19 İyun 2015 21:37
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyun 19-da Daşkəsən şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Teleqraf.com xəbər verir ki, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak ediblər. Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Vətəndaşların bir qismi onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış alınması ilə bağlı müraciət ediblər.

Bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə də müraciətlər səslənib.

Komitə sədri vətəndaşlara bildirib ki, artıq mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında vahid idarəçilik prinsipi tətbiq edilir. Qeyd olunub ki, bu yeniliyin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.

Kərəm Həsənov bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə müvafiq quruma göndəriləcəyi bildirilib.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər