Daha sağlam və gözəl olmaq üçün pəhriz saxlayanların sayı günbəgün artır. Bunda yay mövsümünün yaxınlaşmasının da təsiri var. Ancaq bəzən insan sağlam qidalandığını zənn edib maddələr mübadiləsinə pis təsir edən xətalara da yol verir. Bu isə sağlamlıq üçün təhlükə yaratmaqla yanaşı, arıqlamağa da mane olur.
Maddələr mübadiləsinin yavaşlaması böyrək çatışmazlığına, damar tutulmasına, infarkta, bağırsaq xəstəliklərinə, tiroid hormonlarının səviyyəsininin dəyişməsinə gətirib çıxara bilər. Maddələr mübadiləsinin pozulması insan psixologiyasına da təsir edir. Belə insanlar daha əsəbi olur və tez-tez depressiyaya düşürlər.
Publika.az bütün bunları nəzərə alaraq pəhriz saxlayarkən yol verilən 7 təhlükəli xətanı araşdırıb:
1.Karbohidratdan imtina etmək
Xüsusilə, bahar və yay aylarında “Pəhrizə başlamışam, çörək, plov və makaron yemirəm” cümləsini tez-tez eşidirik. Bir çox insan arıqlamaq üçün un məhsullarından imtina edir. Ancaq qida menyusundan karbohidratı tamamilə çıxartmaq müəyyən müddət sonra əzələ itkisinə, yorğunluğa, sinirlərin gərginləşməsinə səbəb ola bilər. Unutmayın ki, beyin yalnız qlükoza ilə qidalanır. Əgər gün ərzində 50 qram qlükoza qəbul etməsəniz, bu beynin normal fəaliyyətinə mane ola bilər. Heç kəs, hətta şəkər xəstələri belə karbonhidratdan tamamilə imtina etməməlidir. Heç olmasa, tam buğda unundan bişirilən çörək, darı plovu, kəpəkli makaron kimi mənbələrdən karbonhidrat alınmalıdır.
2. Bitki çayları içərək arıqlamaq prosesini sürətləndirməyə çalışmaq
Artıq kilodan xilas olmaq istəyənlər daha çox bitki çayı içməyə çalışırlar. Ancaq həddən artıq bitki çayı içmək insanı arıqlatmır. Sadəcə olaraq bədəndəki suyun atılmasını və bağırsağın hərəkətinin sürətlənməsini təmin edir. Bu isə qısa müddətə təsir edir. Tərəzidə 1-2 kilo arıqladığınızı görə bilərsiniz. Bu, yağ itirdiyiniz anlamına gəlmir, sadəcə olaraq bədəninizdəki artıq suyu atmış ola bilərsiniz.
Bitki mənşəli olsalar belə, bu çaylardan mütəmadi olaraq istifadə etdikdə qaraciyərdə toksik maddələr toplanır. Həmçinin, ürək ritmində nizamsızlıq, təzyiqin ani dəyişməsi müşahidə edilir. Böyrəklərə də qalıcı zərər dəyə bilər.
Mütəxəssilər həkimlə məsləhətləşmədən bitki çaylaırna müraciət etməyi düzgün hesab etmirlər.
3. Rihanna, Şakira və ya Maddonna pəhrizi adı altında təqdim olunan təhlükəli pəhrizlər saxlamaq
Televiziyada, jurnalda və ya qəzetlərdə gördüyünüz pəhrizləri saxlamaq ölümcül təhlükələrə səbəb ola bilər. Çünki hər insanın həyat tərzi, orqanlarının sağlamlığı və qidalanma vərdişləri fərqlidir. Ona görə də pəhriz sistemi hər bir şəxsə özəl olaraq hazırlanmalıdır. Arıqlamaq istəyirsinizsə, bir diyetoloqa müraciət edin.
4. Arıqlamaq üçün xüsusi dərmanlardan istifadə etmək
Reklamlarda gördüyünüz arıqlama dərmanlarından istifadə etməyin. Çünki bu həblərdən istifadə etmək böyrək çatışmazlığından infarkta, qaraciyər xəstəliklərindən bağırsaqların fəaliyyətinin pozulmasına kimi bir çox problemə səbəb ola bilər.
5. Bəzi qidalara qadağa
Pəhriz saxlayanlar çox vaxt yüksək kalori ehtiva etdiyi üçün kartof, kök, göy noxud, qarğıdalı və banan kimi bol vitaminli meyvə, tərəvəzlərdən imtina edirlər. Halbuki bu qidaalr bir çox xəstəliyin qarşısını alır və sağlamlığın keşiyini çəkir. Ona görə də yararlı meyvə və tərəvəzləri həyatınızdan tamamilə çıxarmayın. Sadəcə, porsiyanı azaldın.
6. Həddən artıq idmanla məşğul olmaq
İdmanla məşğul olan insan kifayət qədər zülal qəbul etməlidir. Ancaq pəhrizdə olan şəxs bacardığı qədər az yeməyə çalışdığı üçün lazımlı minerallardan və vitaminlərdən məhrum olur. Belə halda edilən ağır, uzun müddət davam edən idman sağlamlığa zərər vurur. Proqramsız şəkildə saatlarla edilən idman əzələ itkisinə və maddələr mübadiləsinin zəifləməsinə səbəb olur. Həmçinin, həyatı boyu idman etməyən, ancaq birdən-birə günün böyük bir hissəsini idmana həsr edən şəxslərdə oynaq problemləri yarana bilər. Ona görə də əvvəlcə, bədəni idmana öyrəşdirmək laızmdır. Ani şəkildə ağır idman növlərinə başlamaq məsləhət deyil. Dünya Sağlamlıq Təşkilatı həftə ərzində edilən 150 dəqiqəlik məşqi kafi hesab edirlər.
7. Çox miqdarda meyvə yemək
Mövsümünə uyğun olan meyvələrdən yemək lazımdır. Ancaq meyvənin də çox yeyilməsi zərərlidir. Meyvələr, adətən, früktoza ehtiva edirlər ki, bu da qarın bölgəsinin sürətlə yağ toplamasına səbəb olur. Ona görə də gündə 3 ədəd meyvə yemək kifayətdir.