17 Sentyabr 20:16
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstan səfəri Qərblə Tiflis arasındakı gərginliyin pik həddində reallaşdı. Qərbdən Tiflisə sanksiya və təzyiqlər İrəvanın Gürcüstanla bağlı bir sıra məqsədlərini sual altında qoyur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Qərblə əlaqələrini Tiflis üzərindən qurur, məsələn, bundan öncə Fransadan göndərilən silahlar Gürcüstan üzərindən İrəvana çatdırılıb:

“Gürcüstan-Qərb münasibətləri kəskinləşib, bu da Ermənistan üçün əlavə çətinliklər yaradır. Fikrimcə, Paşinyan Tiflisə səfərində əsas məqsəd Qərbdən göndərilən hərbi yüklərin gələcəkdə də maneəsiz çatdırılmasının davam etdirilməsini təmin etmək olub. Çünki Qərblə Gürcüstan arasındakı siyasi böhran gələcəkdə belə yüklərin Ermənistana çatdırılmasında problemlər yarada bilər.

Tiflis də Paşinyanın Qərblə sıx əməkdaşlığından narahatdır. Qərbdən üz döndərən Tiflis artıq İrəvanda yerləşən qərbliləri təhdid olaraq görür. Münasibətlərin kəskinləşməsindən sonra bir sıra Qərb QHT və institutları Tiflisdən çıxaraq İrəvanda yerləşiblər. Bu baxımdan, Baş nazir İrakli Kobaxidzenin son görüşdə həmkarı Paşinyandan İrəvanda Gürcüstan əleyhinə fəaliyyət göstərəcək QHT-lərə mane olmasını istəməsi istisna deyil”.

Əsədullazadə hesab edir ki, Paşinyanın bu xüsusda Tiflislə razılaşması mümkün görünmür:

“İrəvan Qərbin təlimatlarından kənara çıxa bilməyəcək. Bu kontekstdə yaxın perspektivdə Ermənistan və Gürcüstan arasında yeni siyasi böhran qaçılmazdır. Həmçinin Gürcüstan hökumətinin Azərbaycan əleyhinə Ermənistanla anlaşmaya getməsi də mümkün görünmür. Qərblə siyasi böhran yaşayan Gürcüstanın Ermənistan yox, Azərbaycana ehtiyacı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər