ADA Universitetində “Təmiz Şəhər” ASC-nin “0 tullantı” adlı yay məktəbi başlayıb. Biz də yay məktəbinin necə təşkil olunmasını və iştirakçılarla tanış olmaq üçün deyilən məkana yollandıq.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Babanın sözlərinə görə, artıq 5-ci ildir ki, “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi məktəb IDEA İctimai Birliyinin və ADA universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi ilə keçirilir: “Budəfəki məktəbin mövzusu ətraf mühitin qorunmasına, xüsusilə, böyük şəhərlərdə başlıca ekoloji təhdid hesab olunan tullantıların idarə edilməsinə həsr olunub. Dörd gün davam edəcək məktəbdə müsabiqə yolu ilə seçilmiş 40 nəfər gəncə şəhər həyatının vacib elementlərindən olan tullantıların idarə edilməsi sahəsi dərindən öyrədiləcək. Təlim iştirakçıları tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, sənaye çirkləndirilməsi, ekoloji layihələrin idarə olunması və digər mövzulara həsr olunmuş mühazirələr dinləyəcək, maraqlı müzakirələrdə iştirak edəcək, eyni zamanda, bu sahənin mütəxəssisləri ilə canlı ünsiyyətdə olacaq və intellektual oyunlara qoşulacaqlar. Bununla yanaşı, gənclər təkrar emal müəssisələrinə səfərlər edərək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər”.
Vüqar Baba qeyd edib ki, “0 tullantı” adlı yay məktəbində gənclər həmçinin təlimlərin gedişatında əldə etdikləri bilikləri təcrübədən keçirəcək və müvafiq kiçik layihələr hazırlamaqla, ətraf mühitə öz töhfələrini verəcəklər.
“Enerjiyə qənaət prinsiplərini həyata keçiririk”
Təlimçi Həcər Hüseynova deyir ki, ətraf mühit və enerji mərkəzində ətraf mühitlə dost olan enerji mənbələri haqqında araşdırmalar aparır: “ADA Universiteti olaraq biz ətraf mühiti qorumaq və enerjiyə qənaət etmək ideyasını həmişə üstün tuturuq. Bir neçə enerji layihələrimiz var ki, burada yaşıl enerjidən istifadə edilir. Daha sonra hərəkət vasitəsi ilə enerjiyə qənaət edirik. ”Təmiz Şəhər"in hər il təşkil etdiyi yay məktəbini ona görə dəstəkləyirik ki, bu ideya bizim universitetin ideyalarını dəstəkləyir.
Universitetdə bərpa olunan geotermol hintpunklar vasitəsi ilə saatda 1390 kvt enerjiyə qənaət edilir. Yəni, biz özümüz enerji istehsal etmirik. Lakin bunun vasitəsi ilə enerjiyə qənaət edirik. Özümüz kampus tikmişik və davamlı olaraq yaşıllaşdırma tədbirləri həyata keçiririk. Digər qurumlarla əməkdaşlığımız nəticəsində 5 il ərzində 100 min ağac əkməyi qarşımıza məqsəd qoymuşuq. Bununla yanaşı öz universitetimiz daxilində enerjiyə qənaət prinsiplərini həyata keçiririk. Artıq layihə çərçivəsində universitetimizdə kağız tullantılar üçün xüsusi qablar quraşdırılıb. Bütün bunlarla bağlı tələbələrə müntəzəm olaraq məlumatlar verilir".
Həcər Hüseynova bildirib ki, təlimlərin keçirilməsində əsas məqsəd insanları maarifləndirmək, həmçinin onların bu sahəyə marağını artırmaqdır: “Ətraf mühit mövzusu elədir ki, burada hər birimiz öz töhfəmizi təbiətə verə bilərik. Məsələn, hansısa yazını çap edərkən onu bir yox, ikitərəfli çap etmək artıq bizim təbiəti düşünməyimizdən irəli gəlir. Əsas mövzu sıfır tullantıdır. Təlimlərdə tullantıların effektiv idarə olunması, onları daha yaxşı necə effektiv idarə edə bilərik və bunun müxtəlif tərəflərinə toxunulur. İlk çıxış istehsalçıların artırılmış, genişləndirilmiş, məsuliyyət konsepsiyasından oldu. Bu konsepsiyanın əsasında hər hansısa qurum istehsal etdiyi artıq məhsulların gələcək taleyinin məsuliyyətini öz üzərinə götürür. Məsələn, hər hansısa içki istehsal edən firma sonradan bu içki qutularının gələcək taleyinin necə olacağını düşünür. Əgər onlar zibilliyə tullanacaqsa, bunun üçün artıq əvvəlcədən vergi ödənilir. Əgər vergi ödənilmirsə, bu qutular yenidən istifadəyə verilir. Mənim bu təlimdə mövzum sırf karbon ideyası ilə bağlıdır. Buna görə də Azərbaycanda bərpa olunan enerji haqqında araşdırmalar aparmışam. Yəni, əslində, sıfır tullantıdan danışırıqsa, bizim istehlak etdiyimiz karbon qazı da tullantının bir növüdür”.
“Artıq Balaxanı zibillik məkanı olaraq xatırlanmır”
Bakı Dövlət Universitetinin Genetika və təkamül nəzəriyyəsi ixtisası üzrə tələbəsi olan Fidan Ağayarova deyir ki, təmiz şəhərin təşkil etdiyi təlimlərdə dəfələrlə iştirak edib: “Keçən il Şəkidə təşkil olunan yay məktəbində çeşidləmə ilə bağlı təlimdə iştirak etdim. Ümumiyyətlə, belə təlimlər vaxtaşırı olaraq xüsusi saytlarda yerləşdirilir və bu tədbiri də oradan görmüşəm. Bir gənc kimi Azərbaycanın flora və faunasının çox möhtəşəm bir zolaqda yerləşdiyini düşünürəm. Azərbaycanda bioloji müxtəlifliklər çoxdur. Amma ekoloji vəziyyət bir o qədər də ürəkaçan deyil. Çünki bir çox göllər var ki, orada artıq çirklənmə gedir. Çirkab suları müntəzəm olaraq dənizə axıdılır ki, bu isə orada yaşayan canlıları da təhlükə altına atır. Rayon bölgələrində isə istiliyi odundan aldıqlarına görə meşələrə böyük ziyan vurulur. Dağlarda, təpələrdə, torpaq sürüşmələri qeydə alınır. Bu da iqtisadiyyata birbaşa təsir edir. Amma getdikcə bu sahəyə insanların marağının artdığını düşünürəm. Bu da bir çox QHT-lərin yaranması, eyni zamanda, belə maarifləndirici təlimlərin sayının artması ilə bağlıdır. Təmiz şəhər özü də bu sahədə xeyli işlər görür. Balaxanıdakı zibillərin əksəriyyəti təmizlənib. Odur ki, artıq Balaxanı zibillik məkanı olaraq xatırlanmır”.
“Məndə orada işləməyə maraq da yarandı”
Azərbaycanın Milli Elmlər Akademiyasının geologiya və geofizika institutunun geoekologiya şöbəsində mühəndis işləyən İlqar Quliyev deyir ki, bu təlimdə “Təmiz şəhər” açıq tipli səhmdar cəmiyyətinin tələbələrə və gənclərə böyük qayğı və diqqətini hiss edir: “Ekoloji cəhətdən nə qədər maariflənsək də, əyani və praktiki məlumat əldə etmək daha üstündür. Belə təlimlərin keçirilməsi ekoloji marağı, təbiətə sevgini artırır. Sıfır tullantı ideyası ilə yaşadığımız ərazini hər hansısa məsuliyyətli dövlət orqanı yox, özümüz də qoruya bilərik. Bu iki gündə xeyli bilik əldə etdik. Mənim üçün ən maraqlı olan isə zavoda ekskursiyamız oldu. Həqiqətən Bakı Bərk Məişət Tullantıları Yandırılma zavoduna ekskursiyamız çox maraqlı keçdi. Praktiki cəhətdən orada baş verən prosesi canlı gördük və yaxından tanış olduq. Hətta məndə orada işləməyə maraq da yarandı. Yay məktəbində xoşuma gələn ən yaxşı cəhət sistemləşdirilmiş şəkildə təlimlərin keçirilməsidir. Öz işlərini bilən kadrlar bu işə cəlb olunub. Məlumatlar dolayı yolla yox, birbaşa çatdırılır. Bəzən elə məlumatlar verirlər ki, həmin prosesi görməsən belə, bununla bağlı artıq əyani olaraq fikir yaranır. İnsan özünü orada həmin işin icraçısı kimi hiss edir. Azərbaycan dövlətinin ekologiyaya böyük qayğısı var. Hətta Abşeronda çirklənmiş göllərin təmizlənməsi dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Hansı ki, digər ölkələrdə belə göllər yoxdur və dövlətlər xüsusi maliyyə vasitəsi ilə süni yolla bu gölləri yaradır. Düşünürəm ki, gənclərin bu sahədə biliklərinin artırılması üçün tez-tez təlimlər keçirilməlidir”.
İlhamə Əbülfət