16 Mart 2015 15:55
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsəbədə çirkab sutəmizləyici qurğu da inşa olunacaq

“Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi “Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı sistemlərinin yaradılması” layihəsi başa çatıb. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqəkər şöbəsindən verilən məlumata görə, martın 14-də Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin istismara verilməsinə həsr olunmuş açılış mərasimi keçirilib. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, KOİCA-nın vitse-prezidenti Kim İn, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qeyd edib ki, hazırda 40-dək şəhər və rayon mərkəzində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 2013-cü ilin mayında Kürdəxanı qəsəbəsində yeni içməli su layihəsinin icrasına başlanılmışdır. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26250 nəfərin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanıb: “Koreya şirkətləri tərəfindən həyata keçirilən tikinti-quraşdırma işləri qısa müddətdə tam başa çatdırılıb. Layihə çərçivəsində qəsəbədə polietilen borularla 97,2 km uzunluğunda içməli su xətləri çəkilmiş, 3945 ünvana birləşmə verilib və bütün abunəçilər smart sayğaclarla təmin edilib. Bununla da 14300 nəfər qəsəbə sakini 24 saat fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Eyni zamanda yanğın təhlükəsizliyi məqsədi ilə qəsəbənin müxtəlif yerlərində 436 yanğın hidrantı quraşdırılıb”.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in çıxışında Azərbaycan və Koreya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini yüksək qiymətləndirib. Səfir ölkəsinin Azərbaycanda həyata keçirilən layihələrə bundan sonra da dəstək verəcəyini bildirib.

KOİCA-nın vitse-prezidenti Kim İn layihə haqqında məlumat verərək bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir: “Kürdəxanı qəsəbəsinin su təchizatının yaradılması üçün Koreya hökuməti Azərbaycana 26,18 milyon ABŞ dolları məbləğində yardım (qrant) ayırıb. Kürdəxanı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin vaxtında və keyfiyyətlə icrası bu uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bizim işlərimiz bununla yekunlaşmır. Pirşağı qəsəbəsinin yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğunun inşasına Koreya hökuməti kredit ayırıb və artıq bu il işlərə başlanılacaqdır. KOICA-nın ayıracağı qrant hesabına Beyləqan rayonu ərazisində Xocavənd qəsəbəsinin su təchizatı sistemlərinin yaradılması da nəzərdə tutulur”.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Daha sonra layihənin açılışı olub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər