Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonu ərazisində tədqiqatlar aparır.
Teleqraf.com Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov bildirib ki, rayonun Zəylik kəndi ərazisində arxeoloji qazıntılar zamanı beş qutu qəbirdə və bir kurqanda tədqiqat işləri aparılıb. Daş qutu qəbirləri iri qaya parçalarından istifadə edilməklə hazırlanıb. Qəbirlərin kameraları eyniyyət təşkil etməklə yalnız istiqamət və ölçülərinə görə bir-birindən fərqlənir. Onlardan ən kiçiyinin uzunluğu 1,8 metr, eni 1 metr, ən böyüyünün uzunluğu 3,5, eni isə 2,6 metrdir. Kameralarda bir insan dəfn edilib. Tədqiq edilən qəbirlərdən xeyli miqdarda son tunc-ilk dəmir dövrünə aid saxsı qab nümunələri, metaldan asma bəzəklər, nizə ucluğu, xəncər qalıqları, qolbaqlar, əqiq muncuqlar və s. bəzək əşyaları aşkarlanıb.
Arxeoloji ekspedisiyanın çöl tədqiqatları zamanı Azərbaycan ərazisində indiyədək öyrənilməyən, kurqanaltı, iri qaya parçalarından hazırlanmış sərdabələr tədqiqata cəlb edilib. Bu abidələrin 15-20 kvadratmetr sahəsi olan kameraları, öncə qayalıq ərazi çapılaraq qazılıb, daha sonra isə dörd tərəfi və üzəri iri sal qayalardan istifadə olunmaqla inşa edilib. Kamera divarlarının inşasında səkkiz ədəd iri sal qayadan istifadə olunub. Qalınlığı 50-60 sm, eni və uzunluğu 2,5 metr olan sal qayaların ağırlığı bir tondan artıqdır. Kurqan kamerasının uzunluğu beş metr, eni 2,5 metr, hündürlüyü 2,5 metrdir.
Kurqanda dəfn prosesi başa çatdıqdan sonra qayadan hazırlanmış kameranın üzəri kiçik qaya parçaları ilə bir daha örtülüb. Daha sonra kameranın üzərinə torpaq qatı əlavə edilib. Kurqan örtüyünün hündürlüyü 5 metr, diametri 32 metrdir.
Kurqandan aşkar edilən maddi mədəniyyət nümunələrinin analoji oxşarları ilə qarşılıqlı müqayisəsinə əsasən onu bizim eradan əvvəl X-IX əsrlərə aid etmək olar. Aparılan tədqiqatlar zamanı əldə edilən elmi nəticələr Azərbaycanın qədim dövr tarixinin öyrənilməsində, insanların dini-dünyəvi görüşlərinin və dəfn adətlərinin tədqiqində mühüm əhəmiyyət daşıyır.