Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikasının baş nazirinin müavini Abid Şərifova açıq məktub yollayıb. Teleqraf.com xəbər verir ki, məktubda məmurun jurnalistin sorğusuna cavab verməyə borclu olduğu xatırlanıb.
"Azərbaycanın XX əsrdə əldə etdiyi ən böyük sərvət müstəqillikdir. İstər ötən əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələrinin bərpası, istərsə də əsrin sonlarına doğru müstəqilliyi yenidən yaşamaq sevinci bir toplum olaraq bizlər qarşısında yeni üfiqlər açdı. Yolumuzda inamla addımladıq. Müstəqilliyimizi möhkəmləndirdik. Əlbəttə, müstəqillik illərimiz heç də rəvan keçmədi. İlk başlanğıcdaca parçalanmaq, bölünmək təhlükəsilə üz-üzə qaldıq. Görünür, qismətimizdə öz dövlətinə malik xalq olmaq var imiş.
Xöşbəxtlikdən taleyimizdə Heydər Əliyev idarəçilik məktəbinin müstəqil Azərbaycan təntənəsinə canlı şahidlik də varmış. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu tarixi şəxsiyyətin fərdi keyfiyyətlərindən irəli gələn dəst-xətt olmaqla yanaşı, kollektiv idarəçiliyə əsaslanmış işlək mexanizmin qurulması ilə xarakterikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səriştə və bacarıq ilə idarə etdiyi mövcud mexanizmdə ayrı-ayrı dövlət məmurlarının bir növ, tamamlayıcı funksiya daşıyan əməyini fərqləndirmək mütləqdir. Azərbaycan Respublikasının baş nazirinin müavini kimi Siz də əməyi xüsusi fərqləndirilməyə və qiymətləndirilməyə layiq olan məmurlardan birisiniz.
Ə.Amaşov qeyd edib ki, Binəqədi rayonundakı 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar cəmiyyətin eşitmək istədiklərini ifadə etmək də ümumi işə fayda baxımından önəmlidir: "Yüksək çinli məmur ictimaiyyətin gözləntilərini duymaq həssaslığına malikdir və səsləndirdiyi fikirlərin də həmin gözləntilərə adekvatlığı şərtdir. Abid müəllim, kifayət qədər idarəçilik təcrübəniz var. 15 nəfərin həyatına son qoymuş yanğın ətrafındakı məsələyə münasibət bildirirdiniz. Münasibətinizin dolğunluğu ilə diqqət çəkməli, hələ də başlarına gələnlərin dəhşətini yaşayan insanlara təskinlik ovqatına söykənməli, vətəndaşa dövlətinə inamı aşılamalı olduğu qənaətindəyik. Hörmətli Abid müəllim, Mətbuat Şurası media ictimaiyyətinin tərkib hissəsidir. Biz mövcud məkanda baş verən proseslərdən xəbərdarıq. Bəli, jurnalistikamız kifayət qədər peşəkar deyil, ixtisaslaşma səviyyəsi zəifdir, digər problemlərimiz də var. Nəticədə bəzi jurnalistlərimizin barəsində söz açdıqları mövzudan xəbərsizliyinin üzə çıxdığı anlar da yaşanır. Ancaq elə hadisələr var ki, təcrübəli məmur jurnalistin ona ünvanladığı sualun qoyuluşundan, məzmun keyfiyyətindən, aydınlılıq dərəcəsindən asılı olmayaraq məsələnin mahiyyətinə varmalı, yalnız media əməkdaşının sualını deyil, bütövlükdə cəmiyyətə ünvanlanacaq cavabı sərf-nəzərdən keçirməlidir. Nəzərə almalıyıq ki, insanlarımızın yanğın olayı ilə əlaqədar sualları çoxdur və onlar mavi ekrandan ölkənin baş nazirinin müavinin fikirlərini dinləməyə ehtiyac duyurdular. Nə dərəcə razı qaldılar, təbiidir ki, cavabınıza münasibət heç də birmənalı ola bilməz".