14 Sentyabr 12:32
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işlərini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu çərçivədə, NRFTDA tərəfindən BP şirkəti və onun podratçı təşkilatlarında çalışan ionlaşdırıcı şüalanma ilə işləyən işçilər üçün “Sənayedə radiasiya qəzaları” adlı təlim keçirilib.

Təlim nəzəri və praktiki hissələrdən ibarət olub.

Nəzəri hissə çərçivəsində NRFTDA-nın rəis müavini Əkbər Quliyev Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər barədə məlumat verib və sənayedə radiasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edib.

Agentliyin Nüvə və radiasiya qəzaları şəraitində idarəetmə sektorunun müdiri Baba Babayev radiasiya qəzaları, o cümlədən sənayedə rast gəlinən radiasiya qəzaları və bu zaman zəruri davranış qaydaları, qəzaya hazırlıq və nəticələrinin aradan qaldırılması tədbirləri, qəza zamanı ilk yardımın göstərilməsi və s. mövzuları əhatə edən təqdimatla çıxış edib.

Təlimin praktik hissəsində şərti olaraq baş vermiş güclü yanğın nəticəsində radioizotop cihazının qoruyucu örtüyünün “zədələnməsi” nəticəsində radioaktiv mənbədə “sızmanın” baş verməsi və ətrafa “səpələnməsi” halı üzrə simulyasiya həyata keçirilib.

Tədbir zamanı, həmçinin Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdir müavini Aygün Qarayeva iştirakçıları maraqlandıran suallarlı cavablandırıblar.

Uğurla keçən təlimin sonunda Agentlik tərəfindən hazırlanmış “Radiasiya qəzaları və onlardan qorunma tədbirləri” adlı poster iştirakçılara təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər