Əhməd Qəşəmoğlu: "On beş-iyirmi günə yaxşı əsər yazıb çatdırmaq çətindir"
Azərbaycan Təhsil Nazirliyi "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri" mövzusunda keçirilən müsabiqədə iştirak etmək istəyən müəlliflərə müraciət edib. Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdır.
Müəllifləri 5 min, 3 min və 1500 manat mükafat gözləyir
Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Toplular çap və diskə yazılmış elektron variantda (PDF formatda) iyun ayının sonuna kimi Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir.
Təqdim olunan əsərlərə ekspert qrupları tərəfindən baxılacaq və nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq. Müsabiqədə birinci yeri tutan toplu müəllifinə 5000 manat, ikinci yeri tutana 3000 manat, üçüncü yeri tutana 1500 manat mükafat veriləcək.
Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumtəhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək.
Rəy və mülahizələr [email protected] elektron poçtuna göndərilməlidir.
Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək yekunlaşdırılacaq. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.
Münsiflər heyətinin obyektivliyi önəmli məsələdir
Sosioloq və uşaq şeirlərinin müəllifi Əhməd Qəşəmoğlunun fikrincə, müsabiqəyə təyin edilən münsiflər heyətinin seçimində diqqətli olmaq önəmli məsələdir: "Bəzi hallarda müsabiqələrdə subyektiv amillər, tanışlıq faktoru rol oynayır. Ona görə də münsiflər heyəti üzvlərinin obyektivliyi, ədalətli seçim etməsi, təhlil bacarığı, uşaq psixologiyasının incəliklərinə bələdliyi, mənəvi zənginliyi önəmli məsələdir".
Əhməd Qəşəmoğlu müsabiqədə müəllifin indiyədək nəşr olunmuş əsərlərinin topluya daxil edilməməsi şərti ilə razılaşmır: "Məncə, bu, doğru yanaşma deyil. Çünki 15 gün ərzində yaxşı əsər yazmaq fiziki baxımdan mümkün deyil, o zaman maddi maraq üçün bu kampaniyaya qoşulma hallarına daha çox rast gəlinər. Ola bilər, müəllifin indiyədək nəşr olunmuş əsəri var ki, uşaqlara təqdim etmək üçün dəyərli vasitədir".
Sosioloq hesab edir ki, hazırda Azərbaycan uşaq ədəbiyyatında meyarların dəyişməsinə ehtiyac var: "Uşaq ədəbiyyatında köhnə standartlar hakimdir, halbuki meyarlar dəyişməlidir. Abdulla Şaiq, Abbas Səhhətin yaratdığı tülkü, dovşan obrazlarının təkraralanması hallarına çox rast gəlirik. Müasir dövrdə uşağın istəyi nədir və biz uşağa nə təqdim etməliyik ki, onun üçün faydalı olsun? Bu iki amil nəzərə alınmalıdır. Elə nümunələr təqdim etmək olar ki, uşaqların intellektinin inkişafına yardımçı olsun".
Folklor İnstitutunda hələ indiyədək işıq üzü görməyən nağıllar var
Sosioloq dedi ki, azyaşlılar üçün tək kampaniya xarakterli müsabiqələr deyil, mütəmadi işlərin görülməsinə ehtiyac var: "Bu müsabiqənin keçirilməsi çox yaxşı haldır və görəcəyimiz işin bir hissəsidir. Amma hazırda texnologiyalar uşaqların daha çox maraq dairəsindədir. Uşaqları bu yeniliklərdən təcrid etmək mümkün deyil, amma bütövlükdə uşağı o texnoloji vasitələrin alüdəçisinə çevirmək də doğru sayıla bilməz.
Bildiyimə görə, Folklor İnstitutunda hələ indiyədək işıq üzü görməyən, uşaqların maraq dairəsinə daxil olan folklor nümunələri var. Yaxşı olardı ki, o dəyərlərimizə toxunmadan, amma onlardan yararlanmaqla və müasirliyi sintez etməklə yeni nümunələr hazırlayıb, elektron formaya salıb uşaqlarımıza təqdim edək. Yəni mütəxəssislərin, alimlərin, aidiyyəti qurumların birgə işinin məhsulu kimi belə bir iş hasil etsək, bundan dövlət də qazanar, cəmiyyət də".
Azərbaycan Yazıçılar Birliyi (AYB) uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə də hesab edir ki, belə bir müsabiqənin keçirilməsi uçaq ədəbiyyatının inkişafına və uşaq yazıçılarının işinə stimul verən bir haldır: "Nəzərinizə çatdırım ki, Qafqaz Nəşriyyat Evi ilə Yazıçılar Birliyi də bu mövzuda bir müsabiqə elan etmişdi və nəticələr açıqlandı. Bundan başqa, 2014-cü ildə "Azərbaycan uşaq ədəbiyyatı" antologiyası çap olundu. Müəyyən işlər görülüb, amma nazirlik səviyyəsində bu tədbirin keçirilməsi fikrimcə, daha müsbət effekt verəcək".
Müsabiqə ilə bağlı Təhsil Nazirliyindən AYB-yə məktub daxil olduğunu bildirən Qəşəm Nəcəfzadə Yazıçılar Birliyinin yaradıcılıq üzrə katibi İlqar Fəhmi ilə birlikdə təkliflər hazırlayıb nazirliyə təqdim etdiklərini söylədi: "Məsələn, təkliflərdən biri o idi ki, müsabiqədə təsis edilən mükafatlara ad qoyulsun".
Tülkü, çaqqal, qarışqa haqqında şeir yazanda uşaq şeiri olur?
Uşaq ədəbiyyatının yaradıcılıq problemlərindən danışan şöbə müdiri dedi ki, hazırda uşaq şeiri ilə uşaqlar haqqında yazılan şeiri ayırd edə bilməyən şairlər var: "Bəzilərimiz elə bilir ki, tülkü, çaqqal, qarışqa haqqında yazanda bu, uşaq şeiri olur. Aya, ulduza, ölkələrə şeir yazanda bu, böyüklər üçündür.
Bununla belə, bu gün Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq səviyyəsində yazan uşaq yazarlarımız yetişməkdədir. Sadəcə, onlar yetərincə təbliğ olunmadıqları üçün tanınmırlar. Məsələn, Qəşəm İsabəyli "Anderson" və "Qızıl Kəlmə" mükafatlarına layiq görülüb. Sevinc Nuruqızı xarici ölkələrdə bir çox mükafatlar alıb. Gülzar nənə, Gülarə Munis, Rafiq Yunusoğlu, Ələmdar Quluzadə, Məmməd Namaz kimi müasir yazarlarımızın təbliğinə ehtiyac var" .
"Göyərçin" jurnalını məktəblərin kandarından buraxmırlar
Şair kiçik yaşlılar üçün yazılan ədəbiyyat nümunələrinin təbliğində də problemlərin olduğunu vurğuladı: "Uşaq bağçaları, orta məktəblər uşaq mətbu orqanlarının üzünə bağlıdır. Sovetlər dönəmində populyar olan, 300-200 min tirajla çap olunan "Göyərçin" jurnalı hazırda min tirajla çıxır, amma bu jurnalı orta məktəblərin kandarından içəri buraxmırlar.
Uşaq teatrlarının repertuarları çox zəifdir. Çünki o adamın əsərləri səhnəyə qoyulur ki, onlar teatra maliyyə yardımı edir.
Paytaxtımızda hər dildə dükan, mehmanxana, şadlıq saraylarının adlarına rast gəlirik. Şəhərimizdə ilk Avropa Oyunları keçirilir. Çox təəssüf ki, gələn turistlərin diqqətini çəkmək üçün nağıl qəhrəmanlarımızın adını daşıyan, misal üçün "Göyçək Fatma" adına şadlıq sarayımız, "Məlikmməməd" adını daşıyan mehmanxanamız yoxdur. Sanki milli duyğularımız getdikcə zəifləyir. Şəhərimizin sifəti də əlifbadır.
Uşaqlarımız bu əlifbaya baxıb nə öyrənəcək? Ona görə də, mən yalnız ona ümidliyəm ki, uşaq ədəbiyyatı dövlətin nəzarətinə, hamisinə keçərsə, o halda inkişaf xəttini tutacaq".
İş yerini dəyişmək istəyənlərin çoxu ibtidai sinif müəllimləridir
Azərbaycanda 3425 müəllim iş yerini dəyişdirməkdən ötrü keçirilən müsabiqədə iştirak etmək üçün Təhsil Nazirliyinə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, 10 gün davam etmiş elektron ərizə qəbulu dövründə 3216 nəfər (94 faiz) Azərbaycan bölməsi, 209 (6 faiz) nəfər rus bölməsi olmaqla, 3425 müəllim müsabiqəyə müraciət edib. Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti ibtidai sinif (22 faiz), Azərbaycan dili və ədəbiyyat (12 faiz),
Riyaziyyat (10 faiz), İngilis dili (10 faiz) və Tarix (9 faiz) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1303 nəfərin ərizəsi təsdiq olunub.
Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyən, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.
Elektron ərizəsi qəbul olunmuş namizədlər iyunun 16-da test imtahanında iştirak etməlidirlər. İmtahanda iştirak edərək yerdəyişmək hüququ qazanmış müəllimlər üçün iyunun 17-də müsahibələr təşkil ediləcək.
www.miq.edu.az saytına daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, test suallarının cavablandırılması üçün təlimat, test nümunələri və müsahibə proqramı ilə tanış olmaq mümkündür.
Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.
Sevil Hilalqızı