2 May 2015 20:58
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövnəq Abdullayev: "Yaxın 1 il ərzində Bakı bütövlükdə CNG stansiyalarla əhatə olunacaq"

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Norveçin "Statoil" konsernin Cənubi Qafqaz Kəmərinin kommersiya operatorluğunu təhvil verməsi ilə bağlı tədbir keçirilib. SOCAR prezidenti Rövnəq Abdullayev bu addımı tarixi hadisə adlandırıb, beynəlxalq konsorsium üzvlərinin inam və yüksək etimadının növbəti təzahürü kimi dəyərləndirib.

O qeyd edib ki, tərəfdaşlar beynəlxalq neft şirkəti olaraq SOCAR-ın regional və qlobal layihələrdə oynadığı rolu yüksək qiymətləndirir, ona artıq beynəlxalq şirkətlərdən biri kimi münasibət göstərirlər: "Bu, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin və xarici şirkətlərin SOCAR-da görülən işləri yüksək qiymətləndirməsi deməkdir. Bu gün "Statoil" bu işləri SOCAR-a təhvil verir. "Statoil"dan kommersiya sahəsində böyük təcrübə öyrənmişik. SOCAR kommersiya operatoru kimi bunun öhdəsindən gələcək".

SOCAR prezidenti uzunmüddətli əməkdaşlıq üçün Norveç şirkətinə təşəkkür edib. O bildirib ki, "Statoil" Azərbaycanda növbəti layihələrdə fəaliyyətini davam etdirəcək.

"Statoil"in Bakı ofisinin rəhbəri Tonqi Kosmao bildirib ki, təmsil etdiyi şirkətin SOCAR-la işləməsi onlara böyük zövq verib: "Bizim konsorsiumun bütün üzvləri əmindirlər ki, SOCAR bu işlərin öhdəsindən gələcək".

Tonqi Kosmao bildirib ki, bu illər ərzində "Statoil"un məqsədi bütün konsorsium üzvləri olan şirkətlərlə sıx əməkdaşlıq etmək olub: "Biz "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun işləməsi layihəsində fəaliyyətimizi davam etdirəcəyik".

Sonda Cənubi Qafqaz Kəmərinin kommersiya operatorluğunun "Staotil"dan SOCAR-a təhvil verilməsi ilə bağlı müqavilə imzalanıb.

Qeyd edək ki, Norveçin "Statoil" şirkəti Cənubi Qafqaz Kəmərindəki payı Malayziyanın "Petronas" şirkətinə satıb. Müqaviləyə əsasən, payını satdıqda şirkət tərəfindən kommersiya operatorluğu SOCAR-a verilməlidir.

"Statoil" payını "Petronas"a satdığı üçün operatorluq SOCAR-a keçir. Bununla da, SOCAR böyük layihənin operatorluğunu əldə edib və dünya bazarında operator işləri aparmaq imkanı qazanıb. Şirkət Cənubi Qafqaz Kəmərinin kommersiya operatoru, TANAP-ın da operatoru olur. Bu isə gələcəkdə daha böyük həcmdə Azərbaycan qazını Avropaya nəql etməyə imkan verəcək.

Tədbirdən sonra Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandıraraq bəzi məsələlərə aydınlıq gətirib.

Çoxmərtəbəli evlərin qazlaşdırılması məsələsinə toxunan SOCAR prezidenti deyib ki, bu sahədə neqativ hallarla rastlaşan şəxslər SOCAR-a müraciət edə bilərlər: "Azərbaycanda tikilən çoxmərtəbəli binalar Qəbul Komissiyasından müvafiq aktı alandan sonra 1 həftə ərzində qazlaşdırılır. Bu sahədə neqativ hallarla rastlaşan şəxslər quruma müraciət edə bilər. Bizdə çox şəffaf sistem qurulub. Əgər belə bir fakt varsa, müraciət edin, tədbir görək. Amma həmin komissiyadan aktı olmayan binaya biz zəmanət vermirik".

Rövnəq Abdullayev SOCAR-ın Türkiyədəki "Total" yanacaqdoldurma məntəqələrini alması məsələsinə də münasibət bildirib. O, bu barədə məlumatı mətbuatdan oxuduğunu deyib: "Məsələyə baxılacaq. Amma bu məsələdə bizim hələ marağımız yoxdur. Bizə birinci növbədə Türkiyədə inşası həyata keçirilən zavod maraqlıdır. Orada yanacağın topdansatışını həyata keçirəcəyik."

Rövnəq Abdullayev deyib ki, şirkət Türkiyənin pərakəndə satış bazarını öyrənir: "Əsası marjanın öyrənilməsidir. Yaxşı satış olsaydı, "Total" bu bazardan çıxmazdı".

SOCAR prezidenti İranın TANAP layhihəsinə qoşulması məsələsinə də toxunub. İran tərəfinin layihənin pay sahiblərinə müraciət etmədiyini deyən Rövnəq Abdullayev TANAP-a perspektivli layihə kimi baxdıqlarını vurğulayıb: "TANAP genişləndirilə biləcək böyük bir boru xəttidir. Onun vasitəsilə nəinki Azərbaycanın, hətta İranın, Türkmənistanın, İraqın da qazını nəql etmək imkanı var".

SOCAR prezidenti əlavə edib ki, TANAP regionun ən böyük arteriyası olaraq qalacaq.
Masazır qəsəbəsindəki yaşayış evlərinin altında baş verən qaz sızmasına münasibət bildirən Rövnəq Abdullayev deyib ki, evlərin altından sızan şist qazıdır: "Həmin ərazidə "Azəriqaz" İstehsalat Birliyinin qaz kəməri keçmir. Həmin ərazidə yerin altından sızan şist qazıdır və bu, təbii prosesdir. Orada palçıq vulkanları var. Bundan "Atəşgah" məbədində də var. Abşeronda çox yerdə analoji qaz sızmaları var".

O bildirib ki, SOCAR hər zaman mədən ərazilərində yaşayış evlərinin tikilməsinə qarşı mübarizə aparıb, çünki bu, insanların həyatı üçün təhlükəlidir.

Azərbaycanda inşa olunan ilk sıxılmış təbii qazdoldurma (CNG) stansiyasının bu yaxınlarda istifadəyə veriləcəyini deyən Rövnəq Abdullayevin sözlərinə görə, ilk CNG stansiyası "BakuBus" MMC-yə məxsus avtobus parkının yaxınlığında inşa edilir.

SOCAR prezidenti deyib ki, yaxın 1 il ərzində Bakı bütövlükdə CNG stansiyalarla əhatə olunacaq: "Bundan sonra hər 180 kilometrdən bir bütün yollarda CNG stansiyalar inşa olunacaq. SOCAR gələcəkdə bazarın 30-35 faizini təbii qaza keçirmək niyyətindədir. Bu həm ekoloji, həm də qiymət baxımından sərfəlidir".

Rövnəq Abdullayev bildirib ki, sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar təbii qazla işləyəcək.


Müəllif:

Oxşar xəbərlər