18 Sentyabr 10:56
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail “Hizbullah” üzvlərinin daşıdığı peycerləri partlatmaq planını İranın dəstəklədiyi terror təşkilatı tərəfindən bu planın üzə çıxarılacağından çəkinərək işə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadla “Axios” məlumat yayıb.

“Bu, ya istifadə, ya da itirmək anı idi”, - ABŞ rəsmisi İsrailin dünənki hücumunun səbəbini izah edərkən deyib.

Nəşr bildirir ki, genişmiqyaslı, koordinasiyalı hücum İsrailə aid edilsə də, rəsmi Yerusəlimdən heç bir şərh verilməyib.

Keçmiş İsrail rəsmisi “Axios”a söyləyib ki, İsrail partlayan peycerlərdən terror qruplaşması ilə genişmiqyaslı müharibədə açılış zərbəsi kimi istifadə etməyi planlaşdırsa da, son günlərdə baş verənlər bunun icrasını tezləşdirib.

“Al Monitor” da bu yaxınlarda “Hizbullah”ın iki üzvünün peycerlərlə bağlı narahatlıqlarını dilə gətirdiyini bildirib.

“Axios”a görə, İsrail müdafiə naziri Yoav Qallant hücumdan bir neçə dəqiqə əvvəl ABŞ-a hücumun baş verəcəyi barədə məlumat verib.

Dünən günorta saatlarında Beyrutda “Hizbullah” üzvlərinin daşıdıqları peycerlərin partlaması nəticəsində azı 9 nəfər ölüb, minlərlə insan yaralanıb. Olaylarda İranın Livandakı səfiri Müctəba Əmani də ağır yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər