656 qeyri-hökumət təşkilatını birləşdirən Milli QHT Forumu BMT, ATƏT və Avropa Şurasına etiraz bəyanatı qəbul edib.
Teleqraf.com-un məlumatına görə, bəyanatda qeyd edilir ki, milyonlarla tamaşaçının ekran önündə və canlı olaraq izləyəcəyi, yeni adlar, yeni nəticələrlə yadda qalacaq, tarixdə ilk dəfə keçiriləcək möhtəşəm idman bayramı “Bakı-2015” – I Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır: “Şübhə yoxdur ki, Odlar Yurduna gələcək idmançılar, jurnalistlər və turistlər üçün mümkün olan hər cür şərait yaradılıb – 5-6 ilin işi 2 il müddətində gerçəkləşdirilib.
Yarışların yüksək səviyyədə təşkili artıq şübhə doğurmur. Gələnlər Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın qonaqpərvərliyi, ümumən milli-mənəvi dəyərlərimiz, qədimlik və çağdaşlığı, Şərq və Qərb harmoniyasını təcəssüm etdirən mədəniyyətimiz barədə dolğun bilgilər alacaq, Azərbaycan həqiqətlərinə özləri şahid olacaqlar.
Əlbəttə, tərkibinə görə qitə miqyaslı, yayımına görə dünya miqyaslı “Bakı-2015” Oyunları zamanı ərazilərimizin Ermənistan tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərimiz, xalqımıza qarşı törədilmiş soyqırım aktları və elan olunmamış müharibənin doğurduğu digər üzüntülər haqqında da dünya ictimaiyyətinə geniş məlumatlar çatdırmaq imkanları yaranacaqdır. Məhz bu kimi amillərə görə, möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır. Son aylar ölkəmizə qarşı başlanmış obyektivlikdən uzaq və qarayaxma xarakterli kompaniya daha da “sistem”-ləşir, intensivləşir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycanın bölgədə və dünyada barışın, təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, respublikamızın artan nüfuzunu zədələməyə uğursuz cəhd göstərirlər.
BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də “OpenDemocracy” portalında yayılmış ortaq məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribat cəhdi olub həmin məqsədə xidmət edir. Hansıki, BMT Baş Assambleyasının 69-cu sessiyasında (31 oktyabr 2014-cü il) qəbul edilmiş A/RES/69/6 saylı və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı Qətnamədə Avropa Oyunlarının daşıdığı önəm özəlliklə vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı təxribat xarakterli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyət kimi dəyərləndirilə bilər.
Çox təəssüflər olsun ki, insan haqlarının müdafiəsindən danışdıqları halda, bu şəxslər tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində adi insan hüquqlarından məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə belə cəsarət tapmırlar.
Görünür, Avropa Oyunlarının önəmini azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlərinə nail ola bilməyən anti-Azərbaycan şəbəkəsi bu dəfə özünün “ağır artilleriyası”-nı işə salmaq həvəsinə düşərək həmin “üçlüy”-ü sınamaq qərarına gəlmişlər. – Sanki idmançıların son məşqləri gedərkən siyasiləşmiş “hüquq müdafiəçi”-lərinin də son oyunlarını izləməkdəyik...
Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edənlər gərək unutmasınlar ki, biz Azərbaycanda I Avropa Oyunlarını təşkil etmişik, I Avropa Siyasi Oyunlarını deyil... Əgər siyasi meydan axtarırlarsa, maraqlı dairələrə xatırlatmaq istərdik ki, onu Avropa İttifaqı Şərq tərəfdaşlığı siyasətinə zidd olaraq bizim ölkədə axtarmasınlar”.
Azərbaycan Milli QHT Forumu hesab edir ki, Ermənistanın elan olunmamış (və bir sıra dövlətlər tərəfindən dəstək görən) müharibəsi nəticəsində hüququ pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüququ, Ermənistan tərəfindən girov götürülərək işgəncələrə məruz qalan, qanunsuz mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir kəlmə də danışmayan bəzi beynəlxalq “hüquq-müdafiəçiləri”nin bu cür məsuliyyətsiz çağırışlar etməyə mənəvi və hüquqi haqqı yoxdur: “Yaxşı olar ki, Azərbaycan Milli QHT Forumunun yarandığı gündən əməkdaşlıq etdiyi və bundan sonra da əməkdaşlığa açıq olduğu BMT, ATƏT və Avropa Şurası kimi qurumlar öz əməkdaşlarının çağırışlarına münasibət bildirsin.
Sıralarında 656 QHT-ni birləşdirən Milli QHT Forumu bir daha bəyan edir ki, Azərbaycan söz və mətbuat azadlığı, ümumən insan hüquqları, demokratiya sahəsində öz üzərinə könüllü götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyəti institutlarının inkişafı səviyyəsinə görə keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər. Respublikamızın yolu irəliyə, tərəqqi və inkişafa doğrudur və bizi bu yoldan heç nə, heç kim saxlaya bilməz”.
BƏXTİYAR