21 Oktyabr 14:18
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya təcrübəsində valideynlərin dərslərdə iştirak etməsi məsələsinə müxtəlif yanaşmalar var. Məsələn, ABŞ-da bəzi məktəblərdə valideynlər övladlarının sinifdə dərs fəaliyyətini müşahidə etmək üçün müəyyən günlərdə məktəbə dəvət olunur. Bu fəaliyyətlər “open house” (açıq qapı) və ya “parent observation” (valideyn müşahidəsi) adlanır. Bu günlərdə valideynlər sinifdə oturaraq dərsləri izləyir, lakin dərs prosesinə müdaxilə etmirlər.

Bəs, Azərbaycanda belə təcrübə varmı?

Teleqraf.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov "Təhsil haqqında Azərbaycan Respublikası Qanunu"nun 34-cü maddəsinə görə, valideynlərin vəzifələri arasında övladlarının təhsil prosesinə nəzarət etmək, onların müvafiq hüquqlarını qorumaq, lakin məktəbin daxili nizamnamələrinə riayət etmələrinin qeyd olunduğunu deyir:

“Bu o deməkdir ki, valideynlər dərslərə qatıla bilərlər. Onların dərs prosesini izlənməsi üçün məktəb rəhbərliyindən icazə almaq tələb olunmur.

Valideynlərin övladlarının dərslərində iştirak etməsinin həm müsbət, həm də mənfi tərəfləri var. Valideynlər övladlarının öyrəndiyi materialları, müəllimlərin tədris metodlarını və ümumiyyətlə, sinifdəki mühiti yaxından izləyə bilərlər. Bu, onların övladlarının inkişafını daha yaxşı başa düşmələrinə və evdə əlavə dəstək göstərmələrinə kömək edə bilər. Eyni zamanda valideyn-müəllim əlaqələrini də gücləndirər.

Müəllimlər valideynlərdən əlavə dəstək alar, valideynlər isə müəllimlərin övladlarına necə yanaşdıqlarını daha dəqiq görərlər.

Finlandiya kimi təhsil sistemində isə valideynlərin dərs prosesinə daxil olması çox nadir hallarda baş verir.

Finlandiyada tədris prosesi tam müstəqil qaydada həyata keçirilir və valideynlər əsasən məktəbdən kənarda, ev tapşırıqları vasitəsilə təhsilə dəstək verirlər".

Ekspert valideynlərin sinifdə olmasının mənfi tərəflərindən də danışıb:

“Bu, şagirdlərin diqqətinin yayınmasına və dərs prosesində qarışıqlığa səbəb ola bilər. Şagirdlər özlərini rahat hiss etmədikdə dərsin keyfiyyəti aşağı düşər. Bəzi uşaqlar valideynlərinin sinifdə olması ilə daha çox stres keçirir, bu da onların tədris prosesinə mənfi təsir göstərir.

Valideynlərin dərslərdə iştirakı zamanı müəllimlər də özlərini narahat hiss edir, bu isə onların dərsi idarəetmə bacarıqlarına mənfi təsir göstərir. Əlbəttə, valideynlər təhsilə maraq göstərməli və övladlarının təhsilini yaxından izləməlidir, amma onların sinifdə fiziki iştirakı tədris prosesinə mane ola bilər.

Valideynlərin təhsilə dəstəyini məktəbdən kənarda, evdə davam etdirməsi daha səmərəlidir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər