22 İyul 2015 18:16
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Qədirov: “Çox istərdim ki, mətbuatımız torpaqlarımızın düşməndən azad olunması xəbərini yaysın”

Milli Mətbuatın 140 illik yubileyi münasibətilə vətəndaş cəmiyyəti nümayəndələri jurnalistləri təbrik edib.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov “Gündəlik Teleqraf”ın timsalında Azərbaycan mediasına uğurlar arzulayıb. Bildirib ki, bu gün Azərbaycan cəmiyyətini mətbuatsız təsəvvür etmək mümkün deyil: “Prezident İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər, doğrudan da, mətbuatın nə dərəcədə əhəmiyyətli bir rola malik olduğunun göstəricisidir. XX əsrin sonu və XXI əsrin əvvəllərində müstəqil Azərbaycanın inkişafı prosesində mətbuatın bütün məsələlərə müsbət mənada müdaxiləsini, ölkədə və xaricdə baş verənlərin işıqlandırılması istiqamətindəki fəaliyyətini təqdir etmək lazımdır. XXI əsr informasiya əsridir və elektron informasiya vasitələrinin rolu danılmazdır. Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı və digər Azərbaycanın tale yüklü məsələlərində kütləvi informasiya vasitələrinin nə dərəcədə aktiv rol oynadığının şahidi oluruq. Çox istərdim ki, Azərbaycan mətbuatı işğal olunmuş torpaqlarımızın düşməndən azad olunması xəbərini yaysın. Eləcə də, milli mətbuatımızın Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında aparıcı rola malik olması vətəndaş cəmiyyətinin də inkişafına, beynəlxalq aləmə çıxışına bir təkan vermiş olar”.

V.Qədirov I Avropa Oyunlarında Azərbaycan mətbuatının göstərdiyi həmrəyliyi diqqətə çatdıraraq deyib ki, Oyunlar zamanı insanların maarifləndirilməsində media çox böyük rol oynadı: “O cümlədən bu idman yarışının möhtəşəmliyinin Avropaya, dünyaya çatdırmaq istiqamətində Azərbaycan jurnalistləri misilsiz fədakarlıq nümayiş etdirdilər. Azərbaycan müstəqil və demokratik bir dövlətdir və ölkəni mətbuatsız təsəvvür etmək mümkün deyil. Vətəndaş cəmiyyəti olaraq, bütün kütləvi informasiya vasitələrinə, onların fədakar əməkdaşlarına uğurlar arzu edirik.

Prezident İlham Əliyev tərəfindən Milli Mətbuatın yaranmasının 140 illik yubileyi ilə bağlı peşəkar jurnalistlərə, media rəhbərlərinə fəxri adlar verilib. Göründüyü kimi, dövlətimiz bu istiqamətdə öz köməyini, dəstəyini əsirgəməyib. Təsadüfi deyil ki, illər öncə ümummilli lider Heydər Əliyev, daha sonra onun layiqli davamçısı İlham Əliyev mətbuata göstərdiyi diqqət və qayğıya görə media tərəfindən “Mətbuatın dostu” adını almışlar. Ulu Öndər Heydər Əliyevin ideyalarının, bu gün aparılan məqsədyönlü siyasətin təbliğində də bizim medianın çox böyük rolu var. Vaxt gələcək ki, bu gün 140 illik yubileyini qeyd edən mətbuat min illiyini, böyük bir dövlət olaraq, heç bir problem yaşamadan, heç bir işğala məruz qalmadan bayram kimi qeyd edəcək”.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, Milli Mətbuatın 140 illiyi münasibətilə tədbirlərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq xüsusi sərəncamın verilməsi və eyni zamanda artıq qələmini yetərincə tanıtdırmış jurnalistlərin müxtəlif təltiflərlə qiymətləndirilməsi, həqiqətən də, dövlətin söz azadlığı və azad mətbuata verdiyi dəyər idi: “Məhz bu səbəbdən cəmiyyətimizdə bu gün azad fikir, söz, mətbuat formalaşa bilir. Mətbuat nümayəndələrinin bu kimi mükafatları alması eyni zamanda gənc jurnalistlər üçün çox yaxşı stimul göstəricisidir. Gənclərin ən yaxın dostu olan cənab Prezident eyni zamanda bu addımı ilə gənclərə də böyük stimul vermiş oldu. Düşünürəm ki, bu ölkədə mövcud vəziyyətin daha da şəffaflaşdırılmasına, azad mətbuatın inkişafına, doğru informasiya mənbələrinin inkişafına və eyni zamanda gənclərin bu sahədə olan həvəsinin artırılmasına təkan olacaq. Bütün dostlarımızı təbrik edir və səmimi təbriklərimi çatdırıram”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər