Avqustun 18-i Masallı rayonunda ikimərtəbəli ev yanıb.
Teleqraf.com Qaynarinfo-ya istinadla xəbər verir ki, yanan ev rayonun tanınmış həkimi 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus olub.
O, Masallı rayon RMX-nin həkim-baş terapevti, tibb üzrə fəlsəfə doktorudur (kardiologiya).
V.Qurbanov açıqlamasında sözügedən evi 35 ilə tikdiyini deyib: “35 illik zəhmətim yandı. Yanğın baş verəndə evdə tək idim, yatmışdım. Birdə ayılıb gördüm ki, ev yanır, artıq divardan başqa heç nə qalmayıb. Yarım milyondan çox ziyan dəyib. Bütün sənədlərimiz, qızıllarımız və evdə lazım olan hər şey yandı”.
Qeyd edək ki, hadisə vaxtı ümumi sahəsi 216 kv olan evin mansard (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.