17 Sentyabr 15:09
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir.

Yarmarka hər gün saat 09:00-dan 19:00-dək fəaliyyətdə olur. Biz də bu xəbəri eşidib, “Gənclik” metrostansiyasının yaxınlığında keçirilən yarmarkaya yollandıq.

Teleqraf.com bal yarmarkasından reportajı təqdim edir.

Yarmarkaya ölkənin əksər rayonlarından bal gətirilib. Bir neçə ildir Qarabağ və Şərqi Zəngəzurdan gətirilən ballar da yarmarkada satışa çıxarılıb. Bölgələrin adı yazılmış piştaxtalarda dayanan arıçılar alıcıları gözləyir, gələnləri ballarının dadına baxmağa dəvət edirlər. Daha ətraflı məlumat öyrənmək üçün onlarla söhbətləşdik.

Balakən rayonundan gələn arıçı Fikrət Alqayev builki bal məhsullarının əvvəlki illərlə müqayisədə daha keyfiyyətli olduğunu iddia edir:

"Məhdsuldarlıq bu il yaxşı oldu, havalar yağışlı keçdi. Yağışdan sonra bitkilərin nektar verməsi daha da artdı. Xüsusən cökə balımız daha keyfiyyətlidir. Qaratikan, akasiya, çiçək ballarımız, arıçılıq məhsullarından vərəmum da var.

Vərəmum güclü antibyotikdir və orqanizmi möhkəmləndirir. Keçən il məhsuldarlıq az olduğu üçün qiymətlər yüksək idi. Bu il balın kilosunu 25-30 manata veririk. Ötən ilə görə xərclərimizi daha tez qarşılaya bilirik.

Yarmarkaya 400 kilodan artıq bal gətirməyə icazə yoxdur. Alıcılıq qabiliyyəti olsa, daha işimiz tez bitər. Alıcı sayından şikayətimiz yoxdur, gəlirlər. Əsasən qiyməti aşağı salmağımızı istəyirlər. Çox alanlara endirim edirik. İnsanlar balı həmişə eyni adamdan, inandıqları arıçıdan alırlar. Alıcılarımız illərdir bizi tanıyan insanlardır. Cökə balı asma, mədə bağırsaq xəstəliklərində, qaratikan balı isə qaraciyar, öd xəstəlikləri üçün alınır".

Arıçının sözlərinə görə balın qoxusuna görə seçmək düzgün deyil:

"Xarlamış bal təmiz baldır. Bu il hələ tezdir, bal xarlamayıb. Bal xarlamırsa, o bal deyil. Təbii balı arıçılar dadına baxıb bilirlər. Kortəbii üsullar dəqiq cavab sayılmır. Balın keyfiyyətini ancaq laboratoriyada bilmək olar”.

Satışda Hadrut balının da olduğunu eşidib, həmin stendi tapdıq.

Balı satan Biləsuvar rayonundan gələn arıçı Hikmət Əliyev 37 ildir arıçılıqla məşğul olduğunu deyir:

“Zəhərindən başqa arının bütün məhsullarını toplayırıq. Minə yaxın arımız var. Arıları Qarabağa - Hadrut və Tuğ bölgəsində aparmışdıq. Çox yaxşı məhsulumuz oldu. Artıq gətirmişik, çünki arını müalicə etmək lazmıdır. Bal süzülür, arı müalicə olunur, qışlanma yerlərinə qoyulur, yazda yenə aparacağıq.

Arıçılıq çətin olsa da, çox maraqlı sahədir. Bu sahəni gərək çox sevəsən ki, çətinlikləri rahat keçəsən. Hadrut və Tuğ balının qiyməti minimum 30 manatdır. Həmçinin Lerik balını da minimum 30 manata veririrk. Müalicəvi məqsəd üçün alan müştərilərimiz çoxdur. Məsələn, qanqal balı qaraciyər üçün daha faydalıdır".

Hikmət bəy təmiz balı necə müəyyən etmək olar sualını da cavablandırdı:

"Yumuşaq və tünd ballarımız var. Bəzən deyirlər ki, boğazı göynətdisə, deməli, bal təmizdir, göynətməsə, yox. Bu, doğru deyil. May balı yumuşaq olur, bəzi ballar isə kəskin olur. Təmiz balı ancaq laboratoriyada müəyyən etmək olur. Cürbəcür vasitələr göstərirlər, onların heç biri təsdiqini tapmayıb. Arıçılar özləri də alıcıları çaşdırlar. Balı satmaq üçün manipulyasiya edirlər ki, süzülməlidir, qırılmamlıdır və sair.

Təsərrüfatı Qarabağa apardıq, bunun xərci çox yüksəkdir. Balın maya dəyəri artır. Çalışırıq hansının maya dəyəri imkan verir, onu aşağı qiymətə verək. Çiçək tozu, güləmi normal qiymətə veririk. 37 ildir məşğul olduğum üçün məni tanıyırlar, inam qazanmaq çox vacibdir”.

Lerik rayonundan arıçı Ələkbər Salayev də sərgi-satış yarmarkasında iştirak edir:

“200 kiloqram bal gətirmişik. Ballarımız yüksək keyfiyyətlidir, analizdən keçib. Müxtəlif çeşidli arı və bal məhsullarımız var. Balın qoxusu, dadı və rəngi nektarın toplandığı çiçək növünə görə dəyişir. Təmiz bal bədəni yeniləyir, şəkərdənsə bal istifadə edilməlidir.

Qiymətlər 35-40 manatdır. Bizim həm daimi, həm də yeni müştərilərimiz var. Bu günə qədər bal alan müştərilərimiz ancaq razılıq ediblər. Son günlər gəliş-gediş artıb. Ümid edrik ki, yarmarkanın sonuna qədər arıçılar ballarını satıb bitirəcəklər”.

Zaqtalandan gələn Gültəkin Qasımova isə alıcılığın zəif olduğunu söyləyir:

“23 ildir arıçılıqla məşğuluq. Artıq ikinci ildir yarmarkada iştirak edirik. 180 arı yeşiyimiz var. Bu il 100 yeşiyi Laçına apardıq. Laçın balımız da var. 80 yeşik isə Zaqatala məhsuludur.

Laçın balının kilosu 35 manat, Zaqatala balının 30 manatdan başlayır. Çiçəklərinə görə Laçın balının rəngi daha açıqdır. Alıcılıq zəifdir. Bilmirəm səbəb nədir, bəlkə də insanların imkanı zəifləyib.

Qazancımız əsasən arının xərclərini qarşılayır. Kənara əlavə gəlir qoya bilmirik. Çünki hər şey bahadır, dərmanları, çərçivəsi, ortasının şanı, arı təsərrüfatının xərcləri çoxdur. Bu il Laçına arının daşınmasına daha çox xərc sərf olundu. Əvvəllər arı ailəsinə görə subsidiya verilirdi. Son iki üç ildir ki, verilmir”.

Qax rayonun Zərnə kəndindən yarmarkaya qatılan arıçı Nurməmmədov Məhyəddin müalicəvi məqsəd üçün bal alan alıcılarının üstünlük təşkil etdiyini vurğulayır:

“Dağ çiçəklərindən çəkilmiş bal, arıların topladığıı çiçək tozu, arı südü, cökə, süzmə ballarımızla sərgidə iştirak edirik. Qiymətlər 30-35 manatdır. Real müştərilərə endirim edirik. Əvvəliki illər də iştirak etmişik, alıcılq pis deyil.

İnsanlar tənbəlləşib, çoxu yarmarkaya gəlmək istəmir. Onlayn sifariş verir, qapıya gətirib çatdır deyirlər. Müalicə məqsədi üçün alan alıcılarımız əsasən dağ çiçəklərindən alırlar. Xeyir görürlər, immuniteti gücləndirir. Arı südü də var. Onu burada, soyuducuda saxlayırıq. Ana arının südüdür.

Arılar sürfə qoyur, hansısa arı ailəsində ana arı əzilir, ölürsə, əvvəlki ana qoyan sürfələr 4-5 gün ərzində yumurtadan çıxmış arıları südlə qidalandırır və bu yolla ana arı əmələ gəlir. Çiçək tozu ilə qidalandırdıqda işçi arı yaranır. Buna görə bal arısının möcüzəli olduğu deyilir".

Arıçı Fazil Pənahov qeyd edir ki, müştəriləri razı salmağa çalışırlar:

"İsmayıllı rayonundan gəlmişəm. 400 kilo süzmə bal, 30 ədəd çərçivə bal, 40 kilo qaymaq, güləm, çiçək tozu gətirmişik. 1992-ci ildən arıçılıqla məşğuluq. Arının daşınması çox xərc tələb edir. Yağışların intensiv olmasının təsəürrüfatımıza zərəri də olur.

Buna baxmayaraq, birbaşa fermerlərdən bal alan alıcılara qiymətlər sərfəli olmalıdır. Hər kəs öz istehsal etdiyi balı satır. Burada qiyməti biz özümüz tənzimləyirik. Endirim edirik, elə adam var, ona çox endirim edirik. Müştərini razı salırıq, boş buraxmırıq.

Qida Təhlükəsizliyi Agentliyi balları analizdən keçirir. Alıcıların yarmarkada aldadılması mümkün deyil. Hər kəsin öz müştəriləri, öz alıcıları var. Yeni müştərilər də az deyil. Ola bilsin, hava isti olduğuna görə gediş-gəliş azdır. Qarşıdakı günlərdə yarmarkaya gələnlərin sayının artacağını düşünürəm”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər