29 May 2015 17:04
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb. Bu məqsədlə mayın 29-da komitədə maliyyə yardımı ayrılmış ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, toplantıda komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək. O qeyd edib ki, komitədə maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb: “Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. İcma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar”.

Dini maarifləndirmənin əhəmiyyətindən danışan komitə sədri milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb. M.Qurbanlı qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.

Maarifləndirmə sahəsində Azərbaycançılıq ideologiyasının təbliğinə xüsusi diqqət ayrılmasının vacibliyindən danışan DQİDK sədri qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycançılığı dövlət ideologiyasına çevirib: “Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hakimiyyəti dinə qayğı göstərir. Belə ki, dövlət tərəfindən yeni məscidlər tikilir, tarixi-dini abidələr əsaslı şəkildə bərpa olunur”.

M.Qurbanlı dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov toplantıda çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə dindarlar adından təşəkkürünü bildirib.

Yasamal rayonu, “Xanım Zəhra” məscidi dini icmasının sədri Ramiz Tahirov isə icmalara ayrılan maliyyə vəsaitinin dini maarifləndirmə işinə və gənclər arasında düzgün təbliğatın aparılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O qeyd edib ki, dindarlar dövlət başçısının bununla bağlı sərəncamını yüksək qiymətləndirir və bunu tarixi hadisə hesab edirlər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər