20 Aprel 2015 14:52
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araşdırmaçı-tarixçi Güntay Gəncalp Teleqraf.com-a müsahibəsində 1905-1911-ci illərdə İranda Məhəmmədəli Şah hakimiyyətinə qarşı inqilaba rəhbərlik etmiş Səttar Xanın fədakarlığının əslində, fars milliyətçiliyinə xidmət etdiyini bildirmişdi: “Səttar Xan bir savaşçı idi. Fars milliyətçiliyinin uzun tarixə sahib olan planlarından xəbərsiz idi. Ayətullahlardan təqlid edirdi və «Nəcəf mollaları savaş fətvası verdikləri üçün savaşıram» deyirdi. Ölkədə, bölgədə və dünyada gedən siyasi hadisələri təhlil edəcək intellektual şəxsiyyət deyildi. Məşrutənin bütün ideoloji bilgiləri və inanc qaynaqları milli fars dövləti qurmağa yönəlmişdi və Səttar Xan bu bilgilərdən xəbərsiz idi. Çünki yazıb oxuması və analiz imkanı yox idi. Səttar Xan özü strateji və hədəf müəyyən etməyən bir savaşçı idi. Nəticə etibarı ilə Təbriz Mərkəzli Məşrutə Hərəkatının içindən faşist ari irqçisi Pəhləvi rejimi doğdu. Belə ki, hətta məktəbdə türk dilində danışanları cəzalandırırdılar. Bir daha məlum oldu ki, biz fiziki güc sahəsində deyil, tarixdə fikrən məğlub olmuşuq. Səttar Xan kimi qəhrəmanların önündə milli hədəf və öz kimliyinə xidmət edən dünyagörüşü mövcud deyildi. Tarix də ortaya qoyulan ideyaya görə şəkillənər, çünki qəhrəmanlar da o ideyanın yolunda savaşarlar. Səttar Xanın uğrunda savaşdığı ideyanın mətnləri farsca idi və fars kimliyinə xidmət edirdi. Səttar Xan fikir yaradan rəhbər deyildi, yaradılan ideyaların yolunda savaşan cəsarətli və qorxmaz kişi idi”.

Teleqaf.com araşdırmaçının fikirlərin mübahisəli oldğunu nəzərə alaraq digər tarixçilərin məsələyə münasibətini təqdim edir.

Kərəm Məmmədov, tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti.

“Əslində, heç kəs ideal deyil. Baxır Səttar Xana hansı mövqedən yanaşılır. Güntay Gəncalpın bir çox fikirləri ilə razılaşmasam da, Səttar Xanla bağlı bu dediklərinin bir qismi doğrudur. Sadəcə, bu adamın çatışmayan cəhəti ondadır ki, zaman və məkan, imkan və gerçəklik kimi fəlsəfi kateqoriyalardan uzaq olub, 100 il bundan əvvəl baş vermiş hadisəni bu günkü meyarla ölçür. Səttar Xan münəccim deyildi ki, 20 ildən sonra murdar Pəhləvi rejiminin hakimiyyətə gələcəyini görəydi. O öz dövründə mütləq monarxiyaya qarşı mübarizə aparmışdı. Və konstitusiyalı monarxiya quruluşunu istəyirdi. O, siyasətçi də deyildi. Haradan biləydi ki, İngiltərə səfirliyinin mehtəri, sonra isə rusların yaratdıqları kazak dəstəsinin üzvü olan gilək mənşəli Rza türk Qacar sülaləsini devirib, Pəhləvi rejimini quracaq. Bu baxımdan Səttar Xanı italyan Cüzeppe Haribaldi ilə müqayisə etmək olardı. Təbii ki Səttar Xan müstəqil Azərbaycan dövləti qurmaq haqqında düşünmürdü. Bu hərəkatda milli azadlıq meyli ilə sosial siyasi meylləri çulğaşmışdı. Ancaq mənim üçün Səttar xan həmişə demokratiya uğrunda mübarizə aparan, müstəbidliyə qarşı savaşan bir şəxs olaraq yadda qalacaq.

Səttarxan - o böyük Sərdar-e milli,
O atəş ürəkli,o atəş dilli,
Etdi azadlığı ellərə bəlli,
Gəl onun yolundan dönmə, Təbrizim,
Dalğalan, alovlan, sönmə Təbrizim!”

Dilavər Əzimli, Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı

“Güntay kimi adamlar özləri farslara xidmət edir. Bunların məqsədi tarixi şəxsiyyətləri gözdən salmaqdır. Bu da farsçılığın bariz nümunəsidir. Bu insana demək lazımdır ki. Avropa tarixində də belə inqilabçılar olub. İnqilabçıdan bu günün səviyyəsində politoloqluq gözləmək absurddur. Ona demək lazımdır ki, bu cür iddialar irəli sürürsənsə, niyə qaçıb aradan çıxmısan? Qalıb mübarizə aparıb, xalqı maarifləndir. Bu şəxs fars-ingilis-mason süfrəsindən qidalanır. Sadəcə olaraq ona demək istəyirəm ki, dünyanın ən məşhur tarixçiləri Səttər Xan haqqında mübət fikirlər söyləyirsə, sən kimsən və sənə kim bu haqqı verib ki. Azərbaycan xalqının qəhrəmanlarına ləkə yaxasan? Güntay kimilər bizim zəifliyimizdən istifadə edir. Ermənilərin içindən biri belə olsaydı, çoxdan qulaqburması alardı. Rahat oturub və onun-bunun süfrəsindən qidalanır. Bir də bu şəxsdə Türk qanı görmürəm. Çünki Türk olsaydı, millətin tarixini ləkələməklə məşğul olmazdı. Ona demək lazımdır ki, qaya həmişə dağa baxıb köks ötürər. Sən Səttər Xan böyüklüyünə ziyan gətirə bilməzsən. Səttar Xan XX əsr dünya tarixinə düşmüş şəxsdir. Bir də Pəhləviləri sənin sığındığın ingilis və masonlar gətirib. Onları bizə məhz sənin Avropan sırıyıb. Darıxma, az qalıb. Dünya xəritəsi yenidən cızılır. Əminəm ki, Vətən qəhrəmanlarını söyən bir şəxsin bizim aramızda yeri olmayacaqdır”.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər