10 Aprel 2015 11:52
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı məhsulları barədə elektron məlumat bazası yaradılır

İstehlakçılar kənd təsərrüfatı məhsulları haqqında elektron məlumat bazasından operativ bilgi əldə edə biləcəklər. Bu istiqamətdə konkret addımlar Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Kənd təsərrüfatı ili” elan edilməsilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulub.

Adıçəkilən sənəddə kənd təsərrüfatı sahəsində informasiya texnologiyaları üzrə infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatı sisteminin yaradılması əksini tapıb. Tədbirlər Planının 4.8-ci bəndində isə göstərilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sistemi qurulacaq.

Kənd Təsərrüfatı Nazirliyi bu işin icrasını üçüncü rübdə başa çatdırmalıdır.

Bir sözlə, alıcı hansı bazarda kənd təsərrüfatı məhsulunun hansı çeşiddə, növdə, qiymətdə və sair olması barədə evində oturmaqla elektron məlumat sistemindən məlumat əldə edə biləcək.

Ekspert: “Bu tədbirin reallaşması çox səmərəli olar”

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, belə bir resursun yaradılması çox səmərəli olar. Ekspert bildirdi ki, bir müddət əvvəl Dünya Bankının dəstəyi ilə belə bir sayt fəaliyyət göstərib. Yerlərdən toplanmış məlumat bu sayt vasitəsilə mərkəzləşmiş qaydada istehlakçılara ötürülüb, lakin sonradan donor olmadığı üçün həmin sayt əhəmiyyətini itirib.

Belə bir onlayn sistemin yenidən işə düşməsi və faydalı şəkildə fəaliyyət göstərməsi üçün ekspert təklif edir ki, kənd təsərrüfatı məhsulları barədə məlumatlar mərkəzləşmiş qaydada yox, 3 istiqamətdə fəaliyyət göstərən elektron sistemlərdə yerləşdirilsin: “Məhsulların istehsalçı, topdan və pərakəndə satış qiymətləri barədə operativ məlumatların internet vasitəsi ilə istehlakçılara ötürülməsi təşəbbüsü ilə uzun müddətdir çıxış edirik. Biz hesab edirik ki, bu məlumatların fermerlər və bazar sahibləri tərəfindən yerləşdirilməsi daha məqsədəuyğundur. Bu sistemi vahid mərkəzdən idarə etmək olduqca mürəkkəbdir. Ölkədə satış məntəqələrinin sayı kifayət qədər çoxdur.

Digər tərəfdən, fermerlərimizin də sayı kifayət qədərdir. Ölkədə istehsalla məşğul olan 850 mindən çox ailə təsərrüfatı var. Ona görə də hökumətə təklif etmişik ki, fermerlər üçün istehsalçı qiymətləri ilə bağlı bir, topdansatış qiymətlərlə bağlı ikinci, bazarlarda mövcud olan istehlakçı qiymətlərlə bağlı üçüncü sayt fəaliyyət göstərsin.

Təbii ki, fermerin istehsal etdiyi məhsulun adı, çeşidi, qiyməti barədə onlayn məlumat yerləşdirməsi üçün istifadəçi kodu olmalıdır. Bunun üçün o, məşğul olduğu təsərrüfat növü ilə bağlı həmin saytdan qeydiyyatdan keçməlidir.

Bazarda bir məhsul xarici görünüşünə, sortuna, kalibrinə görə 20-30 çeşiddə ola bilər. Ona görə bu işi professional qaydada bazar sahibləri, topdansatışda məşğul olanlar və fermerlər hər biri öz fəaliyyət istiqamətlərinə uyğun saytlarda məlumat yerləşdirə bilərlər. 3 istiqamətdə belə elektron sistemin fəaliyyət göstərməsi, rəqəmlərdə manipulyasiya etməyə də imkan yaratmaz. İstehsalçı qiyməti bilinməsə, istehlakçı qiymətinin açıqlanmasının nə faydası var?!"

