Naxçıvanda "Yaşıl enerji"nin layihələndirilməsi üçün 8 000 hektara yaxın ərazi müəyyənləşdirilib.
Bunu Teleqraf.com-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat katibi deyib.
Onun sözlərinə görə, Muxtar respublikanın Arazboyu düzənliklərində günəşli saatların illik miqdarı 2600-2800 saat/il, günəş radiasiyasının illik miqdarı 148–150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152–160 kkal/sm2 arasında dəyişir:
"Muxtar Respublikada mövcud günəş elektrik stansiyalarında illik hesablamalara əsasən günəş radiasiyasının miqdarının 138–140 kkal/sm2/il arasında olduğu təsdiq edilib.
Dövlət proqramına əsasən “Yaşıl enerji” istehsalı üçün 7992 ha ərazi ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli və xariçi şirkətlərlə memorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə “Texniki-iqtisadi əsaslandırma”ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq".