"Azərbaycan və Çində Qadınların Olimpiya İdmanı" mövzusunda tədbir keçirilib.
Martın 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş "Azərbaycanda və Çində Qadınların Olimpiya İdmanı" mövzusunda tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə ölkəmizin tanınmış, görkəmli idmançısı, atıcı və məşqçi, Dünya kubokunun sahibi İradə Aşumova və Azərbaycan İdman Federasiyalarının nümayəndələri iştirak edib.
Azərbaycan-Çin idman münasibətlərinin uğurla inkişaf etdiyini, Çində keçirilən dünyamiqyaslı yarışlarda ölkəmizin qadın idmançılarının iştirakı haqqında danışan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Prezident İlham Əliyevin Çinə səfəri zamanı Pekində XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdiyini deyib.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çində qadınların idmanın inkişafı tarixində rolları, Çin Olimpiyasında qadın çempionların idmanda qazandıqları nailiyyətlər haqqında danışıblar.
Tədbirdə Bakı ilk Avropa Oyunlarının İstismar Komitəsinin Protokol şöbənin əməkdaşı Faiq Məmmədov oyunları təmin etmək üçün Komitənin gördüyü işlər haqqında məlumat verib.
Seminarda Pekin Olimpiadasının açılış mərasiminə həsr edilmiş və müxtəlif beynəlxalq yarışlarda Azərbaycan, eyni zamanda Çin qadın idmançılarının iştirakından görüntülər nümayiş olunub.
Sonda ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr lirik Çin mahnıları və Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i Çin dilində səsləndiriblər.
Qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitab hədiyyə edilib.
SEVİL