Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Daşkənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün bərpası və büstətrafı ərazinin abadlaşdırılması işi həyata keçirilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, habelə Özbəkistandakı soydaşlarımız Azərbaycanın Özbəkistandakı səfirliyinə məktubla müraciət edərək şəhərin mərkəzi hissəsində, Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında yerləşən Nizami Gəncəvinin büstünün, büstətrafı ərazinin təmirə ciddi ehtiyac yarandığını bildiriblər. Onlar Azərbaycan səfirliyindən bu sahədə aidiyyəti təşkilatların qarşısında məsələ qaldırılmasını və ərazidə abadlaşdırma işlərinin aparılmasını xahiş ediblər.
Məsələ ilə əlaqədar olaraq Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən xüsusi komissiya yaradılıb, əraziyə baxış keçirilib və Nizami Gəncəvinin büstünün bərpaya, büstətrafı ərazinin isə abadlaşdırılmaya ciddi ehtiyac olduğu təsdiqlənib.
2014-cü ilin oktyabr ayında Özbəkistanda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vəziyyət barədə məlumatlandırılıb və Mədəniyyət və Turizm Nazirliyi sözügedən işlərin həyata keçirilməsi üçün tələb olunan xərcləri öz üzərinə götürüb.
Layihə Azərbaycan səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilib, aparılan işlər nəticəsində Daşkənddəki Nizami Gəncəvinin büstü bərpa edilib, büst ətrafında yerləşən ərazi tamamilə abadlaşdırılıb, bərbad vəziyyətə düşmüş metlax və mərmər örtüyü yeniləri ilə əvəz olunub, ərazi ətrafının dizaynı yaxşılaşdırılıb.
Bundan başqa, səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin həyətində yerləşən ulu öndərin büstünün dizaynı yenidən işlənib, büstün arxasında misdən böyük Azərbaycan bayrağının maketi hazırlanaraq quraşdırılıb.