1 İyul 18:38
2 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarif Şurasının qüvvəyə minən yeni qərarına əsasən, dizel yanacağının qiyməti 20 qəpik, “Aİ-92” markalı avtomobil benzinin qiyməti 10 qəpik artırılıb. “Aİ-95” markalı benzinin qiyməti isə 40 qəpik endirilib. Qərarın ardınca metro və avtobuslarda gedişhaqqı 50 qəpik olub. Maraqlıdır, yanacağın qiymətinin artması başqa hansı sahələrdə artıma səbəb ola bilər?

Teleqraf.com-a açıqlama verən iqtisadçı Pərviz Heydərov “Aİ-92” markalı benzinlə dizel yanacağının qiymətinin artmasının dərhal nəqliyyatda daşımaların qiymətinin artmasına təsir etdiyini vurğulayır:

“Sərnişindaşıma qiymətləri müvafiq olaraq paralel şəkildə artdı. Dizel yanacağının litri bundan sonra 1 manat təşkil edəcək. Bu o deməkdir ki, dizel yanacağından ən çox hansı sahədə istifadə olunursa, o sahədə qiymət artımları baş verə bilər. Aqrar sektorda, kənd təsərrüfatında dizel yanacağından daha çox istifadə olunur. Ona görə də kənd təssürrüfatında istehsal olunan məhsulların tədarükü və daşınması üzrə xərclərin dəyişəcəyi ilə bağlı qiymət artımlarının meydana gələcəyi gözləniləndir. Ancaq ola bilər ki, yaxın müddətdə bu özünü büruzə verməsin.

Payıza doğru kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və daşınması üzrə xərclərin artması ilə əlaqədar qiymət yüksəlişi mümkündür. Ona görə də qiymət dəyişimi özünü birinci növbədə iqtisadiyyatın aqrar sahəsində göstərəcək. Orta persperktivdə elektrik enerjisinin qiymətinin artacağı ehtimalı da böyüyəcək”.

Pərviz Heydərovun sözlərinə görə, zəncirvari xarakter kəsb edərək digər istehlak məhsullarının qiymətləri bahalaşacaq:

“Yanacağın qiyməti istənilən yerdə, inkişaf etmiş ölkələrdə belə “domino effekti” verir. Yəni, yanacağın qiymətinin artması ilə zəncirvari olaraq bütün məhsullar bahalaşır. Bizdə də bunun baş verməsi qaçılmazdır. Hər iki yanacaq növünə üç il öncə baxılmışdı. Üç ildir “Aİ-92” bir litrə görə 1 manat, dizel isə 80 qəpik dəyərində satılırdı. Üç il öncə bunların hər ikisinin tarifinə baxılarkən benzin ilə dizel arasındakı fərq ilk dəfə o zaman azaldıldı. İkinci dəfə isə ən çox indi azaldılıb. Dizel yanacağı ilə “Aİ-92” arasında cəmi 10 qəpik fərq qaldı. Bu, dizel yanacağının atmosfer üçün zərərli olması ilə izah edilir”.

Teleqraf.com-a danışan iqtisadçı Akif Nəsirli isə deyir ki, enerji daşıyıcılarının qiyməti iqtisadiyyatın bütün sahələrdəki qiymətlər üçün açar rolunu oynayır:

“Yanacaq və yaxud elektrik enerjisi qalxırsa, ölkədə bütün qiymətlər dərhal buna reaksiya verir. İqtisadiyyatda bu xüsusi önəm daşıyır. Enerji daşıyıcılarının qiymətinin bahalaşması iqtisadiyyatda xidmətlərin maya dəyərini formalaşdıran əsas komponetlərdən biridir. Benzinin qiyməti bahalaşırsa, demək ictimai nəqliyyatın, taksinin də qiyməti bahalaşacaq. Əhalinin xərcləri artacaq, yeni gəlirlərə tələbatı yaranacaq. Bir sözlə, ümumi inflyasiya formalaşacaq. Gün ərzində ictimai nəqliyyatla iş yerinə gedən şəxs 80 qəpik ödəyirdisə, indi onun gündəlik xərci 25% bahalaşmış oldu. Bu bir avtobustdan istifadə edənlər üçündür. Elə insanlar var ki, 3 avtobusdan istifadə edir. Buna uyğun bütün istiqamətlərdə qiymət dəyişir. Məsələn, marketlərə məhsullar maşınlarla gətirilir. Benzinin qiymətinin artması şəhər iqtisadiyyatına, daşınma xərclərinin artmasına təsri edəcək”.

İqtisadçı yanacağın bahalaşmasının kənd təsərrüfatına necə təsiri olacağına da aydınlıq gətirib:

“Kənd təəssürüfatı mallarının qiymətinin artmasına olduqca, təsir edəcək. Kənd təssərrüfatı məhsullarının maya dəyərində dizel yanacağı əsas komponentdir. Həm şumlama, daşıma, becərmə, yenidən məhsulun daşınması dizel yanacağı ilə işləyən maşınlarla həyata keçirilir. Bu proses qiymətin qalxmasına gətirib çıxarır. İndi o strategiya götürülüb ki, dizel yanacağı ilə benzinin qiyməti bərabərləşdirilsin. Dizel yanacağı ilə benzin arasındakı fərq 20 faiz idisə, indi bu fərq 10 faizə enib. Benzin dizel yanacağından 10 faiz bahadır. Düzdür, dizel yanacağının enerji tutumu benzinin yanacaq tutumundan daha çoxdur. Ancaq buna baxmayaraq, qiymət baxımından onlar arasındakı fərq hər dəfə azalır. Bu dəfə də bu fərq minimuma endi”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər