Mayın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotoguşə nümayiş etdirilib.
Mərasimdə ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açılmış, dahi öndərin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətlər vurğulanıb.
Konfransda məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırdı ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir, ulu öndərimizin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı – 1993-cü ilin 15 iyun günü “Azərbaycan xalqının Milli Qurtuluş günü” kimi hər il təntənə ilə qeyd edilir. Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. Heydər Əliyev görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilib.
Xüsusi qeyd edildi ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olub.
Xalqımız 20 Yanvar faciəsini yaşayarkən ümummilli liderimiz çoxlarının cürət etmədiyi qətiyyət göstərib Moskvada Sovetlər Birliyi rəhbərliyini ifşa etdi, imperiya siyasəti əleyhinə çıxdı, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi.
Məhz belə bir mürəkkəb vəziyyətdə, 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejim əvəzinə demokratik-hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Bildirildi ki, müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı.
Demokratik-hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə hakimiyyətlər bölgüsünə əsaslanan mükəmməl hüquq sistemi yaradıldı.
Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Baş prokuror xüsusi vurğuladı ki, respublikada həyata keçirilən quruculuq fəaliyyəti sahəsində bütün məsələlərə önəm verən Heydər Əliyev Azərbaycan Prokurorluğunun inkişafında da müstəsna rolu olmaqla prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə xüsusi qayğı ilə yanaşmışdır.
Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi prokurorluq işçilərinin fəaliyyətinin yüksək dəyərləndirilməsinin təzahürü olmuşdur.
Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə prokurorluğun fəaliyyətində əvvəllər mövcud olmuş nöqsanların aradan qaldırılmasına yönəlmiş göstərişlərin yerinə yetirilməsi ilə əlaqədar aparılmış hərtərəfli islahatlar nəticəsində bu gün Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq beynəlxalq standartlara cavab verən, müasir tələblər səviyyəsində fəaliyyət göstərən mühüm dövlət təsisatına çevrilmişdir.
Azərbaycan Prokurorluğu dövlət səviyyəsində qayğı ilə əhatə olunmaqla, bu gün fəaliyyətinin hərtərəfli müasirləşməsi və təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İxtisaslaşdırılmış qurum kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin strukturunun təkmilləşdirilməsi və işçilərinin sayı artırılmaqla onların maddi təminatının yaxşılaşdırılması, bu quruma ilk dəfə olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi və digər əhəmiyyətli təşkilati tədbirlər prokurorluq orqanlarının fəaliyyətinin daha çevik qurulmasına zəmin yaratmışdır.
Azərbaycan Respublikası Prokurorluğunun müasir tələblər səviyyəsində təkmilləşdirilməsi istiqamətində görülən işlər sırasında Dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu mühüm sənədin icrası üzrə prokurorluq orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən çoxsaylı və vacib əhəmiyyətli tədbirlər görülməklə müasirləşməyə nail olunmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, prokurorluğun strukturunun təkmilləşdirilməsi, normativ-hüquqi bazanın yeniləşdirilməsi və yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi ilə yanaşı, ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər siyasətinin prokurorluq orqanlarında tətbiqinin real nəticəsi olaraq 2002-ci ildən etibarən işə qəbulla əlaqədar keçirilən müsabiqələr nəticəsində prokurorluğun kadr korpusunun 54 faizinin gənclər hesabına komplektləşdirilməsi kimi böyük uğur əldə edilib.
Qeyd edildi ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dahi rəhbərimizin milli inkişaf təliminin məntiqi davamı olaraq Azərbaycandakı bütün proseslərin uğurla həyata keçirilməsinə, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma, əhalinin sosial rifahının daha da yüksəldilməsinə hesablanıb.
Azərbaycan dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bu gün paytaxt Bakı və respublikamızın digər şəhərləri mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.
Bildirildi ki, Heydər Əliyev idarəçiliyi məktəbinin bütün incəliklərini dərindən bilən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ötən illər ərzində möhtəşəm fəaliyyəti, onun rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması, insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi - bütün bunlar Azərbaycan dövlətinin bugünkü reallığı olmaqla ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir.
Əksər dünya ölkələrinin maliyyə böhranı vəziyyətinə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmiş, ölkənin dinamik inkişafı yüksək templərlə davam etmişdir ki, bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində qeyd olunduğu kimi, Azərbaycanın iqtisadi modelinin unikallığını və ölkənin seçdiyi inkişaf yolunun nə qədər düzgün olduğunu bir daha təsdiq edib.
Azərbaycan bu gün dünya birliyinin etibarlı və dəyərli üzvü olmaqla ölkənin beynəlxalq mövqeyi güclənmiş, qlobal layihələrin həyata keçirilməsində əsas tərəfdaşlardan biri kimi çıxış edən respublikamız beynəlxalq iqtisadi-siyasi arenada aparıcı qüvvələrdən birinə, dünya miqyasında yüksək imicə malik olan dövlətə çevrilib.
Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Avropanın tarixində ilk dəfə baş tutacaq möhtəşəm idman tədbiri olan “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizə həvalə edilmişdir. Belə bir beynəlxalq idman tədbirinin keçirilməsi üçün Azərbaycan Respublikasının seçilməsi onun öz inkişaf və sabitlik göstəricilərinə görə qitə ölkələri içərisində əlverişli yerlərdən birini tutmasından irəli gəlir. Bu da ölkəyə olan etibar və inamın təsdiqidir. Hərtərəfli düşünülmüş və uzaqgörən dövlət siyasətinin həyata keçirilməsi nəticəsində qazanılmış bu böyük etimad ölkənin davamlı və ardıcıl inkişafına, beynəlxalq standartlara cavab verən infrastruktura malik olmasına və stabilliyin mövcudluğu şəraitində hərtərəfli təhlükəsizliyin təmin olunmasına əsaslanır.
Çıxışının sonunda Baş prokuror Azərbaycan Prokurorluğunun kollektivi adından Prezident cənab İlham Əliyevi əmin etmişdir ki, xalqımızın ümummilli liderinin etimad və qayğısı sayəsində demokratik məzmunda yenidən formalaşmış milli prokurorluq orqanları bundan sonra da dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması işində həmişə ön sıralarda olacaqdır.
Sonda ulu öndərin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Liderlik missiyası” sənədli filmi nümayiş etdirilmişdir.
Hacı Zeynalov