17 Sentyabr 20:00
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanı devirəcəyini bəyan edən revanşist “Vətən naminə Tavuş” Hərəkatı bu dəfə də məqsədinə nail ola bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr bildirir ki, hərəkatın lideri Baqrat Qalstanyan yeni itaətsizlik aksiyalarından əvvəl sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın parlament blokları ilə görüşüb:

“Baqrat Qalstanyan sentyabrın 16-da parlamentdə “Ermənistan” və “Şərəfim Var” fraksiyaları ilə iki saatlıq görüş keçirib. Görüşün təfərrüatlarını açıqlamasa da, hərəkat liderinin sözlərinə görə, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması imkanlarını müzakirə ediblər.

Baqrat hakimiyyətə “isti payız” vəd etmişdi, amma indiyədək yalnız müxalifətin Paşinyana nəzəri hiddəti baxımından “isti atmosfer” hökm sürür. Qalstanyan və digərləri heç bir fikir ayrılığının olmadığını iddia edərək hərəkata dəstək verəcəklərinə söz versələr də, hərəkatın günbəgün söndüyü göz önündədir. Bunu Baqratın parlamentdəki son bəyanatı da sübut edir.

“Mənim siyasi lider olmaq ambisiyam yoxdur, bunu əvvəldən demişəm”, - Qalstanyan söyləyib.

Hələ may ayında müxalifətin baş nazirliyə namizədinin başqa şəxs ola biləcəyi ilə bağlı şayiə vardı, çünki ikili vətəndaşlığı olan Baqrat Qalstanyan Konstitusiyaya görə, namizəd ola bilməzdi. Amma buna baxmayaraq, o vaxt Baqrat namizəd olacağını, hakimiyyətin isə cəmiyyətin qərarı ilə hesablaşmalı olacağını bəyan etmişdi. Cəmiyyətin qərarı isə belə olmadı. İndi iqtidar müxalifəti ələ salmaqla məşğuldur, çünki oradan özünə təhlükə hiss eləmir.

Baqrat Qalstanyan da reallığı anlayır, addım-addım geri çəkilməyə, hərəkata rəhbərliyi başqa, daha təcrübəli fiqura ötürməyə çalışır. Bütün əsas müxalif qüvvələr konsensusa gəlib nüfuzlu namizəd təqdim edə bilməsə, heç nə alınmayacaq. Əks halda Paşinyan yenidən keçmiş hakimiyyətlərə qarşı oyununu davam etdirməyə başlayacaq. Hər halda, artıq hazırlaşır, Robert Köçəryan barədə cinayət işinin yenidən araşdırılması buna sübutdur”.

Baqrat Qalstanyan ötən həftə Robert Köçəryan və Serj Sərkisyanla da görüşmüşdü. Məqsədləri Paşinyanı devirmək olan hərəkat İrəvandan Azərbaycanla sülh danışıqları və delimitasiya prosesinin dayandırılmasını da tələb edir.

Revanşist hərəkat sentyabrın 23-də Nikol Paşinyan hökumətinə qarşı itaətsizlik aksiyalarına başlayacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər