İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə yayılan məlumatlar dezinformasiyadır.
Teleqraf.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar: "Dezinformasiyanın təsiri altında “İran İnternational” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar".
Vurğulanıb ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınanılır: "Eyni zamanda bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik".
Bəyanatda cəmiyyətə yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırış edilib.