Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133 ünvanında yerləşən və əhaliyə ictimai iaşə xidməti göstərən fiziki şəxs Mahir Tağıyevə məxsus "Perfetto" restoranında dövlət nəzarəti həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, araşdırma zamanı restorandan “kartof” salatı və “kiyevsayağı” kotletdən seçilmiş nümunələrin laboratoriyada sınaqları aparılıb. Sınaq nəticəsində məhsulların tərkibinin ümumi mikroorqanizmlərin sayına görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub.
Bundan başqa müəssisədə hazırlanan şorbaların soyuducuda saxlanılaraq sifariş zamanı donu açılaraq qızdırıldığı və təkrarən soyuducuda saxlanıldığı, mal qonşuluğuna riayət edilmədiyi, müxtəlif ərzaq məhsullarının (ağ pendir, hisə verilmiş saçaqlı pendir, göbələk, zeytun və s.) düzgün saxlanılmadığı, mənşəyi və saxlanma müddəti məlum olmayan məhsullar (alça turşusu, pomidor turşusu, xiyar turşusu) müəyyən edilib.
Həmçinin istifadə olunan məhsulların uyğunluq sertifikatları, yeməklərin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq nəzarətindən keçməsi barədə müvafiq sənədlər, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlər mövcud olmayıb.
Restoranın mətbəxində sanitar norma və qaydalara riayət olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə istifadə edilən tərəvəzlərin, ət və ət məhsullarının emal olunduğu lövhədən, qazandan, aşbazların əllərindən yaxmalar götürülüb, laboratoriya sınaqları aparılıb. Nəticədə aşbazın əllərində “S.aureus” bakteriyası aşkar edilib.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati protokol tərtib edilərək müəssisə cərimələnib.
İLHAMƏ