Sağlam rəqabət mühiti

Vahid Məhərrəmov dedi ki, kənd təsərrüfatı məhsullarının həm istehsal qiyməti, həm də bazara hansı qiymətə çıxarılması barədə şəffaf məlumatların yerləşdirilməsi sağlam rəqabət mühiti yaradar və kənd təsərrüfatının inkişafına zəmin yaradar: “Hər bazar özünün saytını yaradıb məlumat versə, bu, daha yaxşı olar. Elektron tabloların hazırlanması və bunun internet vasitəsilə istehlakçılara ötürülməsi qanunla tənzimlənmələnərsə, bu iş daha müsbət effekti verər.

Bazar rəhbərliyi öz bazarını reklam etməkdə, qiymətlər haqqında elanlar verməkdə, əlavə müştəriləri cəlb etməkdə maraqlı olarsa, bununla sağlam rəqabət mühiti yaranmış olar. Yəni sistem elə qurulmalıdı ki, bazar sahibi satışla məşğul olan müştərilərinə xidmət göstərsin".

Ekspertin fikrincə, portalda məlumatların yerləşdirilməsinin hökumət qurumu tərəfindən həyata keçirilməsi maddi baxımdan da sərfəli deyil. Çünki bunun üçün əlavə işçilər cəlb olunmalıdır: “Başqa ölkələrdə qiymətlərlə bağlı elektron sistem fəaliyyət göstərir və bunu özəl qurumlar həyata keçirir. Yəni bu iş üçün dövlət büdcəsindən vəsait ayrılması əlavə xərcdir”.

Məlumatı nazirliyin icmallaşma şöbəsi yayacaq

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirdi ki, hazırda nazirliyin saytında yenilənmə işləri aparılır. Kənd təsərrüfatı məhsulları haqqında qiymətlərdən insanlar bu sayt vasitəsilə məlumat əldə edəcək: “Bazarlarda həm məhsulların topdansatış, həm də pərakəndə qiymətləri barədə hər həftə ərzində qiymətlər orada yerləşdiriləcək. Bazara gedən hər bir insan məhsul barədə topdansatış və pərakəndə qiymətlərlə tanış ola biləcək. Nazirliyin icmallaşma şöbəsi var. Bu şöbə hər həftə topdan və pərakəndə satışla bağlı monitorinqlər aparır. Bu şöbənin məlumatları əsasında saytda ayrıca bir bölmənin fəaliyyəti nəzərdə tutulub ki, bu məlumatlar da o bölmədə yerləşdiriləcək. Hazırda saytımızın yenilənməsi istiqamətində işlər gedir”.

“Yenilənən sayt haqqında ictimaiyyətə məlumat veriləcək”

Nazirlik rəsmisi dedi ki, KTN qiymət siyasəti aparmadığına görə və bazarlarda qiymətlər tələb-təklif əsasında müəyyənləşdiyi üçün qiymətlərin manipulyasiyası gözlənilən deyil: “Qiymətlər inzibati yolla tənzimlənmir. İstehsalçının qarşılıqlı razılaşması əsasında müəyyən olunur. İstehsalçını məcbur etmək olmaz ki, bu məhsulu filan qiymətə sat. Kənd təsərrüfatı yarmarkalarında olub ki, istehsalçı 80 qəpiyə satdığı məhsulu günün sonunda tez satsın deyə 50 qəpiyə satıb. Ona heç bir məcburiyyət qoyulmayıb. Nazirlik nümayəndəsi münasib qiymət təklif edə bilər, razılaşmaq fermerin öz işidir”.

Murtuzəli Hacıyev onu da bildirdi ki, nazirliyin yenilənən saytının yaxın zamanlarda istifadə veriləcəyi gözlənilir və bu barədə ictimaiyyətə məlumat açıqlanacaq.

Sevil


Müəllif:

Oxşar xəbərlər