Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tibbi-sosial reabilitasiya xidməti üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfər edib.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində həyata keçirilən səfərdə məqsəd əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiyası xidmətinin təkmilləşdirilməsi sahəsində Almaniya ilə təcrübə mübadiləsinin aparılmasıdır. Mayın 23-də başa catacaq səfər çərçivəsində Almaniyanın aidiyyəti dövlət qurumunun məsul şəxsləri ilə görüşlər keçiriləcək, əlilliyi olan şəxslərlə bağlı hüquqi-normativ baza, bərpa-müalicə və reabilitasiya sisteminin təşkili, tibbi modellə yanaşı sosial modelə əsaslanan reabilitasiya tədbirləri və s. mövzularda məlumat mübadiləsi aparılacaq.
Nümayəndə heyəti eyni zamanda Almaniyada əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olan müəssisələrlə, onların iş təcrübəsi ilə yaxından tanış olacaq.
“Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsində Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi sahəsində Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığın həyata keçirilməsi və təcrübə mübadilələrinin aparılması əksini tapıb.
Naibə QURBANOVA