nizam-intizamları və həqiqi hərbi görnüşləri ilə hər kəsdə xoş təəsürrat yaratmışdırlar və zəngin hərbi qənimətlə anarxiyadan əziyyət çəkən Muğan və Lənkəran qəzasını bir damla qan axıdılmadan Azərbaycan Cümhuriyyətinə qaytarmışdırlar. Bütün bunlar ağıllı, təcrübəli və qoşunların ehtiyacını bilən dəstənin rəisi general-mayor Səlimovun rəhbərliyi sahəsində baş vermişdir. Uğurlu əməliyyatına görə general-mayor Səlimova “Təşəkkür” elan edirəm”.

Bu uğurlu səfərindən sonra Həbib bəy 10 dekabr 1919-da Bakı İstehkam rayonunun rəisi vəzifəsinə, 2 mart 1920-ci ildə isə Ordu Qərargahının rəisi vəzifəsinə təyin edilib.

“24 top və 6 pulemyot zəbt edilmişdi”

Mühacirətdə Azərbaycan tarixinin yazılmasında önəmli xidmətləri olan Mirzəbala Məhəmmədzadə “Muğan və Lənkəranın qurtuluşu” adlı məqaləsində Həbib bəyin bu səfəri ilə bağlı maraqlı məlumatlar təqdim edib. Onun yazdığına görə, 1919-cu ilin avqustunda ingilis işğal qüvvətləri Azərbaycanı tərk edincə məmləkət tam mənası ilə ikinci dəfə istiqlalına qovuşmuşdu. Bu tarixdən etibarən öz işlərini öz qüvvətləri ilə həll edəcəkdi: “Məmləkətin bütövlüyü ilə bağlı işlərin başında Muğan və Lənkəranda qalmağa davam edən ruslardı. Onlar döyüş görmüş, top və pulemyotlarla təchiz edilmiş qüvvətlərdi. Türk ordusu çəkildikdən sonra təşkil olunan ordumuz isə ilk səfərini edirdi. 1919-cu ilin sentyabrında ordumuz Bakıdan Lənkərana doğru hərəkət etdi. Yürüşün başında sonralar bolşeviklər tərəfindən şəhid edilən general Səlimoğlu Həbib bəy dayanırdı”.

Məhəmmədzadənin yazdığına görə Bakı uğrunda döyüşlərdə türk ordusunun yanında dəmiryolu boyunca hərəkət edən Azərbaycan qüvvətlərinə rəhbərlik edən Həbib bəy Bakı əhalisinin coşqun təzahüratı ilə yola salınmışdı: ““Yaşasın ordumuz”, “Yaşasın əsgərlərimiz” nidaları ilə yola salınan ordu qatarla Hacıqabul stansiyasına gəlmişdi. Hələ bir il əvvəl qanlı hərblərə səhnə olan buradan Lənkəranı, susuz Muğan səhrasını qət etmək şərti ilə 450 km-lik bir məsafə vardı. Hərəkat isti yay günlərinə təsadüf etmişdi. Buna baxmayaraq ordu bu məsafəni itkisiz uğurla qət etdi. Asi ruslar qısa bir müqavimətdən sonra təslimə məcbur oldular. Düşməndən 24 top və 6 pulemyot zəbt edilmişdi. Bütün səfər əsnasında orduda heç bir intizamsızlıq baş verməmiş, əhalidən də kimsənin hüququna təcavüz edilməmişdi. Bu cəhət hərbiyyə nazirinin orduya xitabən nəşr etdiyi əmrnaməsində xüsusi qeyd edilməkdə idi. Qəhrəman ordumuzun Lənkərana girişi böyük sevincə səbəb olmuş, şəhər zəfər tağları ilə, gül-çiçəklərlə bəzənmişdi”.

Mirzəbala Məhəmmədzadə məqaləsinin sonunda bu zəfərdən sonra Stalinin belə bir fikir işlətdiyini qeyd edib: “Sovet hökuməti Cənubi Qafqazdakı mühüm bir qalasını itirdi”.

Elə buna görə də bolşeviklər 1920-ci ilin dekabrında bir çox Azərbaycan zabiti kimi onu da güllələyiblər.


Müəllif: Dilqəm Əhməd