23 Mart 2015 21:41
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ailələrin mənzilə olan ehtiyacının ödənilməsi üçün ipotekaya ayrılan ümumi vəsaitin həcminin artırılması, ipotekanın regionlarda geniş tətbiqi nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, komitə tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsi hazırlanıb. Sənəd layihəsində ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar məsələlər öz əksini tapıb: “Eyni zamanda, ipotekaya ayrılan ümumi vəsaitin artırılması, ipotekanın regionlarda geniş tətbiqi nəzərdə tutulur. Bu da insanların mənzilə olan ehtiyacını bir qədər ödəyəcək”.

S.Qəhrəmanova bildirib ki, ölkənin sosial-iqtisadi imkanları artdıqca, hökumət əkiz və üçəm uşaqları olan ailələrin rifahının daha da yaxşılaşdırılması məsələsini daim diqqət mərkəzində saxlayır.

Komitə rəsmisi onu da əlavə edib ki, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən beynəlxalq təşkilatlar və ekspertlər cəlb olunaraq Milli Uşaq Strategiyasının layihəsi hazırlanıb.

Strategiya BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında təsbit olunan “uşaqların ən yaxşı maraqları” prinsipinə əsaslanaraq uşaq hüquqlarının təmin edilməsi sahəsində mövcud mexanizmlərin təhlilini və qarşıda duran aktual məsələlərin həllinə yönəlmiş genişmiqyaslı tədbirləri əhatə edir. Strategiyada uşaqların sağlamlığının qorunması, uşaq ölümlərinin sayının azaldılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kompleks işlərin görülməsi, uşaqların müəssisələrdən ailələrə verilməsi və alternativ qayğı məsələləri, uşaqlara dair məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsi və digər məsələlər yer alır.


Müəllif:

Oxşar xəbərlər